Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1048/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “borcun alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1711/2011 nömrəli 02 may 2011-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010cu il tarixli müqaviləyə əsasən, MMC Cavabdeh nağd qaydada (077)315-55-51 nömrəsini satmış və mobil (sellular) rabitə xidmətinin göstərilməsinə dair razılıq əldə olunmuşdur.
2. Zənglərin izahlı qaiməsinə əsasən yekun hesablama 14339,96 manat, dövrü xidmətlər 27 manat, birdəfəlik xidmətlər 23,07 manat olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən MMC-nin xeyrinə 14362 manat məbləğində əsas, 4308 manat dəbbə pulu, 3134 manat nümayəndəyə çəkilən xərc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 21824 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli abunə müqaviləsinə əsasən cavabdehə (077)315-55-51 saylı nömrə ilə mobil (sellular) rabitə xidmətini göstərməyi, cavabdeh isə həmin xidmətlərin və danışıqların əvəzini, habelə aylıq haqqı ödəməyi öhdəsinə götürmüşdür. MMC-nin cavabdehə göstərdiyi mobil rabitə xidmətlərinə əsasən cavabdehin (077)315-55-51 saylı nömrəyə əsasən 14362 manat məbləğində borcu yaranmış, lakin həmin borc məbləği cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 may 2011-ci il tarixli 2(001)-17110/2011 nömrəli qətnaməsi ilə (hakim Elmar Rəhimov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 14362 manat məbləğində əsas, 400 manat məbləğində dəbbə pulu, 15 manat dövlət rüsumu, cəmi 14777 manat məbləğində vəsaitin tutulub MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, hesablanmış borc məbləğinin 30% hissəsində yəni 4308 manat dəbbə pulu real şəraitdə əsas borca nisbətdə tənasübsüz surətdə yüksəkdir və 400 manat kimi müəyyən edilməklə, yaranmış borcun dəbbə pulu hissəsi azaldılmalıdır. Hüquqi xidmət müqaviləsinə əsasən iddiaçı hər məhkəmə icraatı üzrə nümayəndəyə tələbin 20% məbləğində xidmət haqqı ödəməsini və nümayəndəyə çəkilən 3134 manat məbləğində xərcin mövcud olmasını bir tərəf kimi sübut edə bilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 467, 472, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, onunla iddiaçı MMC arasında xx.xx.2010cu il tarixli müqavilə bağlanmamış, o, həmin müqaviləni imzalamamış, həmin müqaviləyə əsasən cavabdehə (077)315-55-51 saylı nömrə satılmamış və həmin nömrə heç vaxt onun istifadəsində olmamışdır. Belə olan halda həmin müqaviləyə əsasən cavabdehin üzərinə hər hansı bir öhdəliyin qoyulması qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada ona məlumat verməmişdir. O, həmin vaxt və indi ünvan 1 ünvanında qeydiyyatda olsa da, 2009-cu il tarixdən həmin ünvanda yaşamır, həmin ev özbaşına tikili olmaqla satılmış, 2009-cu ildən orada başqa şəxslər yaşayır. O, 2009-cu ildən ünvan 2 ünvanında yaşayır. Müqavilənin 1-ci və 2-ci səhifəsinin sonunda “abunəçi” qrafasındakı imzalar ona məxsus deyil, digər şəxs tərəfindən saxtalaşdırılmışdır. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
13. Məhkəmə iclasına dəvət edilmiş ekspert Əlipaşa Abdullayev göstərmişdir ki, tədqiq olunan imzalar 3 hissədən ibarətdir, “Ə” hərfi, hərf təşkil etməyən cizgilər və son xətdən ibarətdir. Cavabdehin 2010-cu ilə dair imza nümanəsi var, “A” hərfi ilə başlayır, təxminən 2020-ci ildəki imzaları var, həmçinin vəsiqəsində də “Ə” hərfi ilə imzaları var. Sərbəst imza nümunələrində fərqlər var, “Ə” hərfinin icrasında həm uyğunlaşdırıcı, həm fərqləndirici əlamətlər var.
Tətbiq edilən hüquq
Mülki Məcəllə 14.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 15.Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 16.Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 17.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 18.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
26. İddiaçı cavabdehlə bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən yaranmış borc məbləğini tələb etmişdir.
27. Cavabdeh isə belə bir müqavilə bağlanmadığını, həmin müqaviləni imzalamadığını, ona (077)315-55-51 saylı nömrə satılmadığını və həmin nömrənin heç vaxt onun istifadəsində olmadığını bildirmişdir.
28. Bu dəlilin araşdırılması məqsədi ilə Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2024-cü il tarixli ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqində İddiaçı MMC ilə Cavabdeh adlarından olan xx.xx.2010-cu il tarixli müqavilədə “Abunəçinin imzası” və “Abunəçi” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
29. Göründüyü kimi ekspertiza nəticəsində müqavilədəki imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
30. Apellyasiya baxışı zamanı dəvət edilmiş ekspert Əlipaşa Abdullayev göstərmişdir ki, tədqiq olunan imzalar 3 hissədən ibarətdir, “Ə” hərfi, hərf təşkil etməyən cizgilər və son xətdən ibarətdir. Cavabdehin 2010-cu ilə dair imza nümanəsi var, “A” hərfi ilə başlayır, təxminən 2020-ci ildəki imzaları var, həmçinin vəsiqəsində də “Ə” hərfi ilə imzaları var. Sərbəst imza nümunələrində fərqlər var, “Ə” hərfinin icrasında həm uyğunlaşdırıcı, həm fərqləndirici əlamətlər var.
31. İddia tələbinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdeh tərəfindən imzalanıb-imzalanmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan cavabdehin 2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə nəzər saldıqda, vizual baxışdan cavabdehin oradakı imzası ilə sözügedən müqavilədəki imzaların fərqli olduğu müəyyən edilir.
32. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə ümumi ödənilməli məbləğ 14362,96 manat hesablanmışdır. xx.xx.2010-xx.xx.2010 aralığı üçün belə böyük məbləğdə borcun hesablanması əsasları açıqlanmamış, əsaslandırılmamışdır.
33. Kollegiya hesab edir ki, tələb edilən borc məbləğinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdeh tərəfindən imzalanması təsdiq edilməyindən həmin müqaviləyə istinadən borcun cavabdehdən tələb edilməsi əsassızdır. Əqdin etibarlılıq şərtlərindən biri – səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq puç əqddir.
34. Odur ki, apellyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-17110/2011 nömrəli iş üzrə 02 may 2011-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC Cavabdeh qarşı “borcun alınması tələbinə dair” iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.