Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10551/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 bankın xeyrinə 17 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1681,42 manat faiz borcu və 1675,02 manat cərimə borcu olmaqla, ümumilikdə 3356,44 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, 98,48 kv.metr ümumi, 76,18 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət 27 nömrəli evin 63 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-4851/2021) iddia rədd edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC (indiki adı İddiaçı) arasında bağlanmış 17 fevral 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, 98,48 kv.metr ümumi, 76,18 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət 27 nömrəli evin 63 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 götürdüyü krediti müqavilə üzrə nəzərdə tutulmuş müddətdə faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliklərinin lazımınca icra olunmaması nəticəsində 17 may 2021-ci il tarixə banka 1681,42 manat faiz, 1675,02 manat cərimə borcu yaranmışdır. Buna görə də, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi ərizə verərək iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apelyator qeyd etmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 ayrı-ayrı vaxtlarda ödənişlər aparmış, lakin müqavilənin şərtlərinin pozulması və cədvəl üzrə gecikdirilmiş borc məbləğinin ödənilməsilə bağlı cavabdehə telefon vasitəsilə şifahi olaraq xəbərdarlıq edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc və məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Cavabdehlər məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 13 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 17 fevral 2011-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyini bildirən iddiaçı 26 may 2021-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsaslı sayaraq iddia müddətinin buraxıldığı qənaətinə gəlmiş və həmin əsasla iddianı rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası MM-nin 373.2, 377-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi 17 fevral 2011-ci il tarixdə 18 ay müddətinə bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 17 avqust 2012-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Apelyatorun mövqeyinə görə, məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, tərəflər müqavilənin qüvvədə olma müddəti bitənədək müqavilə üzrə öhdəliklərini lazımınca icra edirlər. Belə halda öhdəliyin lazımınca icra edilməsi anı ilə müqavilənin qüvvədə olma müddətinin başa çatması məqamı bir-birinə uyğun gəlib üst-üstə düşür. Göstərilən vəziyyətdə müqavilənin qüvvədə olma müddətinin başa çatması avtomatik olaraq müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür və iddianın bu əsasla rədd edilməsi qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10551/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10551/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver