Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1047/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5266/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 6.123,46 manat əsas borc, 292.57 manat faiz, 221 manat cərimə, cəmi 6.637,03 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən BOKT MMC-yə 6300 manat məbləğində kredit borcunun restrukturizasiya olunması üçün 48 ay müddətinə, illik 10 faiz ödəmək şərti ilə 6.300 manat məbləğində kredit verilmişdir. Borclunun 01 iyun 2021-ci il tarixinə kredit müqaviləsi üzrə cəmi 6.637,03 manat borcu yaranmışdır.
3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5266/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.123,46 (altı min yüz iyirmi üç manat qırx altı qəpik) manat əsas, 292.57 (iki yüz doxsan iki manat əlli yeddi qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 6.466,03 (altı min dörd yüz altmış altı manat üç qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova).
4. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, müəyyən edilmiş məbləğin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. İddiaçı "xxxx" MMC cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 6.123,46 manat əsas borc, 292.57 manat faiz, 221 manat cərimə, cəmi 6.637.03 manat dövlət rüsumu olaraq ödənmiş 30 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının irəli sürdüyü bütün tələblər, cərimə borcunun məbləği istisna olmaqla təmin edilmişdir. Cərimə borcu 221 manatdan 50 (əlli) manata endirilmişdir. Məhkəmə Qətnaməsində qeyd edildiyi kimi cavabdehlərlə iddiaçı təşkilat arasında müqavilə 17 sentyabr 2020-ci il tarixdən deyil, 2017-ci il tarixdə bağlanmaqla 5000 (beş min) manat kredit götürülmüşdür. Müqavilə bağlandığı vaxtdan başlayaraq ödənişlər cavabdeh tərəfindən həyata keçirilməyə başlanmışdır. Həmin vaxtlar Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərin restrukturizasiya olunması ilə əlaqədar Fərmanı qəbul olunmuşdur. Bu alınmış kreditin də həmin Fərmanın təsir dairəsinə düşməsi barədə iddiaçı tərəfindən təmsil etdiyi MMC-yə şifahi qaydada dəfələrlə müraciət edilsə də cavabdehlərə bir cavab verilməmişdir. Məhkəmənin gedişi barədə məlumatları olmadığı üçün məhkəmədə iştirak edə bilməmişlər. Lakin bunlara baxmayaraq məhkəmə işin mahiyyəti üzrə araşdırılması üçün heç bir təşəbbüs göstərməmişdir. İddiaçı tərəfindən təqdim olunan iddia ərizəsi əsasında hərəkət edərək nə sorğu vermiş, restrukturizasiya düşüb-düşməməsi barədə məlumat əldə etməmiş, kredit müqaviləsinin hansı tarixdə bağlanmasını dəqiqləşdirməmiş və Bankdan kredit borcunun ödənilib-ödənilməməsi barədə məlumat əldə etməmişdir. Bununla da tam olmayan və cavabdehləri qane etməyən Qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən qeyd edilən və məhkəmə tərəfindən araşdırılmayan halların mövcudluğu ona gətirib çıxarmışdır ki, MMC cavabdehin hesabına böyük məbləğdə borc təsdiq etdirməklə bir qədər də əsassız olaraq varlanmaq istəmişdir. Azərbaycan Respublikası MM-in 425-1-ci maddəsində qeyd edilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və ya yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, habelə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə Apellyasiya şikayətində qeyd edilən çox vacib halları araşdırmadan başdansovdu qərar qəbul etməklə məhkəmə araşdırmasına xas olan prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə sorğu verərək cavabdehin MMC-yə pul ödəyib ödəməməyi barədə çıxarış almalı idi. Cavabdehlə iddiaçı təşkilat arasında müqavilənin hansı tarixdən bağlanmasını dəqiqləşdirməli idi. Bundan əlavə bu məbləğin restrukturizasiyaya düşüb-düşməməsi barədə dəqiqləşmə aparmalı idi. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 "xxxx" MMC ilə 17 sentyabr 2020-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 10 faiz olmaqla 48 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 6.300 manat məbləğində kredit götürmüşdür. 17 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımaları barədə kreditor qarşısında öhdəlik götürmüşdür. Cavabdehlərə borcla bağlı xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə:
10. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri sayır:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Məhkəmə kollegiyası sadalanan hüquq normalarına və işin hallarına əsasən qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
17. Kollegiya digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. İş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdeh isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
20. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləğini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
22. Kollegiya iddianın cərimənin ödənilməsi barədə hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
24. Kollegiya Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsasən yuxarıda qeyd edilən müqavilə üzrə hesablanmış 221 manat cərimənin 50 manat məbləğində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məqsədəmüvafiq sayır.
25. Beləliklə, kollegiya yuxarıda sadalananlara əsasən hesab edir ki, cavabdehlərdən müştərək qaydada 6.123,46 manat əsas, 292.57 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 6.466,03 manat pul vəsaiti iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. Cavabdeh apellyasiya şikayətində borcun dəqiqləşdirilməsi üçün mühasibatlıq ekspertizasının keçirilməməsini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, işin hallarında əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı hər hansı şübhə olmadığından və xüsusi biliyə ehtiyac olmadığından kollegiya məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə zərurət görmür.
27. Bundan başqa, cavabdeh apellyasiya şikayətində borcun azaldılmasını xahiş etsə də, buna səbəb olan halların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
28. Sadalanan xüsustalara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdiirlmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5266/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev