Məhkəmə qərarları › İş №2(103)-10514/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10514/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10514/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Səfər oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2558/2021 saylı mülki iş üzrə qəbul etdiyi 26 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc öhdəliyinin yerinə yetirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 48000 manat məbləğində borcun, Cavabdeh2 25500 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilənin şərtlərini pozduğunda görə dəymiş 100 manat hüquqi xidmət haqqı, əsassız qaldırılmış iddiaya görə dəymiş 25.000 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2558/2021 saylı, 26.07.2021ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə baxılması 07 oktyabr 2021-ci il tarixli qərardadla mümkün hesab edilərək, məhkəmə iclası 15 noyabr 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəməyə 08 oktyabr 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin apellyasiya şikayətinin mümkünlüyü barədə (icraata qəbul edilməsi barədə) 07 oktyabr 2021-ci il tarixli 2(103)-10514/2021 saylı qərardad ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mülki işin apellyasiya şikayətinin mümkünlüyü barədə (icraata qəbul edilməsi barədə) 07 oktyabr 2021-ci il tarixli 2(103)-10514/2021 saylı qərardad ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar