Məhkəmə qərarları › İş №2(103)-10535/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10535/2021

05.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10535/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iki uşaq üçün hər ay tutulan 340 manat (hər uşaq üçün 170 manat) alimentin miqdarı artırılsın, iki uşaq üçün hər ay 500 manat (hər uşaq üçün 250 manat) aliment tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iki uşağın – 01.10.2005ci təvəllüdlü X2 və 10.01.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəlki (06.03.2020-ci il tarixli) məhkəmə qətnaməsinə əsasən cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilən alimentin miqdarı (hər ay hər uşaq üçün 170 manat) artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat aliment tutulsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddaçı İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırıb. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, artırılmış alimentin miqdarının hər uşaq üçün 200 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə zidd deyil, cavabdehin maddi vəziyyəti həmin miqdarda aliment ödəməyə imkan verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar