Məhkəmə qərarları › İş №2(103)-10513/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10513/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10513/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3428/2021 saylı, 31 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1080 manat, hüquqi yardıma görə 310 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1420 manatın cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3428/2021 saylı, 31 avqust 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - Cavabdeh maddi ziyana görə 840 manat, hüquqi xidmətə görə 200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1070 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması; Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmiş; iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza rəyini qəbul etmir, rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Ekspert rəyində məbləğlər əhəmiyyətli dərəcədə şişirdilmişdir. Əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Birinci instnsiya məhkəməsi işə baxarkən Mülki Prosesual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, sübutları hərtərəfli və tam araşdırmamış, sübutların qiymətləndirilməsində birtərəfli mövqe tutmuş, özünün mülahizələrinə üstünlük vermiş, sübutlarla təsdiq olunmalı hüquq normalarını düzgün qiymətləndirməmiş və həmçinin qətnamənin təsviri-əsaslandırıcı hissəsi ziddiyətlidir. Qətnamə iddiaçıya göstərilən hüquqi yardıma görə 200 manat məbləğində pul vəsaitininin cavabdehdən tutulması hissəsində də əsassız və qanunsuzdur. Hüquqi yardıma görə ödənilən qəbzdə 200 manatın ödənilməsi öz əksini tapsa da, hüquqi yardımın məhz nədə ifadə olunması qeyri-müəyyən qalmış və iş üzrə iddiaçı tərəfin mənafeyi mübahisələndirilən qətnaməsində iddiaçı tərəfindən müdafiə olunması göstərilmişdir. Yəni iş üzrə iddiaçı tərəfə vəkil tərəfindən hüquqi yardımın göstərilməsi sübuta yetirilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin hüquqi yardıma görə 200 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi hissəsində gəldiyi nəticə yanlış olmaqla qərəzlidir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli bilindiyi hərəkətləri nəticəsində iddiaçıya 840 manat ziyan dəyməsi öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçının ona göstərilən hüquqi xidmətlərə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından iddia tələbləri hüquqi xidmətə görə ödənilən məbləğin cavabdehdən tutulmasına dair hissədə də qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh idarə avtomobil vasitəsilə iddiaçının idarə etdiyi avtomobilə zərər vurması işin mübahisəsiz halıdır. Cavabdeh bunu inkar etmir. Mübahisələndirdiyi hal zərərin məbləği ilə bağlıdır. Məhkəmə zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə xüsusi biliyə malik şəxsin, yəni ekspertin köməyindən də istifadə etmişdir. Ancaq cavabdeh ekspertiza rəyini də qəbul etmir və zərərin məbləği şişirdildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz deyir. Lakin özü də zərərin məbləği barədə hansısa sübutu məhkəməyə təqdim etmir. Demək, yalınz şikayət xatirinə bu fikirləri səsləndirmək onun həqiqi olduğunu təsdiq etmir və buna görə də bu dəlillər şikayətin təmin edilməsi üçün də əsas ola bilməz. İkincisi, iddiaçıya göstərilən hüquqi yardıma görə 200 manatın təmin edilməsi də əsassız olmamışdır. Çünki, işdə hüquqi yardım göstərən vəkilin etibarnaməsi və orderi vardır. Hüquqi yardımın nədə ifadə olunmasının göstərilməməsi onun həqiqətən göstərilməməsi anlamına gəlməməlidir. Ən azından iddiaçının nümayndəsi və vəkili məhkəmə iclaslarında iştirak etmiş, iddia ərizəsinin və digər sənədlərin tərtib edilməsində iddiaçıya hüquqi yardım göstərmişdir. Əksinə məhkəmə hüquqi yardımı görə xərci tələb edilən məbləğdə deyil, qismən təmin etmişdir. Ona görə də iş üzrə iddiaçı tərəfə vəkil tərəfindən hüquqi yardımın göstərilməsinin sübuta yetirilməməsi dəlili ən azından vəkilin bütün məhkəmə iclaslarında iştirak etməsinə görə əsassız hesab edilməlidir. Ona görə də bu hissədə də məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3428/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar