Məhkəmə qərarları › İş №2(103)-1045/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1045/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1045/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)- 5463/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 oktyabr 2014-cü ildə anadan olmuş X1 və X2 doğuşu zamanı çəkilmiş xəstəxana məsrəfləri kimi tərəfindən ödənilmiş 1180 manat, həmin tarixdən 11 may 2020-ci il tarixədək tərəfindən ödənilmiş məktəbəqədər uşaq bağçası, gündəlik yemək və geyim xərclərinin əvəzi qismində 17950,40 manat, cavabdehin başqa şəxsdən hamilə qalaraq əkiz övladlar doğması nəticəsində onun şərəf və ləyaqətinə vurduğu mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh onunla rəsmi nikahda ola-ola 10 oktyabr 2014-cü il tarixdə başqa şəxsdən əkiz uşaq doğmuş, iddiaçı həmin uşaqların doğuşu ilə əlaqədar xəstəxanaya 1180 manat pul ödəmiş, habelə uşaqları özününkü bilib 10 oktyabr 2014-cü il tarixdən 11 may 2020-ci il tarixədək onların məktəbəqədər uşaq bağçası, gündəlik yemək və geyim xərcləri kimi 17950,40 manat məbləğində xərc çəkmişdir. Cavabdehin iddiaçı ilə nikahda olduğu halda başqa şəxsdən hamilə qalaraq əkiz uşaq doğması iddiaçıya mənəvi zərər vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)- 5463/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əkiz uşaqların doğulması ilə bağlı iddiaçı tərəfindən edilən ödənişin təsdiqi kimi təqdim etdiyi xəstəxana qəbzinə məhkəmə qiymət verməmiş və xəstəxanadan çıxarkən işsiz olan cavabdehin həmin ödənişi hansı vəsait hesabına əldə edə biləcəyinə münasibət bildirməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi uşaqların məktəbəqədər uşaq bağçası, gündəlik yemək və geyim xərcləri kimi 17950,40 manat məbləğində pulun tutulması hissəsində iddianı rədd edərkən nəzərə almamışdır ki, bu xərclərin çəkilməsini sübut etmək faktiki olaraq mümkünsüzdür. Bundan əlavə, məhkəmə cavabdehin başqa şəxsdən hamilə qalıb uşaq doğması nəticəsində iddiaçının aldığı psixoloji sarsıntının dərəcəsini düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)-5463/2021 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan sübutlardan görünür ki, tərəflər 12 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə 22 yanvar 2012-ci il təvəllüdlü Uğur, 10 oktyabr 2014-cü il təvəllüdlü Nuray və Gülay adlı uşaqlar doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, İddiaçı 10 oktyabr 2014-cü il təvəllüdlü Nuray və Gülay adlı uşaqların atası olmaması müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunmuş kassa mədaxil qəbzindən görünür ki, 10 oktyabr 2014-cü il tarixdə Cavabdeh tərəfindən X5 xəstəxanasına 1180 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, əkiz uşaqlar doğularkən iddiaçı tərəfindən 1180 manat məbləğində xəstəxana xərci ödənilməsi, habelə 10 oktyabr 2014-cü il tarixdən 11 may 2020-ci il tarixədək uşaqların məktəbəqədər uşaq bağçası, gündəlik yemək və geyim xərcləri kimi 17950,40 manat məbləğində xərc çəkməsi barədə iddiaçı tərəfindən məhkəməyə tutarlı sübutlar təqdim edilməmişdir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi öz övladları zənn edərək böyütdüyü uşaqların onun nəslinin davamçıları olmamasını bilməsi və bu səbəbdən ailə münasibətlərinin dağılmasının iddiaçının psixoloji sarsıntı keçirməsinə səbəb olması barədə düzgün nəticəyə gəlsə də, təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin miqdarını adekvat və ədalətli hesab etməyən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mənəvi zərərin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, Cavabdeh mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin cavabdeh tərəfindən mübahisələndirilə bilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)- 5463/2021 saylı qətnaməsi dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar