Məhkəmə qərarları › İş №2(103)-10541/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10541/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10541/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6084/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və "xxxx" MTK-dan müştərək qaydada 01.11.2012-ci il tarixli, 6424 nömrəli Kredit müqaviləsinə əsasən, 08.07.2021-ci il tarixinə əsas borc üzrə 71549,98 manat, faiz borcu üzrə 27163,64 manat, cəmi 98714,41 manat borcun, 01.11.2012-ci il tarixli, 6425 nömrəli kredit müqaviləsinə əsasən, 08.07.2021-ci il tarixinə əsas borc üzrə 30894,12 manat, faiz borcu üzrə 11108,30 manat, cəmi 42012,90 manat borcun tutullması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki işin Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(011)-6084/2021 saylı qərardadı ilə Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barəsində ərizəsi rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(011)-6084/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(011)-6084/2021 saylı qərardadı ilə təmin edilməmiş və şikayət apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı şikayət məhkəmənin 20.08.2021-ci il tarixli, 2(011)-6084/2021 saylı qərardadının ləğv olunması barədədir, qərardad 27.08.2021-ci il tarixdə cavabdeh tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada alınmış, qərardaddan şikayət verilməsinin cavabdehə münasibətə sonuncu günü 06.09.2021-ci il olsa da, şikayət prosessual qanunla nəzərdə tutulmuş 10 gün müddəti ötürməklə 08.09.2021-ci il tarixdə məhkəməyə verilmiş, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 268.2ci maddəsinə əsasən, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh qərardaddan şikayəti prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq şikayəti müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, Cavabdeh hazırki şikayətində ötürülmüş müddətlə bağlı hər hansı dəlilə istinad etməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6084/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar