Məhkəmə qərarları › İş №2(103)-1053/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1053/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1053/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 11.329,69 ABŞ dolları əsas, 11.660,61 ABŞ dolları faiz, 4980,89 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları, ümumilikdə 27.993,31 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 11.329,69 ABŞ dolları əsas, 6.480,41 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları, ümumilikdə 17.932,22 ABŞ dolları borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə LPO İddiaçı ASC-nin xeyrinə tutulması, 30 manat ödənilmiş dövlət rüsumunun 19 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 165 manatın 105 manatının cavabdehdən, 60 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamə zaminlərə münasibətdə, eyni zamanda faiz borcunun qismən təmin edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, zaminlərlə bank arasından xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi mövcuddur. Məhkəmə qeyd etmişdir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitdiyindən zaminlərin bank qarşısında öhdəliklərinə xitam verilmişdir. Lakin MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Faiz borcunu azaldarkən isə məhkəmə, qətnaməni belə əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, cavabdehin banka olan əsas borcu 11.570,06 ABŞ dolları, faiz borcu isə 6480,41 ABŞ dolları təşkil edir. Halbuki, MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh1 isə, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayətin dəlilləri qətnamənin zaminlərə və faiz borcuna aid hissəsi ilə bağlı olduğuna görə Kollegiya qətnaməni həmin hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləyə əsasən, sonuncuya illik 29% dərəcəsilə 36 ay müddətinə 12.740 ABŞ dolları kredit verilmişdir. Həmin tarixdə bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən, tərəflərin razılaşmasına əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 29 % dərəcəsi ilə 51 ay müddətinə, aylıq ödəniş 424,74 ABŞ dolları, sonuncu ay 408,4 ABŞ dolları olmaqla, 12.375,41 ABŞ dolları borc hesablanmış, ilk ödəniş tarixi xx.xx.2015-ci il, sonuncu ödəniş tarixi xx.xx.2019-cu il olaraq müəyyən edilmişdir. Əsas borclu Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2019-cu il tarixə əsas məbləğ üzrə 11.329,69 ABŞ dolları, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faiz üzrə 11.660,61 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 4.980,89 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 22,12 ABŞ dolları olmaqla, ümumilikdə 27.993,31 ABŞ dolları borcu qalmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1088 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixinə banka əsas borc üzrə 11.570,06 ABŞ dolları, faiz borcu üzrə isə 6.480,41 ABŞ dolları olmaqla, ümumilikdə 18.230,47 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh3 kredit borcunun tutulmamasını tələb etməkdə haqlı deyillər. Belə ki, iddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı tələbini onun zamin olması barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, zaminlər borclunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, Kollegiya MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Çünki, sözügedən kredit müqaviləsi üzrə bitmə tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. Əsas öhdəliyin icra vaxtını xx.xx.2017-ci il tarixdən hesabladıqda İddiaçı ASC, zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı bir il ərzində - xx.xx.2018-ci ilədək iddia irəli sürməli idi. Lakin İddiaçı ASC, həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, kreditor İddiaçı ASC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırmadığı üçün onların zaminliyinə xx.xx.2018-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi aradan qalxdığı üçün onlar, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Kollegiya, iddiaçının apelyasiya şikayətinin zaminliyə xitam verilməsi ilə bağlı müddətin iddia müddəti olması, məhkəmənin isə bu müddəti yalnız cavabdehin belə ərizəsi olduğu halda nəzərə ala biləcəyi barədə dəlilinə münasibətdə bildirir ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Bu baxımdan, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan bir illik müddət kəsici müddətdir. Kəsici müddəti isə cavabdehin ərizəsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə tətbiq edir. Kollegiya, iddiaçının faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlillərini də əsaslı hesab etmir. Ona görə ki, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 əsas və və faiz borcu məhkəmə tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə (Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1088 saylı rəyi) uyğun olaraq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı isə, məhkəməyə ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-688/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar