Məhkəmə qərarları › İş №2(103)-10507/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10507/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10507/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)-4736/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 168655 (bir yüz altmış səkkiz min altı yüz əlli beş) manat məbləğində pul vəsaitinin alınaraq, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2020-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış və notarius tərəfindən təsdiq edilmiş kredit (borc) müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 25.11.2020-ci il tarixədək qaytarılması şərtilə 168655 (bir yüz altmış səkkiz min altı yüz əlli beş) manat məbləğində borc pul verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri hal-hazıradək müqavilədə qeyd edilmiş müddət keçməsinə baxmayaraq icra etməmişdir. Cavabdeh dəfələrlə tərəfindən xəbərdar edilməsinə baxmayaraq borcu qaytarmaqdan imtina edir. Onun hazırda həmin pula ehtiyacı var, cavabdeh pulu qaytarmadığı üçün çətin maddi vəziyyətə düşmüşdür. Odur ki, Cavabdeh 168655 manat məbləğində pul vəsaiti alınaraq ona verilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)-4736/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 168655 (bir yüz altmış səkkiz min altı yüz əlli beş) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf etmişdir. Cavabdeh 24.09.2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunda 3M/1136 reyestr nömrəsi üzrə kredit müqaviləsinə əsasən iddiaçıdan 145.000 (bir yüz qırx beş min) manat borc almışdır. Lakin həmin göstərilən və müqavilədə qeyd edilən 168655 (bir yüz altmış səkkiz min altı yüz əlli beş) manat məbləğin qalan 23.655 (iyirmi üç min altı yüz əlli beş min) manat pul vəsaitini cavabdeh almamışdır və iddiaçı tərəfindən ona verilməmişdir. Çünki həmin qalıq məbləğ faiz məbləğidir ki, həmin məbləği iddiaçı cavabdehdən yükləyərək tələb edir. Məhkəmə icraatında məhkəmə cavabdehin qismən etirafını tam etiraf kimi qətnamədə yazaraq, işi düzgün və obyektiv araşdırmadan onun ziyanına qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə özünün apellyasiya şikayətində qeyd etdiyi telefon nömrəsi vasitəsi ilə “SMS” xəbərdarlığı ilə məlumatlandırılmış, həmçinin qeydiyyatda olduğu ünvan üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)-4736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24.09.2020-ci il tarixli kredit müqaviləsinin əslindən görünür ki, Rəsulov X1 Xəyal Eldəniz oğluna 168655 (bir yüz altmış səkkiz min altı yüz əlli beş) manat məbləğində borc vermişdir və Cavabdeh həmin borcu 25.11.2020-ci il tarixinədək İddiaçı qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilə, Bakı şəhəri 23 saylı xüsusi notariat kontorunda təsdiqlənmiş və reyestrdə 3M-1136 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən 18.08.2021-ci il tarixdə birinci instansiya məhkəməsində yazılmış ərizədən görünür ki, cavabdeh borcu tam etiraf etmiş və 168655 (bir yüz altmış səkkiz min altı yüz əlli beş) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsinə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 406.1 maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2 maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Göründüyü kimi, qanunvericilikdə (MM-nin 740-cı maddəsi) borc müqaviləsinin hazırkı hal üçün yazılı formada bağlanması nəzərdə tutulduğundan, tərəflər borc müqaviləsinin notariat yazılı formasına üstünlük vermişlər. Beləliklə, işin araşdırılmış faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilədən irəli gələn öz öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq, ödəməli olduğu krediti ödəməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı etiraf edərək, ərizə versə də, apellyasiya şikayətində 145000 manat borc aldığını qeyd etmişdir. Lakin notariat işində olan 24.09.2020-ci ildə xəzinə mədaxil orderinə əsasən İddiaçı "xxxx" ASC-nin 3 saylı şöbəsinə 168655 manatı kredit müqaviləsi üzrə mədaxil etmişdir (1132 saylı, 24.09.2020-ci il tarixli məktuba əsasən). Buna görə də, kollegiya hesab edir ki, məhkəmə iddia tələbini 168655 manat məbləğində borcun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun müqavilə üzrə 168655 manat deyil, 145000 manat kredit alması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı tərəfindən 168655 manat məbləğində kredit depozitə yerləşdirilmiş, cavabdeh tərəfindən 168655 manat qəbul olunduqdan sonra kredit müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən iddia etiraf olunduğundan, məhkəmə düzgün olaraq MPM-nin 191.1 və 191.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)-4736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar