Məhkəmə qərarları › İş №2(103)-1055/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1055/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1055/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-896/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzə iddiaçılar) Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «faiz borcunun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-896/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə rədd edilməsi, ilkin iddianın LPO Cavabdeh2 ASC-yə münasibətdə təmin edilməsi, İddiaçı LPO “Texnikabank" ASC ilə bağlanmış 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqavilə üzrə gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO “Texnikabank" ASC-nin üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 10 manatın LPO “Texnikabank" ASC-dən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu olaraq dövlət büdcəsinə artıq ödənilmiş 20 manat məbləğində pulun ona geri qaytarılması, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 (bir yüz) manat məbləğində pul LPO Cavabdeh2 ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib ilkin iddia tələbinin rədd, qarşılqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, 1420,32 manat faiz borcunun təmin edilməməsini əsassız hesab edir. Məhkəmə öz qətnaməsində borcalan tərəfindən ödənməyən 5 ay məbləğini, qrafik üzrə ödənişə vuraraq borc məbləğini hesablamışdır və (365x5=1825) həmin məbləğin 15.10.2015-ci il tarixində "xxxx" İKB ASC-yə 2190 manat ödəyərək bağlandığı əsası ilə Bankın qarşılıqlı iddiasını rədd etmişdir. Qarşılıqlı iddia üzrə Bankın tələb etdiyi məbləğ İddiaçı 5 ay ərzində qrafik üzrə ödəniş həyata keçirmədiyi üçün gecikməyə düşmüş faiz borcudur. İddiaçı "xxxx" İKB ASC-yə ödədiyi 2190 manat məbləğ isə hesabdan çıxarışdan da göründüyü kimi gecikmədə olan əsas borc, həmin aya uyğun qrafik üzrə borc və ödənməyən sığorta xərcləridi. Göründüyü kimi, ekspert rəyində də İddiaçı Banka olan borcu sübut olunmuşdur. Ekspert rəyi məhkəmənin gəldiyi nəticə üçün digər sübutlar ilə eyni hüquqi qüvvəyə malikdir. Lakin məhkəmə ekspert rəyinə məhəl qoymadan, düzgün olmayan hesablama apararaq Bankın iddiasını rədd etmiş və Bankı öz gəlirlərindən məhrum etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi K.X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdeh Mərkəzi Bankın nümayəndəsi və qarşılıqlı iddia üzrə mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 18.05.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı tərəf olduğu eyni tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 25 saylı evin 54 saylı mənzilini ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Əmanətlərin Sığortalanması Fonduna üzv olan "xxxx" ASC 3 fevral 2016-cı il tarixində fonda üzv bankların reyestrindən çıxarılmış, ona verilmiş şəhadətnamə ləğv edilmiş və 4 fevral 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş vermişdir. “Azərbaycan “İpoteka Fondu" ASC-nin 31 iyul 2015-ci il tarixli, 037/2015 saylı qərarına əsasən qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklər 11 avqust 2015-ci il tarixdən etibarən "xxxx" İKB ASC-yə ötürülmüşdür. Hazırda İddiaçı tərəf olduğu kredit müqaviləsi üzrə 365 manat məbləğində olan aylıq ödənişlərini bankın əməkdaşları tərəfindən qəbul etməkdən imtina edildiyindən may ayından oktyabr ayına qədər həyata keçirə bilmədiyini, oktyabr ayında isə 6 aylıq müddətində əmələ gəlmiş borc məbləğini kredit müqaviləsi üzrə öhdəliyi ötürülmüş "xxxx" ASC-yə ödədiyinə, o vaxtdan etibarən "xxxx" ASC-yə borclu qalmadığına istinad edərək məhkəmədən 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqvilə üzrə adına olan gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO “Texnikabank" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qaydalara əsasən ipoteka kreditlərinin digər müvəkkil banklara transferi həyata keçirilərkən, yalnız əsas borcun ötürüldüyü, gecikmədə olan borcluların gecikmiş borclarının isə Cavabdeh2 ASC-də ötürülməmiş qaldığını bildirmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən iddiaçının bank tərəfindən transfer olunmamış faiz borcunun 1420,32 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ilkin iddianı araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflis olma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin