Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10495/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı “Unibank İKB ASC-nin nümayəndəsi Şahverdiyev İsafil Dilqəm oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4202/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik) əsas, 52,69 (əlli iki manat altmış doqquz qəpik) manat faiz, 0,38 (otuz səkkiz qəpik) manat cərimə, cəmi 308,61 (üç yüz səkkiz manat altmış bir qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsini 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23.06.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik) əsas, 52,69 (əlli iki manat altmış doqquz qəpik) manat faiz, 0,38 (otuz səkkiz qəpik) manat cərimə, cəmi 308,6 (üç yüz səkkiz manat altmış qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" KB ASC Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik) əsas, 52,69 (əlli iki manat altmış doqquz qəpik) manat faiz, 0,38 (otuz səkkiz qəpik) manat cərimə, cəmi 308,61 (üç yüz səkkiz manat altmış bir qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4202/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsi üzrə 23.06.2021-ci il tarixinə əsas məbləğ üzrə 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik), 52,69 (əlli iki manat altmış doqquz qəpik) manat faiz, 0,38 (otuz səkkiz qəpik) manat cərimə, cəmi 308,61 (üç yüz səkkiz manat altmış bir qəpik) manat məbləğində borc tutularaq "xxxx" KB ASC-nin xeyrinə tutulması, dövlət rüsumunun kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuna zidd və əsassızdır. Məhkəmə tərəfindən ona mülki iş barədə heç bir məlumat verilməmiş və iddiaya dair etirazının verilməsi hüququna şərait yaradılmamışdır. Qətnamənin ikinci səhifəsinin altıncı abzasında ona hansısa hüquqlarının izah edildiyi bildirilsədə belə bir şey olmamışdır. Məhkəmə onun iddiaya dair etirazını və iddianın əsassızlığına dair sübutlarını təqdim etmək hüququnu pozmuşdur. 2014-cü il tarixli kredit müqaviləsi kart krediti olmuşdur. Həmin tarixdən indiyə kimi Banka 2600 manatdan çox vəsait ödəsə də bank ondan durmadan pul tələb edir. Məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən onun banka borcu olduğunu təsdiq etmişdir. Bu isə tamamilə qanunsuzdur. İddiaçı istənilən məbləğdə borc yazaraq məhkəməyə təqdim edə bilər. Məhkəmənin iddiaçıdan hesabdan çıxarış tələb etmədən, cavabdehin banka bu günə kimi nə qədər pul ödəməsini göstərən arayış tələb etmədən qətnamə çıxarması Mülki Prosessual Qanunvericiliyin tələblərinə ziddir. Belə ki, məhkəmə iddiaçıdan onun ödənişləri barədə müvafiq arayış tələb etsəydi nə qədər pul ödədiyi aydın olardı. Bunun üçün məhkəmə mühasibatlıq ekspertizası da keçirə bilərdi. Lakin məhkəmə onun prosessual hüquqlarını pozduğu üçün öz tələb və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının maliyyə arayışını mötəbər sübut hesab etmişdir. Bu məntiqlə iddiaçı maliyyə arayışında 500 manat borc yazsaydı məhkəmə həmin məbləği olduğu kimi təmin etməli idi. Ədalətli məhkəmə çəkişməsi prinsipini qanunverici əbəs yerə müəyyən etməmişdir. Suraxanı Rayon Məhkəməsinin bu qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və tərəflər arasında bağlanmış müqavilənin şərtləri pozulmuşdur. Mülki Məcəllənin müqavilə azadlığı və tərəflərin müstəqil iradə ifadələri prinsipinin pozulması ilə qəbul edilən qətnamənin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Unibank İKB ASC-nin nümayəndəsi Şahverdiyev İsafil Dilqəm oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4202/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 84 ay müddətinə illik 26% ödəmək şərtilə 500 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xətti yalnız Borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. İş materiallarında olan 23.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsi üzrə 23.06.2021-ci il tarixinə əsas məbləğ üzrə 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik), 52,69 (əlli iki manat altmış doqquz qəpik) manat faiz, 0,38 (otuz səkkiz qəpik) manat cərimə, cəmi 308,61 (üç yüz səkkiz manat altmış bir qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin oğluna ünvanlanmış 28.04.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi üçün onun Banka 28 aprel 2021-ci il tarixinə 255,54 manat əsas, 41,89 manat faiz, 0,18 manat cərimə, cəmi 297,61 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından "xxxx" KB ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələ gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsini 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin olunmalı, Cavabdeh 14.07.2014-cü il tarixli 3393tkCNTR/14 saylı kredit müqaviləsi üzrə 23.06.2021- ci il tarixinə əsas məbləğ üzrə 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik), 52,69 (əlli iki manat altmış doqquz qəpik) manat faiz, 0,38 (otuz səkkiz qəpik) manat cərimə, cəmi 308,61 (üç yüz səkkiz manat altmış bir qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində Banka 2600 mantdan çox vəsait ödəsə də bank ondan durmdan pul tələb etdiyini və banka borcunun olmadığını qeyd etsə də, bu halı təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə iş materiallarında olan maliyyət arayışla bu hal təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4202/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4202/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10495/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10495/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver