Məhkəmə qərarları › İş №2(103)-1057/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1057/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1057/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı iş üzrə (Açar sözlər:faiz borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 452nkFİL8/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24 faizlə 12800 ABŞ dolları məbləğində kredit verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin müqavilə üzrə 5811,12 ABŞ dolları faiz borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118,79 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş olsa da, cavabdeh üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş, banka olan borcunu tam ödəməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1823/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia qismən təmin olunmuş, Cavabdeh faiz borcunun əvəzi kimi 5810,39 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi kimi 115 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə mətni olduqca kiçik şriftlərlə yazıldığından və pis gördüyündən oxuya bilməyib. Bank müqavilə mətnlərini belə tərtib etməklə əslində qarşı tərəf üçün əlverişsiz şərait yaradır, onu aldatmaq daha asan olur. Əvvəl bank müqaviləni Azərbaycan manatı ilə ödəniş əsasında bağlasa da, manatıın devalvasiyasından sonra müqaviləni belə tərtib etmək yolu ilə, aldatmaqla dollarla kredit müqaviləsi kimi yenidən tərtib etmişdir. Bu müqavilə isə onun üçün tamam əlverişsiz olub. İlk dəfə ABŞ dolları ilə ona verilmiş kreditin faiz dərəcəsi manatla ifadə etdikdə 40,8 faiz olub. Dollara görə 17 faiz dərəcəsi isə manatla 28,9 faiz olub.Bu tamamilə soyğunçu kredit siyasətidir. Müqavilə etimad və vicdanlılıq prinsiplərinə zidd olub. Qanuna görə öhdəlik borclunun təqsiri olmadan baş vermis halların nəticəsində icra edilməzsə bu gecikdirmə sayılmır. 04 noyabr 2021-ci il tarixdən gözdən əlildir. İddiaçı işin bu faktiki halını nəzərə almayıb. Halbuki, bu barədə onu məlumatlandırıb. Məhkəmə də belə mühüm halı nəzərə almayıb. Məhkəmədə ixtisaslaşmış vasitəçilərin köməyindən istifadə etmək hüququ, nəticədə məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçı "xxxx" KB ASC vəsatətlə məhkəmə müraciət edərək iddiaçının "xxxx" ASC ilə əvəz olunmasını, yaxud sonuncunun iddiaçı tərfindən 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin hazırkı iş üzrə tələb hüququ xx.xx.2022-ci il tarixli müqaviləyə edilmiş xx.xx.2024-cü il tarixli, 17 saylı Əlavə əsasında "xxxx" ASC-yə keçmişdir.

11. 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 9/6207 nömrəli rəyi ilə cavabdehin Banka 27 iyun 2022-ci il tarixə 4,76 ABŞ dolları əsas, 5810,39 ABŞ dolları faiz borcu müəyyən edilmişdir.

20. Ekspert rəyi ilə cavabdehin Banka əsas borcunun olduğu müəyyən edilsə də, həmin borc tələb edilmədiyindən birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə yalnız faiz borcunun cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir.

21. MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişin şərtlərinə görə cavabdehin ödədiyi məbləğlər ilk növbədə əsas borcun ödənilməsinə yönəldilmişdir. Məhz elə buna görə də faiz borcu üzrə ödənilməmiş borc yaranmışdır.

23. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə məhkəmə kollegiyası cavabdehin vəsatəti üzrə üç dəfə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

24. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/988 saylı rəyi ilə 27 iyun 2022-ci il tarixə olan faiz borcunun məbləği 8202,01 ABŞ dolları, 10 iyul 2024-cü il tarixli, 9/3948 saylı rəyi ilə 5810,39 ABŞ dolları, 18 oktyabr 2024-cü il tarixli, 9/7733 saylı sonuncu rəyi ilə isə 6311,46 ABŞ dolları müəyyən olunmuşdur.

25. Göründüyü kimi, 11 sentyabr 2023-cü il və 10 iyul 2024-cü il tarixli rəylərdə faiz borcunun məbləğinin eyni miqdarda, yəni 5810,39 ABŞ dolları olduğu, digər iki rəydə isə müvafiq olaraq 8202,01 ABŞ dolları və 6311,46 ABŞ dolları olduğu qeyd edilmişdir. İddiaçının tələbi isə 5811,12 ABŞ dolları faiz borcunun tutulması barədədir. Məhkəmə tələbi ekspert rəyinə uyğun olaraq qismən – 5810,39 ABŞ dolları hissəsində təmin etsə də, iddiaçı tələbin təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Alınmış ekspert rəylərinin heç birində fazi borcunun məbləği qətnamə ilə tutulan məbləğdən, yəni 5810,39 ABŞ dollarından aşağı müəyyən olunmamışdır. Ekspert rəylər arasında fərqin yaranması səbəbini hazırkı tədqiqatda ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bütün ödənişlər nəzərə alınmaqla hesablamaların aparılması ilə izah etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh etdiyi ödənişlər nəticəsində Banka qət olunmuş məbləğdən, yəni 5810,39 ABŞ dollarından daha az borcunun qaldığına dair heç bir sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya baxışı zamanı 4-cü dəfə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına da lüzum görmədi və bununla bağlı cavabdehin vəsatətini əsassız sayaraq rədd etdi.

28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh gözdən əlil olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin bu barədə Bankı məlumatlandırdığını sübuta yetirə bilməmişdir. Bundan əlavə, apellyatorun istinad etdiyi dəlillər kredit müqaviləsinin etibarsızlığının əsasını təşkil edə bilər ki, cavabdeh də bunu mübahisələndirməmişdir. Kollegiya bu qənaətə gələrkən cavabdehin əsas borcu ödədiyini, faiz borcunun ödənilməsi ilə bağlı hazırkı dəlilləri Bank məhkəməyə müraciət etdikdən sonra formal olaraq irəli sürdüyünü də nəzərə alır.

29. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar