Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1044/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:Pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ‘‘pul tələbinə dair‘ mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(011)-6061/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşdur. Nikahları Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfində 1833 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladı dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1053/2021 saylı, xx.xx.2021-cİ il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə nikahda olduğu dövr ərzində, yəni xx.xx.2019-cu il tarixində "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən, ona illik 17% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit ayrılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı – "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən ona ayrılmış 7000 manat məbləğində pulun ½ hissəsinin, yəni 3500 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən onun tərəfindən ödənilmiş 7000 manat məbləğində pulun ½ hissəsinin, yəni 3500 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikah münasibətləri pozulduqdan sonra o, "xxxx" ASC ilə aralarında bağlanmış 192İK/131219 saylı kredit müqaviləsinə əsasən ona ayrılmış krediti tam olaraq ödəmişdir. Hesab edir ki,onun tərəfindən ödənilmiş kredit məbləğinin ½ hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 noyabr 2022-ci il tarixli, 2(011)-6061/2022 saylı qətnaməsi ilə (X5) iddia tələbi təmin edilmiş, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan kredit məbləğinin əksər hissəsinin birgə nikah dövründə götürüldüyünü və ailənin ehtiyacları üçün xərcləndiyini, həmçinin kredit məbləğinin böyük bir hissəsinin birgə nikah dövründə ödənildiyini nəzərə almayaraq, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilmiş 7000 manat pul vəsaitinin yarısının, 3500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması barədə qətnamə çıxararaq cavabdehin hüquqlarını ciddi surətdə pozmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsi iş üzrə təqdim olunan bütün sübutları qiymətləndirməli olduğu halda, mülki iş materiallarında təqdim edilən Bank Logo kredit departamenti tərəfindən verilən ödəniş cədvəli məhkəmə tərəfindən nəzərə alınmamış, qeyd olunan borc məbləğinin hansı miqdarında cavabdehdən pul tutulmalı olduğu araşdırılmadan iş üzrə əsassız və qanunsuz olaraq Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin alınması barədə qətnamə çıxarılmış, bağlanılan kredit müqaviləsində göstərilən pul məbləğinin hansı hissədə öhdəliyin ödənilməmiş hissəsinin qalmasını müəyyən etmədən, Cavabdeh hüquqlarını pozmuşdur. Belə ki, həmin borcdan bir hissəsi, yəni 4167,17 manat məbləğində pul nikahlarının pozulmasından sonrakı dövrdə ödənilmişdir. Belə olan halda bu məbləğ nəzərə alına bilərdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 10.Məhkəmə iclasında iddiaçı qeyd etdi ki, 2020-ci ilin dekabr ayından yoldaşı ilə faktiki nikah münasibətləri pozulmuşdur. Nikah münasibətləri pozulandan sonra nə qədər kredit borcunun qaldığı yadında deyil. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbayvan Respublikasının Ailə Məcəlləsi
11. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
12. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
13. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
14. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
15. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
18. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ərarvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.
29. Məhkəmə araşdırılması zamanı işin mübahisələndirilməyən halı kimi (tərəflərin öz izahatları ilə) müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında faktiki nikah münasibətləri 2020-ci il dekabr ayından pozulmuş və bu tarix konkret olaraq tərəflərin razılığı ilə 01 dekabr 2020-ci ildən müəyyən edilmişdir.
30. İşin materiallarında olan “Naxçıvanbank Bakı Filialının” 20 fevral 2023-ci il tarixli məktubuna əsasən, qeyd edilən kredit müqaviləsi üzrə 01 dekabr 2020-ci il tarixindən 13 oktyabr 2021-ci ilədək 5,223.26 manat əsas borc, 669.44 manat faiz borcu,ümumilikdə 5,892.70 manat ödənilmişdir. 31.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnz bu tarixdən sonra kredit müqaviləsi üzrə öhdəliyin tam icrasınadək ödənilmiş məbləğin ½ hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Belə ki, işin araşdırlmış hallarından eyni zamanda qanuni qüvvədə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(011)-5986/2021 saylı qətnaməsi ilə müəyyən edildiyi kimi, həmin kredit müqaviləsi üzrə götürülmüş məbləğ tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobilin alınması üçün sərf edilmiş və sözügedən qətnamə ilə də həmin avtomobilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflərin ½ hissədə payları müyyən edilmişdir.
33. Belə olan halda həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliyin hansı hissəsi tərəflərin birgə vəsaiti hesabına ödənilməsi müəyyən edilməli və faktiki olaraq nikah münasibətlərinin pozulduğu, yəni birgə təsərrüfat aparmadıqları dövrdən sonra iddiaçı tərəfindən öhdəliklə bağlı ödənilmiş vəsaitin yarı hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi işin qeyd edilən halını araşdırmamış və cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir.
34. Hazırki halda isə öhdəlik üzrə yaranmış borcdan iddiaçının vəsaiti hesabına ödənilən hissənin 5,892.70 manat təşkil etməsi müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 5,892.70 manatın ½ hissəsi, yəni 2946.35 manat müəyyən edilməlidir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək 01 dekabr 2020-ci il tarixindən 13 oktyabr 2021-ci ilədək (öhdəliyin tam icrası tarixi) ödənilmiş 5,892.70 manat məbləğində pul vəsaitinin yarı hissəsi, yəni 2,946.35 manat məbləğində pul vasaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(011)- 6061/2022 saylı qətnaməsi dəyişdirilməklə Cavabdeh 2,946.35 manat məbləğində pul vasaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul olunduğu gündən qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.