qanunverici Mülki Məcəllədə və ya müqavilədə bu məsələnin Məcəllədə nəzərdə tutulan qaydadan fərqli formada tənzimlənməsinin mümkün olduğunu qeyd edir. Araşdırılmış iş materiallarından göründüyü kimi Cavabdeh2 ASC tərəfindən barəsində iflas proseduruna başlanmamışdan əvvəl iddiaçının tərəf olduğu 18.05.2011- ci il tarixli kredit müqaviləsi üzrə tələb hüquqları "xxxx" İKB ASC-yə (hal hazırda "xxxx" ASC-yə) ötürülmüşdür. Müvafiq kredit müqaviləsi üzrə transfer olunmuş öhdəliyin yalnız əsas borcdan ibarət olduğuna, ötürülməmiş faiz borcu üzrə iddiaçının LPO Cavabdeh2 ASC-nin qarşısında icra edilməmiş öhdəliyin mövcud olduğuna istinad etsə də, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan müqavilədə bu məsələni tənzimləyən qanunvericilikdə nəzərdə tutulduğundan fərqli qaydanın və ya hər-hansı qeyd-şərtinin olmasını təsdiq edən sübutları məhkəmənin təqdim edilməsini xahiş etdiyinə baxmayaraq təqdim edə bilməmişdir. Bununla da iddiaçıdan tələb edilən faiz borcunun nəyə əsasən yarandığını, yaranma əsasının müqaviləyə və ya mülki qanunvericiliyə söykəndiyini aydınlaşdırmaq mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.07.2021-ci il tarixli, 9/3584 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı 01.09.2015-ci il tarixə banka olan faiz borcu 1.260,73 manat təşkil etmiş, həmin tarixdə kredit müqaviləsi üzrə öhdəliklər "xxxx" İKB ASC-yə ötürülmüş, 15.10.2015-ci il tarixli ödəniş qəbzinə əsasən 2.190,00 manat məbləğində pul vəsaiti "xxxx" İKB ASC-yə ödənilmişdir. Məhkəmə iddiaçının ödəməli olduğu aylıq ödənişinin 365 manat təşkil etdiyini, 5 ay ərzində tərəf olduğu kredit müqaviləsi üzrə ödəniş edə bilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı 15.10.2015-ci il tarixdə "xxxx" İKB ASC-yə 2190 manat məbləğində ödəniş etməklə (365x5=1825) həmin tarixə olan borcunu tam bağlamışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə iddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə cavabdeh LPO Cavabdeh2 ASC-yə borclu olduğu, yəni hər-hansı öhdəliyin yaranması üçün əsasların mövcudluğu öz təsdiqini tapmadığından məhkəmə cavabdehin qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC və Mərkəzləşdirilmiş Kredit Reyestrindəki borcun olması barədə qeydlər əsassız olduğu qənaətinə gəlməklə hesab edir ki, həmin qeydlər silinməlidir. Belə ki, LPO Cavabdeh2 ASC iddiaçının borcunun olmaması barədə aidiyyəti hüquqi şəxslərə müvafiq məlumatı vermədiyindən onun maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Məhkəmə iddianın digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, Büroya və MKR-yə borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə LPO Cavabdeh2 ASC olduğundan, Mərkəzi Bankın isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə təmin edilməli və onun üzərinə İddiaçı 18.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO “Texnikabank" ASC-yə borcunun və həmin müqavilə üzrə adına qeyd edilmiş gecikmə günlərinin olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi qoyulmalıdır. İddia cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, qarşılıqlı iddiaçı şikayətində 1420,32 manat faiz borcunun təmin edilməməsini əsassız hesab etdiyini göstərsə də bu əsassızlığın nədən ibarət olmasını açıqlamır. İş materialları ilə təsdiq olunur ki, qarşılıqlı iddiaçı tələb etdiyi məbləğ ona ödənilməli olan faiz borcu olsa da ilk iddiaçı həmin məbləği 15.10.2015-ci il tarixində "xxxx" İKB ASC-yə ödəmişdir. Bununla yanaşı, qarşılıqlı iddia üzrə bankın tələb etdiyi məbləğin İddiaçı 5 ay ərzində qrafik üzrə ödəniş həyata keçirmədiyi üçün gecikməyə düşmüş faiz borcu olması dəlili də əsassızdır. Çünki, belə bir hal həqiqi olsaydı qarşılıqlı iddiaçı ilk iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsinədək gözləyib, məhz ilk iddia irəli sürüldükdən və beş il keçdikdən sonra bu cür qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməzdi. Mülki Məcəllənin 551.1 və 551.2.1-ci maddəsinə əsasən kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra öz qüvvəsini itirir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehlərin ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində göstərdikləri dəlillər mübahisələndirdikləri hissələrdə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-896/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar