Məhkəmə qərarları › İş №2(103)-10448/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10448/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10448/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-249/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26 avqust 2015-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 3296,21 ABŞ dolları məbləğində əsas kredit borcu, 1756,24 ABŞ dolları məbləğində faiz borcu və 1599,05 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6651,50 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0166 ha torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılması, 6651,50 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 06 iyun 2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 avqust 2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01 iyul 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3703,79 ABŞ dolları ödəmiş, onun 3296,21 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17 avqust 2020-ci il tarixə 1506 gün üçün hesablanmış faiz borcu 1756,24 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 17 avqust 2020-ci il tarixə 1506 gün üçün hesablanmış cərimə 1599,05 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 Bank ilə bağladığı 26 avqust 2015-cü il tarixli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0,0166 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li çıxarışdan görünür ki, həmin daşınmaz əmlaklar üzərində bankın ipoteka hüququ qeydə alınmışdır. İpoteka müqaviləsi bağlanarkən cavabdeh X4 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 11 avqust 2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş 16 avqust 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. İddiaçı QSC bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-249/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2462,56 ABŞ dolları məbləğində əsas borcun, 761,2 ABŞ dolları məbləğində faiz borcunun və 100 ABŞ dolları məbləğində cərimənin, cəmi 3323,76 ABŞ dolları məbləğində pulun ödəniş gününə qüvvədə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Elman Hüseynov küçəsi 1-ci dalanda yerləşən 4B saylı yaşayış evinə və 0,0166 ha torpaq sahəsinə yönəldilməsi və ilkin satış qiyməti 50000 manat (likvid) olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə o satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və borcun hissə-hissə ödənilməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin banka olan borcu düzgün müəyyən edilməmiş və ipoteka predmeti dəyərindən aşağı qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(004)- 201/2019 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında bağlanmış 06 iyun 2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi çərçivəsində Cavabdeh1 ilə "xxxx" QSC-nin Mərdəkan filialı arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən borcalana istehlak məqsədi ilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.875% olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında bağlanmış 18 noyabr 2015ci il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən, 21L000002400 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2015-ci il tarixdə bağlanmış 021R********** kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 18 noyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 06 iyun 2013-cü il tarixli 21S000005468 saylı zaminlik müqavilələrinə əsasən, onlar 06 iyun 2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları və s. razılaşmalar üzrə borclu Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. İş materiallarında olan İddiaçı QSC-nin Mərdəkan filialı ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 26 avqust 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 15000 ABŞ dolları (15699 manat) məbləğində qiymətləndirilmiş, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Elman Hüseynov küçəsində 0,0166 ha torpaq sahəsində yerləşən 94.31 kv.m ümumi, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı 4B nömrəli yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, həmin yaşayış evi və torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tumanın yönəldilməsinə dair bildirişin və xəbərdarlıqların surətindən görünür ki, İddiaçı QSC-nin Mərdəkan filialı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Elman Hüseynov küçəsi 1-ci dalanda yerləşən 4B saylı yaşayış evi və 0,0166 ha ölçüdə torpaq sahəsinə yönəldilməsi proseduruna başlanacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 16 avqust 2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı QSC-nin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Elman Hüseynov küçəsi 1-ci dalanda yerləşən 4B saylı yaşayış evi və 0,0166 ha ölçüdə torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişlərinin qeydə alınması xahiş edilmiş və bildirişlər DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində 16 avqust 2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “X5” MMC-nin 30 iyun 2021-ci il tarixli QR-06 M hesabatından görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Elman Hüseynov küçəsi 1-ci dalanda yerləşən 4B saylı evin bazar dəyəri 60000 manat, likvid dəyəri isə 50000 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 01 sentyabr 2017-ci il tarixinə 3296,21 ABŞ dolları əsas borcu, 761,2 ABŞ dolları faiz borcu və 273,86 ABŞ dolları cərimə borcu, cəmi 4331,27 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 17 iyun 2021-ci il tarixli 9/3307 saylı rəyindən görünür ki, 01 sentyabr 2017-ci il tarixinə Cavabdeh1 İddiaçı QSC-yə olan əsas kredit borcu 6757,95 ABŞ dolları, faiz borcu 2682,24 ABŞ dolları təşkil edir. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1 və 3.2-ci bəndlərinə əsasən 22 aprel 2019-cu il tarixdə ödənilən kompensasiya nəzərə alındığı təqdirdə Cavabdeh1 banka olan əsas borcu 2462,56 ABŞ dolları, faiz borcu isə 2682,24 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yenə həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit borcunun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə borcun məbləğini müəyyən etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyi və maliyyə arayışını nəzərə alaraq borcun məbləği barədə ədalətli nəticəyə gəlmişdir. İpoteka predmeti olan evin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, 26 avqust 2015-ci il tarixli ipoteka müqaviləsində evin ilkin satış qiyməti 15000 ABŞ dolları (15699 manat) müəyyən edilmiş, brinci instansiya məhkəməsində işə baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün iki dəfə qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC-nin 5 mart 2021ci il tarixli rəyinə əsasən evin likvid dəyərinin 26000 manat, “X5” MMC-nin 30 iyun 2021-ci il tarixli QR-06 M hesabatına əsasən isə, ipoteka predmeti olan evin bazar dəyəri 60000 manat, likvid dəyəri isə 50000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan evin ilkin satış qiymətini 50000 manat müəyyən etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 evin qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, qətnamənin hissə-hissə icra olunması barədə məsələ qətnamənin icrası mərhələsində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(003)-249/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar