Məhkəmə qərarları › İş №2(103)-10556/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10556/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10556/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1889/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 11279,18 manat, faiz borcu üzrə 4439.24 manat, cərimə borcu üzrə 3768.88 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1673.62 manat olmaqla, cəmi 21160.92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" ASC-nin Bakı filialı ilə borclu Cavabdeh arasında bağlanmış 07.01.2015-ci il tarixli, 1628/15 nömrəli kredit müqaviləsi üzrə sonuncuya 36 altı ay müddətinə illik 18% dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, qeyd olunan kredit müqaviləsinin şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1889/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11279,18 manat məbləğində əsas borc, 4439,24 manat məbləğində faiz borcu, 564 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 300 manat cərimə olmaqla, ümumilikdə 16582,42 manat (on altı min beş yüz səksən iki manat qırx iki qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumubub tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Günel Abbasova).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1889/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə müqavilənin bitdiyi tarixdən 23.12.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanan borc tələbinin və cərimə borcu tələbinin azaldılması hissəsində qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan iddia ərizəsindən və maliyyə arayışından da görünür ki, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləği 1673.62 manat təşkil edir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Mahmudova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC-nin Bakı filialı ilə borclu Cavabdeh arasında bağlanmış 07.01.2015-ci il tarixli, 1628/15 nömrəli Kredit Müqaviləsinə və ödəniş cədvəlinə əsasən, bank tərəfindən kredit alana 36 altı ay müddətinə illik 18% dərəcəsi ilə 13000 manat məbləğində kreditin verilməsi, kredit alan tərəfindən isə kreditin və hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən qaytarılması müqavilənin predmetini təşkil etmişdir.

11. İddiaçı ASC-nin (Ləğv prosesindədir) 24.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə (Ləğv prosesindədir) əsas borc üzrə 11279,18 manat, faiz borcu üzrə 4439.24 manat, cərimə borcu üzrə 3768,88 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1673,62 manat olmaqla, cəmi 21160,92 manat borcu vardır.

12. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

13. Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli, 9/2600 nömrəli rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 13 000 manat, faiz borcu üzrə 6420,00 manat müəyyən olunur. Hüquqi dəyərləndirmə:

14. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni müqavilənin bitdiyi tarixdən 23.12.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanan borc tələbi və cərimə borcu hissəsində yoxlayır.

18. Kollegiya hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

19. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

21. Kollegiya iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 1673,62 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi kimi bankın əsassız olaraq və hüquqdan sui-istifadə edərək, müqavilənin qüvvədə olma müddəti bitdikdən xeyli müddət sonra iddia verməsi gecikdirilmiş vaxt üçün faizin tənasübsüz surətdə artmasına səbəb olduğundan, birinci instansiya məhkəməsi 564 manat faiz borcunun (11279,18 x 5%÷12 ay=563,959≈564) tutulmasını gecikdirilmiş vaxt üçün ədalətli hesab etməkdə haqlı olmuşdur. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir.

22. Kollegiya həmçinin iddianın cərimənin ödənilməsi hissəsində hesab edir ki, iddianın cərimə məbləğinə dair hissəsinin qismən əsaslı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

23. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir.

25. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kollegiya iddia ərizəsində göstərilən cərimənin 3768.88 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini ədalətli və məqsədəmüvafiq sayır.

26. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, müqavilənin bitdiyi tarixdən 23.12.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanan borc tələbinin və cərimə borcu tələbinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1889/2021 saylı, 08.07.2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar