Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10585/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-4243/2021 saylı qətnaməsindən cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi və bu barədə qeydin aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" KB QSC-nin əməliyyat sistemində və Cavabdeh2 MMC-nin kredit bürosundan çıxarışında qeyd olunmuş 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 199.998 manat kreditin qalıq məbləği və 58.717 manat 47 qəpik faiz borcunun olmamasının müəyyən edilməsi və onun həmin müqavilə üzrə borcu olmaması barədə qeydin aparılmasının cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli 2(009)-1117/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı "xxxx" KB QSC-nin xeyrinə 199.998 manat əsas borc, 58.717 manat 47 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29.252 manat 34 qəpik və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və yeni qətnamə qəbul edilərək "xxxx" KB QSC-nin iddiası rədd edilmişdir. "xxxx" KB QSC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(102)-57/2020 saylı qərarı ilə LPO "xxxx" KB QSC-nin kassasiya şikayəti təmin edilməmişdir. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının gəldiyi nəticəyə əsasən, İddiaçı "xxxx" KB QSC qarşısında olan öhdəlikləri 19.02.2015-ci il tarixli müqaviləyə uyğun olaraq X1 "xxxx" MMC-də olan təsis payının hesabına tam icra olunmuşdur (14.01.2020-ci il tarixli qərar, 4-cü vərəq, 5-ci abzas). Lakin qeyd edilənlərə baxmayaraq, məlumat təchizatçısı olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 MMC-də İddiaçı adında aktiv öhdəlik kimi qeyd edilmiş yuxarıda göstərilən kreditin silinməsi üçün müraciət etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə 19.04.2021 və 20.04.2021-ci il tarixlərdə yazılı müraciət edilməsinə baxmayaraq, heç bir faydası olmamışdır. Göründüyü kimi, İddiaçı öhdəliyi tam icra olunsa da, borcun tam ödənilməsi barədə məlumatlar Cavabdeh2 MMC-nin İddiaçı aid kredit tarixçəsinə əlavə edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-4243/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməsi, İddiaçı 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi və həmin müqavilə üzrə borcunun olmaması barədə qeydin aparılması öhdəliyi "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməklə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-4243/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli, 2(102)-57/2020 saylı qərarında bankın üzərinə hər hansı öhdəliyin qoyulmasından bəhs edilməmişdir. Məhkəmə aktının əsaslandırılmaması özü-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsiplərə də cavab vermir. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş “Azərbaycan Kredit Bürosu” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-4243/2021 saylı qətnaməsi- LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində və Cavabdeh2 MMC-nin kredit bürosundan çıxarışında qeyd olunmuş 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 199.998 manat kreditin qalıq məbləği və 58.717 manat 47 qəpik faiz borcunun olmamasının müəyyən edilməsi”nin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-4243/2021 saylı qətnaməsinin iddianın 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 199.998 manat kreditin qalıq məbləği və 58.717 manat 47 qəpik faiz borcunun olmaması barədə qeydin aparılmasının cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə həvalə olunması ilə bağlı iddianın təmin edilən hissəsi təşkil edir. Həmin hissədə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(102)-57/2020 saylı qərarından görünür ki, iddiaçı LPO "xxxx" KB QSC cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 199998 manat məbləğində əsas borcun, 58717,47 manat məbləğində faiz borcunun, 29252,34 manat gecikmiş vaxt üçün illik 5%-lə hesablanan borcun, ümumilikdə isə 287967,81 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı QSC “Bank Standart” KBnin xeyrinə 199,998 manat əsas borc, 58717,47 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29252,34 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2019cu il tarixli qətnaməsi qismən – cavabdeh İddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə 199998 manat əsas borcun, 58717,47 manat faiz borcunun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29252,34 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin cavabdeh İddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə 199998 manat əsas borcun, 58717.47 manat faiz borcunun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29252,34 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin olunmaması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində iddiaçı LPO "xxxx" KB QSC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Kassasiya kollegiyası hesab etmişdir ki, İddiaçı LPO "xxxx" KB QSC qarşısında olan borc öhdəlikləri "xxxx" KB QSC, "xxxx" MMC, X3 və X6 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqaviləyə uyğun olaraq X1 "xxxx" MMC-də olan təsis payının hesabına tam icra olunduğu üçün həmin iş üzrə iddia tələbləri əsassızdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kassasiya instansiyası məhkəməsinin sözügedən qərarı qüvvədə olmasına baxmayaraq, məlumat təchizatçısı olan LPO "xxxx" KB QSC Azərbaycan Kredit Bürosuna kredit müqaviləsi üzrə borc məbləğinin mövcud olması barədə əsassız məlumat vermişdir. Həmin məlumat əsasında iddiaçının adına olan kredit tarixçəsinə əsassız olaraq borcun mövcud olması (aktiv öhdəlik) barədə qeydlər edilmişdir. LPO "xxxx" KB QSC həmin borcun və gecikmənin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı müxtəlif instansiyalara, həmçinin iş üzrə cavabdehlərə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən apellyasiya baxışının predmetində qalan hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)- 4243/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə- iddianın 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 199.998 manat kreditin qalıq məbləği və 58.717 manat 47 qəpik faiz borcunun olmaması barədə qeydin aparılmasının cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə həvalə olunması ilə bağlı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10585/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10585/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver