Məhkəmə qərarları › İş №2(103)-10573/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10573/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10573/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat borcun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda İ qrup əlildir və mütəmadi olaraq müalicə alır. Bakı şəhəri, Xəzər r-nu, Buzovna qəsəbəsində 3 sot torpaq sahəsində bir mərtəbəli ev tikmək qərarına gəlmiş, bu səbəbdən də usta kimi tanıdığı cavabdehə müraciət etmişdir. O, iddiaçıya 11000 manata evi tikib təhvil verəcəyini bildirmiş, iddiaçı isə bankdan 15 min manat kredit götürmüşdür. 2018-ci ildən başlayaraq mütəmadi olaraq cavabdehə hissə-hissə 11000 manat ödəmiş, 7 mart 2018-ci il tarixində axşam saat 19:00-da Cavabdeh onlara gələrək 4000 manat pul istəmişdir. Yoldaşı ilə cavabdehi çoxdan tanıdığı üçün ona həmin 4000 manatı vermiş, 10 iyul 2018-ci il tarixində xaricə müalicəyə gedəndən sonra qaytaracağını demişdir. Lakin ondan sonra çoxlu müddət keçməsinə baxmayaraq pulu geri qaytarmamışdır. Daha sonar iddiaçı cavabdehin ev nömrəsinə zəng etmiş və onun Qubada olduğunu öyrənmişdir. Bir həftədən sonra iddiaçı cavabdehin əslində Qubada yox Almaniyada olduğunu öyrənmiş, 7 aydan sonra geri qayıdanda da cavabdeh borcu qaytarmaqla bağlı heç bir hərəkət etməmişdir. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi aşağıdakı normalara istinad edərək iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiası ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma 4000 manat pulun cavabdehin xahişi əsasında borca verdiyini bildirir. Lakin, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, borcun olmasını və qaytarılmasını təsdiq edən ifadələri, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinə uyğun olaraq ilk növbədə onun tərəfindən cavabdehə borc pul verilməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin iddiaçılar öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarından və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətləri olmamış, eyni zamanda iddiaçılar 4000 manat vəsaitin cavabdehə verməsini sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləd vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Mülki Məcəllənin 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar