Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10468/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(001)-5263/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X4 (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi ziyandan qalan 1294 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 10.09.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində “Hyundai Accent minik” markalı, **- UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə cavabdehə məxsus olan 1 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 6294 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən 11.09.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və 11.09.2020-ci il tarixli, TP ******* saylı «İnzibati tənbeh vermə haqqında» qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs cavabdeh tanınmışdır. Onun tərəfindən idarə edilən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış, bu səbəbdən sığorta şirkəti tərəfindən Bakı müəssisəsinin bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh qalan məbləğin ödənilməsi üçün dəfələrlə müəssisəyə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(001)- 5263/2021 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, maddi ziyanla bağlı tələbin kifayət qədər əsaslandırılmaması, ziyanın şişirdilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə işıq dirəyi aşaraq, zədələnmişdir. Lakin, hesab edir ki, zərər məbləği şişirdilmişdir. Buna baxmayaraq, məhkəməyə ziyanla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işdə olan 18 iyul 2013-cü il tarixli qaimə fakturanın surətindən də göründüyü kimi, təzə halda “Palermo” tipli işıq dirəyinin bir vahidinin dəyəri 6895 manat təşkil etmişdir. Lakin keçən müddət ərzində işıq dirəyinin amortizasiyası nəzərə alınaraq ziyanı 6294 manat müəyyən olunmuşdur. Cavabdehin təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyi yararsız hala düşmüşdür. Cavabdeh ziyan məbləğini mübahisələndirsə də, əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, tərəflərindən müvafiq sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən (inzibati xəta haqqında protokol, qərar və s.) Cavabdeh “Hyundai Accent” minik markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 10.09.2020-ci il tarixdə, saat 20:30-da manevr etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə, həm də iddiaçıya məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyinə ziyan dəymişdir. Həmçinin, işdə olan Binəqədi rayonu, S.Məmmədova küçəsində “Hyundai” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, 1 ədəd “Palermo” tipli işıq dirəyinin qiyməti 6294 manatdır. Eyni zamanda, işdə olan 18 iyul 2013-cü il tarixli qaimə fakturanın surətindən görünür ki, “Palermo” tipli işıq dirəyinin bir vahidinin dəyəri 6895 manat təşkil etmişdir. İşdə olan 05.01.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, sözügedən yolnəqliyyat hadisəsinə görə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" EŞM-in hesabına 5000 manat ödəniş edilmişdir. İddiaçı dəymiş zərərlə bağlı ödənilmiş 5000 manat icbari sığorta ödənişini nəzərə alaraq, cavabdehə qarşı dəymiş zərərə görə qalan 1294 manat məbləğində pul tələbi irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edərək,onu qəbul etməmiş, zərərin məbləğinin şişirdilməsini, ödənilmiş 5000 manat icbari sığorta ödənişinin zərəri tam qarşılamasını bildirmiş, lakin bunun əksini təsdiq edən hər hansı sübutu (zərərin daha az olması və s.) təqdim etməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, məhkəmə kollegiyası ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin təqsirli olaraq törətdiyi delikt (yol-nəqliyyat hadisəsi) nəticəsində zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh isə etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, qeyd edilməlidir ki, iddianın qiymətinin 1294 manat olması nəzərə alınmaqla qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(001)-5263/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e- 2(001)-5263/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10468/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10468/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver