Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10471/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi, eyni zamanda vəkili X2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin 2(005)-3344/2021 saylı iş üzrə qəbul etdiyi 13 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17R000007487 saylı kredit razılaşması üzrə 5396.49 ABŞ Dolları məbləğində kredit borcu, 1596.20 ABŞ Dolları məbləğində faiz borcu və 539.64 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7532 (yeddi min beş yüz otuz iki) ABŞ Dolları 33 (otuz üç)sent məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 19.08.2014-cü il tarixdə bağladığı 17L000004463 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. O, İddiaçı QSC ilə bağladığı 19.08.2014-cü il tarixli İ7R000007487 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.03.2015-ci il tarixli 17R000007487S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.11.2015-ci il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 4603.51 ABŞ Dolları ödəniş etmiş və onun 5396.49 ABŞ Dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onıın tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün 02.12.2016-cı il tarixə 379 gün üçün hesablanmış faiz borcu 1596.20 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir 20 gün üçün hesablanmış cərimə 539.64 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndino əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Kreditor qarşısında ö/, üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin 2(005)-3344/2021 saylı iş üzrə qəbul etdiyi 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5396,49 ABŞ dolları məbləğində əsas kredit borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5496,49 (beş min dörd yüz doxsan altı dollar, qırx doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə kredit müqaviləsi həm bağlanma, həm də tələb olunan əsas məbləğə və digər əsaslara görə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsiri altına düşsə də fərmanın müddəaları tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh2 iştirakı təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum olmuşdur. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırki iddia tələbi ilk dəfə müvafiq fərmanın təsiri altına düşməsi səbəbindən baxılmamış saxlanılmışdır, lakin lazımi sənədləri vaxtında ala bilmədikləri üçün hazırki iddia ilə məhkəməyə gec müraciət edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı və digər Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 17L000004463 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında 19.08.2014-cü il tarixli, 17L000004463 nömrəli kredit xətti müqaviləsi üzrə 17R000007487 №-li kredit razılaşmasında görünür ki, Bank məbləği 10.000 (on min) ABŞ dolları olan krediti (bundan sonra «Kredit» adlandırılacaq) aylıq faiz dərəcəsi 2,1667 (iki tam on mində bir min altı yüz altmış yeddi)% olmaqla 18 (on səkkiz) ay müddətinə Kredit Alana verir. Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə gösterilmiş ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit Alana kredit aşağıda gösterilmiş məqsəd üçün verilir və Kredit Alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 17L000007645 nömrəli zaminlik müqavilələrinin məzmunlarından görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2017-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 19.08.2014-cü il tarixli, 17R000007487 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 02.12.2016-cı il tarixə 5396,49 ABŞ dolları məbləğində əsas kredit borcu, 1596,2 ABŞ dolları məbləğində faiz borcu və 539,64 ABŞ dolları manat məbləğində cərimə olmaqla, cəmi 7532,33 (yeddi min beş yüz otuz iki dollar, otuz üç sent) ABŞ Dolları məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanlanmış 30.09.2016-cı il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 17R000007487 nömrəli nömrəli kredit razılaşması üzrə hesablanmış borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanlanmış 30.09.2016-cı il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 19.08.2014-cü il tarixli, 17R000007487 nömrəli nömrəli kredit razılaşması üzrə hesablanmış borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 10.06.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 19.08.2014-cü il tarixli, 17R000007487 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 02.12.2016-cı il tarixə 5396,49 ABŞ dolları məbləğində əsas kredit borcu, 0 ABŞ dolları məbləğində faiz borcu və 154,44 ABŞ dolları manat məbləğində cərimə olmaqla, cəmi 5550,93 (beş min beş yüz əlli dollar, doxsan üç sent) ABŞ Dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə qismən təmin etməklə hesab etmişdir ki, kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 onun risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mübahisələndirilən hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdən məlumdur ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, borclu Cavabdeh1 ilə yanaşı, Cavabdeh2 “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü zaminlik öhdəliyinə əsasən Cavabdeh1la birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.3-cü maddələrinin mənasına görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin Kollegiya, hesab edir ki, iddiaçının hazırki halda öhdəliyin icrasının Cavabdeh2 tələb edilməsi barədə iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan “Zaminlik müqaviləsindən” görünür ki, müqavilədə zaminliyin müddəti göstərilməmiş, müqavilənin 6-cı bəndində göstərilmişdir ki, “bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir” Kollegiya hesab edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi; illər, aylar, həftələr, günlər və ya saatlar; hökmən baş verməli olan hadisə. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 19.08.2014-cü il tarixli “Zaminlik müqaviləsində” 1-ci və 2-ci formadan istifadə olunmamışdır. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti isə 3-cü formaya - hökmən baş verməli olan hadisəyə aid edilməsi barədə mövqe yanlışdır. Çünki hökmən baş verməli olan hadisə deyiləndə, elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyildir. Beləliklə, “Zaminlik müqaviləsində” zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmə müddəti 19.02.2016-cı il tarixdə başa çatmışdır ki, hazırkı iddia ilə 19.02.2017-ci il tarixə qədər müraciət edilməli idi, lakin bu tarixdən 4 ildən çox keçdikdən sonra 14.06.2021-ci il tarixdə irəli sürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf hazırki iddianın vaxtında verilməməsi səbəbi kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(103)-1615/2019 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə iddia tələbinin Cavabdeh2 münasibətdə baxılmamış saxlanıldıqdan sonra iş üzrə sənədlərin gec verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası isə həmin dəlilləri əsassız hesab edir, belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(103)- 1615/2019 saylı qərardadı ilə hazırki iş üzrə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə iddia tələbi Cavabdeh2 münasibətdə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həll qaydası fərmanla müəyyən edildiyindən və hazırki işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı isə hazırki tələblə 14.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa Cavabdeh2 məhkəmə kollegiyasının iclasında zaminlik müqaviləsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi zaminliyə xitam verildiyindən zamin Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşımır. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayəti əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməli, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin 2(005)-3344/2021 saylı iş üzrə qəbul etdiyi 13 iyul 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10471/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10471/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver