Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10519/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2021saylı 27.08.2021-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış 18.02.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinə xitam verildikdən sonra ödənilmiş, lakin nəzərə alınmamış 15.255,36 (on beş min iki yüz əlli beş dollar 36 sent) ABŞ dolları məbləğində pulun alınaraq (ödəniş günü Mərkəzi Bank tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsinə uyğun hesablanmaqla) ona qaytarılması və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18.02.2009- cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-dən illik 26 faizlə 24 ay müddətinə 153.060 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsinin müddəti 18.02.2011-ci il tarixdə bitmiş və həmin müqavilə üzrə borc tamamilə bağlanmışdır. Lakin, cavabdeh bankın əməkdaşları borc bağlandıqdan sonra onu aldadaraq faiz borcu qaldığını bildirmiş və onlara inanaraq 18.02.2011-ci il tarixdən sonrakı dövrdə ümumilikdə banka 15.255,36 (on beş min iki yüz əlli beş dollar 36 sent) ABŞ dolları məbləğində pul ödəmişdir. Həmçinin 2019-cu ildə bankın İddiaçı qarşı iddiasına müvafiq məhkəmələrdə baxılarkən hazırda mübahisələndirdiyi məbləğin kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2021saylı 27.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2021saylı 27.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətlə müraciət edərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini tələb etdi\. Ekspertiza keçirilməyəcəyi təqdirdə məhkəmə zalını tərk edəcəyini bildirərək məhkəmə zalını tərk etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırki iddiaçı ilə təmsil etdiyi bank arasında sözügedən kredit müqaviləsi üzrə müvafiq borcun (əsas borc, faiz borcu və cərimə olmaqla ümumilikdə 322.482,08 ABŞ dolları) tutulması, tələbin əmlaka yönəldilməsi barədə iddiaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində və hər iki yuxarı instansiya məhkəmələrində baxılmış və məhkəməyə verilmiş sözügedən iddia üzrə tələbdə hazırda mübahisələndirilən məbləğ nəzərə alınmışdır. O, həmçinin qeyd etmişdir ki, sözügedən məhkəmə mübahisəsində bankın iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasının əsası İddiaçı kredit borcunu tam ödəməsi deyil, bankın qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi olmuşdur. Ona görə iddia tələbinin heç bir hüquqi əsası yoxdur, apellyasiya şikayəti əsassız olduğuna görə rədd edilməli və birinci instansuya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi 18 fevral 2009-cu il tarixdə bağlanmış, həmin müqavilə ilə cavabdehə 200.000 ABŞ dolları məbləğində borc verilmiş və borcun qaytarılması üçün son müddət 18 fevral 2011-ci il göstərilmişdir. Lakin müqavilənin müddəti bitdikdən sonra İddiaçı tərəfindən ümumilikdə 15255,36 ABŞ dollar məbləğində pul vəsaiti borcdan çıxılması məqsədilə ödənilmiş və həmin pul bank tərəfindən qəbul edilərək, borclunun borcundan silinmişdir. Sonradan bank “kredit borcu və s.” tələbi ilə məhkəməyə müraciət etmiş və borcludan ümumilikdə 322,482,08 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Bank məhkəməyə bu tələblə müraciət edərkən, İddiaçı tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənilmiş 15255,36 ABŞ dolları pul vəsaitini onun borcuna hesablamaqla qalan yekun məbləğin borcludan tutulmasını xahiş etmişdir. Məhkəmə isə bankın iddiasını borclunun borcunu tam ödəməsi səbəbindən deyil, bankın iddia müddətini ötürməsi səbəbindən təmin etməmişdir. İddiaçı iddia etdiyi 15.255,36 (on beş min iki yüz əlli beş dollar 36 sent) ABŞ dolları məbləğində pul vəsaitinin bankın müvafiq iddiasına məhkəmədə baxılarkən ümumi borc məbləğindən çıxılmadığını təsdiqləyən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 100/2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 0902- 3604/0044 saylı 18.02.2009-cu il tarixli «Kredit Müqaviləsi»nə əsasən Bank Borc alana 200.000 ABŞ dolları məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 26 faiz ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə 18.02.2011-ci il tarixədək verilmişdir. Həmin iş üzrə rayon məhkəməsi 09.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC 26.05.2017-ci il tarixdə kreditin qaytarılması üçün nəzərdə tutulmuş son müddətdən 6 il sonra müraciət etməklə iddia müddətini ötürdüyündən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X1 18.02.2011-ci il tarixədək "xxxx" ASC-nə olan borcu ümumilikdə 263.361,86 ABŞ dolları məbləğində müəyyən edilir, o, cümlədən: -əsas borc üzrə ---------168.250,00 ABŞ dolları; -faiz borcu üzrə----------95,111,86 ABŞ dolları. Təqdim edilmiş hesabatdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi X8 qızının krediti üzrə banka 18.02.2011-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 15.255,36 ABŞ dolları məbləğində ödəniş aparmışdır. Ekspert tərəfindən hesablaşma 18.02.2011-ci il tarixə kimi hesablandığından sonradan ödənilən 15.255,36 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunmasının hüquqi əsası kimi aşağıdakılara istinad etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafıq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığı halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı apellyasiya şikayətində Cavabdeh alınmış kreditin bağlanmasını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işə əlavə edilmiş 2(102)-114/2021 saylı, 08.02.2021-ci il tarixli qərarının “işin halları” bölməsində qeyd olunur ki, “X5 tərəfindən Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanladığı 15 fevral 2017-ci il tarixli ərizəyə əsasən, borcalan 20 fevral 2009-cu ildə 200000 ABŞ dolları kredit götürdüyünü, kredit müqaviləsi üzrə banka 152 997 ABŞ dolları borcunun qaldığını və oğlunun səhhətinə görə uzun müddət ödəniş edə bilmədiyini göstərərək ona köməklik etməyi bankdan xahiş etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2021saylı, 27.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2208/2021saylı 27.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10519/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver