Məhkəmə qərarları › İş №2(103)-10434/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10434/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10434/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhər Nizami rayon Məhkəməsinin 19 avqust 2021-ci tarixli, 2(007)-694/2021 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat əsas borc, bankın uçot dərəcəsi miqdarında faizin, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun, 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-694/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 5000,00 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla ümumilikdə 5030,00 (beş min otuz) manat məbləğində vəsait tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 avqust 2021-ci tarixli, 2(007)-694/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-694/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəbdən buraxıldığına görə bərpa edilməsi, apellyasiya şikayətinin qəbul edilərək mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 avqust 2021-ci tarixli, 2(007)- 694/2021 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci tarixli, 2(007)-694/2021 saylı qətnaməsinin surətini cavabdeh 07 aprel 2021-ci il tarixində rəsmi qaydada almışdır. Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə məhkəməyə 29 iyun 2021-ci il tarixində verilmişdir. İddiaçı tərəfindən ərizə verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddət üzürlü səbəbdən ötürülməmişdir. Buna görə də, həmin qərardad ləğv edilməlidir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 avqust 2021-ci tarixli, 2(007)-694/2021 saylı qərardadı ləğv edilməli, mülki iş materialları müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli, 2(007)-694/2021 nömrəli qətnaməsi 07 aprel 2021-ci il tarixində Cavabdeh tərəfindən imza edilməklə sifarişli poçt qəbzi ilə alınmışdır. Bundan sonra Cavabdeh 03.06.2021-ci ildə ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, qətnamənin surətinin ona verilməsini xahiş etmiş, 24.06.2021-ci il tarixdə qətnamənin surəti qəbzlə ona təqdim olunmuşdur. Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi barədə ərizə 29 iyun 2021-ci il tarixdə, qətnamədən apellyasiya şikayəti isə 16 avqust 2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2 maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3 maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5 maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, MPM-nin 135.2, 135.3-cü maddələrinə əsasən məhkəmə qətnaməsi rabitə orqanı ilə verildikdə, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərardadında cavabdeh tərəfindən qətnamənin 07 aprel 2021-ci il tarixdə alındığını, bundan sonra qətnamənin 24.06.2021-ci il tarixdə ona yenidən təqdim olunmasını, qiyabi qətnamənin ləğvi barədə ərizənin 29.06.2021-ci il tarixdə, apellyasiya şikayətinin 16 avqust 2021-ci il verildiyini qeyd etsə də, özünün yanlışlığın aradan qaldırılması barədə 16.08.2021-ci il tarixli qərardadına istinad etməklə müddəti bərpa etməklə, müddətin ötürülməsinin üzürlü səbəblərinin nədən ibarət olmasını əsaslandırmamışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hallara birinci instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmaqla qiymət verilməlidir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə qərardad qəbul edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 avqust 2021-ci tarixli, 2(007)- 694/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları müddətin bərpası barədə cavabdehin ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar