Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1045/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4130/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 10.000 manat məbləğində faizsiz pul borc vermişdir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Borc verən həmin məbləği xx.xx.2021-ci il tarixdə notariusun bankda açılan depozit hesabına mədaxil etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat məbləğində borc pul verilmişdir. Həmin borcdan cavabdeh heç bir məbləğ qaytarmamışdır.
5. Cavabdeh iddiaya etiraz verərək iddiaçının onun oğluna xx.xx.2021-ci il tarixdə sələmə pul verdiyini, lakin oğlu ödəyə bilmədiyi üçün notariat vasitəsi ilə iddiaçı yanında olmaqla bu məbləğin onun adına keçirildiyini, o da razılıq ərizəsinə qol çəkdiyini bildirmişdir.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4130/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 9.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə görə tərəflər öz üzərilərinə öhdəliklər götürmüşlər. Məhkəmə cavabdehin ümumi borc məbləğindən 1.000 manat ödəniş etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 740.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq borc müqaviləsi iddiaçı ilə cavabdehin oğlu arasında şifahi şəkildə bağlanılmış və bu şifahi müqavilənin pərdələnməsi məqsədilə hazırki iş üzrə cavabdehlə formal qaydada yalan əqd bağlanılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia ərizəsinə etiraz olaraq verilmiş ərizədə yuxarıda göstərilən hallar qeyd olunsa da, məhkəmə tərəfindən qəti surətdə nəzərə alınmamışdır. Belə ki, hazırki iş üzrə cavabdehin oğlu X3 ilə iddiaçı arasında şifahi qaydada borc müqaviləsi bağlanılmış və X3 borcunu gecikdirməsi səbəbindən iddiaçı X2 borcun təminatı üçün notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. Həmin borc müqaviləsi X3 ilə deyil, onun anası – cavabdehlə bağlanılmışdır. Bununla da əqdin etibarlı olmasının vacib şərtlərindən hesab edilən əqdin subyektlər tərkibinə dair və şəxslərin azad iradə ifadəsi şərtləri kobud surətdə pozulmuşdur. Faktiki olaraq borc müqaviləsi üzrə öhdəliklər X3 ilə iddiaçı arasında mövcud olduğu təqdirdə birinci əqdin pərdələnməsi məqsədi ilə hazırki iş üzrə cavabdeh ilə formal olaraq notarial qaydada borc müqaviləsi bağlanılmışdır. İddiaçı iddia tələbində 10.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini barədə qərar qəbul edilməsini xahiş etmiş və daha sonra 1.000 manat məbləğində pulun ödənilməsini etiraf etmişdir. “Whatsapp” yazışmalarına əsasən iddiaçı borcu cavabdehdən deyil, onun oğlundan dəfələrlə tələb etmiş və son olaraq ödənilmiş həmin 1.000 manat pul məbləğinin X3 tərəfindən ödənildiyi “Whatsapp” yazışmaları ilə təsdiq edilir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadan qanunsuz və əsassız qərar qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh notariat orqanında pulu qəbul etmiş, lakin oradan çıxanda pulu qaytarmışdır.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
21. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia qismən təmin olunsa belə, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat məbləğində borc pul vermişdir.
31. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddianı qismən qəbul etdiyini, oğlunun ondan iddiaçıdan pul götürməyini istədiyini, 10.000 manatdan 1.000 manat məbləğində ödəniş etdiyini bildirmişdir.
32. Göründüyü kimi, cavabdeh iddiaçıdan 10.000 manat məbləğində borcu notariusun bankda açılan depozit hesabı vasitəsilə qəbul etmiş, həmin məbləğdən 1.000 manat ödəniş etmiş, bu isə tərəflərin kredit müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
34. Cavabdeh onun oğlu ilə iddiaçı arasında 10.000 manat məbləğində borc münasibətlərinin olduğunu, hazırki kredit müqaviləsinin həmin müqaviləni pərdələmək məqsədi ilə bağlandığını iddia etsə də, həmin müqavilənin (borc münasibətlərinin) mövcudluğu ilə bağlı hər hansı tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsiz oluğu təqdirdə belə, cavabdeh həmin əqd üzrə 1.000 manat ödəniş etməklə onu təsdiq etmişdir. Belə olan halda, mülki qanunvericiliyin yuxarıda istinad olunan 351.2-ci maddəsinə əsasən həmin əqd yenidən bağlanılmış əqd kimi qiymətləndirilir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4130/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli
Akif İsgəndərov
Vahid Sadıqov