Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1049/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili X7, Cavabdeh X2 nümayəndəsi Cavabdeh və vəkili-nümayəndəsi Qasımov Rövşən Əliqasım oğlunun iştirakları ilə, İddiaçı “xxxxxxx” MTK-nın cavabdeh X5 qarşı (Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-3862/2019 nömrəli qətnaməsindən cavabdeh X2 vəkili-nümayəndəsi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” MTK cavabdeh X6 qarşı (Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 18 kv.m sahəsi olan yaşayış sahəsinin mülkiyyət hüququna ona 27000 manat kompensasiya ödənilməklə xitam verilməsi və həmin sahənin sökülməsi üçün iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 18 kv.m sahəsi olan yaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nərimanov rayonu qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3 bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bununla bağlı hüquqların (ərazinin və tikintiyə icazənin) “xxxxxxx’' MTK-ya verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 970 saylı və xx.xx.2017-ci il tarixli 357 saylı Sərəncamları mövcuddur. Cavabdehə məxsus yaşayış sahəsi 18 kv.m-dir, ərazi üzrə hər kv.m-in bazar qiyməti 1000-1200 manatdır. Lakin şirkət olaraq şəhərin mərkəzində tətbiq edilən normativləri əsas tutaraq cavabdehə hər kv.m sahə üçün 1500 manatdan-18x1500=27000 manat məbləğində kompensasiya və yaxud 18x20%=21 kv.m tam təmirli mənzil verilməsi şirkət tərəfindən təklif edilir. Lakin binada ən kiçik kv.m sahəsi olan mənzil 27 kv.m olduğundan, şikrət həmin kv.m sahəni verməyə razıdır. İddiaçı “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili X10 cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnu təsdiq edən sənədlərdə ünvan 1 ünvanında yerləşən 1 (bir) mərtəbəli 18 kv.m sahəsi olan yaşayış sahəsinin mülkiyyətçisi X8 olduğundan cavabdeh X3 əsl cavabdeh X9 ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili X10 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X5 məxsus ünvan 1 ünvanında yerləşən 1 (bir) mərtəbəli 18 kv.m sahəsi olan yaşayış sahəsinin sökülməsi və əvəzində ona tikiləcək yeni binada tam təmirli 44 kv.m sahəsi olan 1 (bir) otaqlı mənzil verilməsi və yeni binada mənzilin tikilib başa çatanadək ona 350 manat məbləğində kirayə haqqının ödənilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 3862/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X5 məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 18 kv.m sahəsi olan yaşayış sahəsində mülkiyyət hüququ saxlanmaqla əvəzinə cavabdeh X5 İddiaçı Mənzil Tikinti Kooperativinin həmin ərazidə inşa etdiyi çoxmənzilli yaşayış binasından tam təmirli 44 kv.m sahəsi olan 1 (bir) otaqlı mənzil verilməsi və yeni mənzil təhvil verilənədək hər ay 350 manat kirayə haqqı İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ödənilməsinə dair müqavilə bağlamaq öhdəliyi cavabdeh X2 üzərinə qoyulması, cavabdeh X5 məxsus ünvan 1 ünvanında yerləşən 1 (bir) mərtəbəli yaşayış sahəsi İddiaçı Mənzil Tikinti Kooperativinin hesabına sökülməsi,iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh X2 vəkili-nümayəndəsi Qasımov Rövşən Əliqasım oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla saslandırılmışdır ki, o xüsusi mülkiyyətində olan evdən 2017-ci ilin yanvar ayının bu günə kimi istifadə edə bilmir. Onun evi tam yararsız hala salınmışdır. Birinci instansiyada təqdim etdiyi evinin yarasız hala salınmış şəkillərinə isə məhkəmə heç bir əhəmiyyət verməmişdir. Onun mülkiyyəti öz başınalıq, mülkiyyəti qəsd nəticəsində məhv edilir, amma məhkəmə bu hala göz yumaraq, növbəti dəfə onun mülkiyyəti hüququnu pozur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi Cavabdeh və vəkili-nümayəndəsi Qasımov Rövşən Əliqasım oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı Mənzil Tikinti Kooperativinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində istifadədə olan 0.052 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 1 mərtəbəli binada, 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli 357 nömrəli “Təbriz, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində İddiaçı MTK-ya yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Təbriz, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində İddiaçı MTK-ya yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı il tarixli 370 nömrəli Fəxrəddin Əsədov, Bakuvi, Təbriz, Ə.Dəmirçizadə və C.Zeynalov küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli, 02/05-803 nömrəli məktubu ilə razılaşdırılmış, Fəxrəddin Əsədov 4, 6, 12, 14, 16, 18, 20, 21; Bakuvi 12, 19; Təbriz 37 və C.Zeynalov 1, 7, 9, 12, 16, 18, 20 saylı ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Fəxrəddin Əsədov, Bakuvi, Təbriz, Ə.Dəmirçizadə və C.Zeynalov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunması qərara alınmışdır. Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti ilə razılaşdırılmış BP seriyalı 026-17 nömrəli 2018-ci il tarixli “Baş Plan”ın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Dəmirçizadə, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində layihələndirilən çoxmərtəbəli yaşayış binaları Fövqəladə Hallar Nazirliyinin (FHN) X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) apellyasiya şikayətinin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı X15 Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzil yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTKya həvalə olunmuşdur. Mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. Cavabdeh mülkiyyətinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmiş, (buna etiraz etmiş) mülkiyyətində olan əmlakın sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının tikilməsinin onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmasını bildirmişdir. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Kollegiya qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün kollegiya hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstanaqarşı iş). Kollegiya qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X11 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçı öz davranışı ilə cavabdehin mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onun mülkiyyət hüquqlarını həyata keçirməsinin qarşısını almaqla hüquqlarından sui-istifadə etmişdir. Belə ki, cavabdeh ona kompensasiya məbləğinin ödənilməsindən imtina edərək, öz mülkiyyət hüquqlarının müdafiə olunmasını tələb edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qismən ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-3862/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 3862/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-1049/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1049/2020
18.02.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver