Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-106/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(011)-5090/2023 nömrəli qətnaməsindən iddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən 5 il müddətinə 7500 manat məbləğində kredit xətti açılmışdır.
2. 19 may 2023-cü il tarixli məktub ilə “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.
3. 26 may 2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Əliyev Azərxan Əmirxan oğlunun “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 7184,30 manat əsas borc, 812,12 manat hesablanmış və ödənilməmiş faiz borc, 2071,71 manat cərimə borc, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu olmaqla, cəmi 10070,63 manat borcu yaranmışdır.
4. Əliyev Azərxan Əmirxan oğlu 10 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
5. Bakı şəhər 18 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış, "xxxx" QSC-nin əməkdaşı Əliyev Azərxan Əmirxan oğlunun adına olan 24624,97 manat pul məbləğində miras əmlak almışdır.
6. 02 iyul 2022-ci il tarixli mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə vərəsənin ərizəsindən görünür ki, Cavabdeh Əliyev Azərxan Əmirxan oğlundan irs qalan miras əmlak ünvan 1 ünvanında yerləşən mənzili qəbul etmişdir. Ondan başqa vərəsə yoxdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2013-cü tarixli kredit müqaviləsi üzrə vərəsə Cavabdeh 7184,30 manat əsas borcun, 812,12 manat hesablanmış və ödənilməmiş faiz borcun, 2071,71 manat cərimə borcun, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, cəmi 10070,63 manat borcun və dövlət büdcəsinə köçürülmüş 120,21 manat dövlət rüsumunun, “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, 30 aprel 2013-cü il ildə “X13 Azərbaycan” QSC və Əliyev Azərxan Əmirxan oğlu arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Əliyev Azərxan Əmirxan oğluna istehlak yönümlü 7500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Əliyev Azərxan Əmirxan oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən, “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 7184,30 manat əsas borc, 812,12 manat hesablanmış və ödənilməmiş faiz borc, 2071,71 manat cərimə borc, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu olmaqla, cəmi 10070,63 manat təşkil edir. Əliyev X7 qarşısında olan öhdəliklərini lazımınca icra etməməsi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. Banka daxil olmuş xx.xx.2022-ci tarixli, e- 2(005)- 4848/2022 nömrəli məhkəmə qərardadından məlum olmuşdur ki, Əliyev Azərxan Əmirxan oğlu 10 may 2022-ci il tarixində vəfat etmişdir. ünvan 2 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş 18 noyabr 2022-ci il tarixli reyestr 2V-376 nömrə ilə qeydiyyatı olan V-128/2022 saylı və 18 noyabr 2022-ci il tarixli reyestr 2V-377 nömrə ilə qeydiyyatı olan V-128/2022 saylı vərəsəlik işində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən olundu ki, Cavabdeh 10 may 2022-ci il tarixində vəfat etmiş Əliyev Azərxan Əmirxan oğlunun yegəna vərəsəsidir və o miras əmlakdan tam hissədə pay almalıdır. Cavabdeh 18 yaşının 2024-cü il mart ayında tamam olması ilə əlaqədar V-128/2022 saylı vərəsəlik işi üzrə müvafiq sənədləri onun əvəzinə qanuni nümayəndəsi və qəyumu hesab olunan anası X4 imzalamışdır.
9. Cavabdeh məhkəməyə etiraz ilə müraciət edərək, bildirmişdir ki, iddiaçının iddianın əsası olaraq məhkəməyə təqdim etdiyi tərəflər arasında bağlanmış 30 aprel 2013cü il tarixli Bank hesabı debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin 4.26-cı bəndinə görə “müqaviləyə əsasən bank 5 il müddətinə 7500 manat məbləğində kredit kartı limiti açır (kredit xətt i), kart/əlavə kart sahibi işə həmin kredit limitini (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komission və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilədə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür”. İddiaçının məhkəməyə təqdim etdiyi “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə mərhum Əliyev Azərxan Əmirxan oğlunun aralarında 30 aprel 2013-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilə 5 il müddətinə bağlanmış, müqavilə əsasında kredit alana kredit xətti açmaqla təqdim edilməsi nəzərdə tutulmuş 7500 manat vəsaitin nə vaxt, hansı tarixdə verilməsi, verilən tarixdən əsas və faiz borcundan hansı məbləğlərdə ödənişlər edilməsi hallarını təstiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, tərəflər arasında bağlanmış müqavilə 5 il müddətinə bağlanması və həmin müqavilənin müddəti bitdiyi gündən iddiaçının kredit alanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı AR MM-nin 373.2-ci maddənin tələblərinə uyğun olaraq üç il ərzində, yəni 30 aprel 2021-ci ilədək kredit alandan borcunu tələb edə bilərdi. İş materiallarından görünür ki, iddiaçı nə müqavilənin qüvvədə olduğu müddətdə, nə müqavilənin müddəti bitdiyi gündən sonra qanunla nəzərdə tutulmuş 3 il müddətində Əliyev Azərxan Əmirxan oğluna qarşı belə bir tələb irəli sürməmiş, hazırki tələblə mərhum Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsinə qarşı 26 may 2023-ci il tarixdə məhkəməyə müraciət etməsi, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqda qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddia rədd edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(011)- 5090/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Qətnamənin əsaslarına görə, “X13 Azərbaycan” QSC ilə Əliyev Azərxan Əmirxan oğlu arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilədən də göründüyü kimi 5 illik müddətinə 7500 manat məbləğində kredit xətti açılmışdır. Göründüyü kimi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. İddiaçı AR MM-nin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq 3 il ərzində yəni xx.xx.2021-ci il tarixədək kredit alandan borcunu tələb edə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında 30 aprel 2013-cü il tarixli müqavilə üzrə icra müddəti 30 aprel 2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 30 aprel 2021-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1, 373.2, 374.1, 375.2, 376, 1133.1, 1151.1, 1243.2, 1243.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayətinin dəlillərinə görə, məhkəmə nəzərə almamışdır ki cavabdeh borclunun vərəsəsidir və mübahisələndirilən kredit müqaviləsi üzrə ödənişlər barədə məlumatsız ola bilər. Cavabdeh ərizə ilə müraciət edib iddia müddətinin tədbiqini istəmişdir. Lakin məhkəmə bu ərizədə göstərilən halların həqiqiliyini araşdırmamış, ərizəyə münasibətdə iddiaçı bankın mövgeyini aydınlaşdırmamışdır. Bununla yanaşı cavabdehin verdiyi ərizə belə elektron məhkəmə sistemində olmamışdır. Məhkəmənin mövgeyi ilə bağlı bıldırək ki, prosessual qanunvericiliyin tələbləri banka münasibətdə gözlənilsəydi, o zaman məhkəməyə məlum olardı ki, kredit müddətinin və iddia müddətinin bitməsinə baxmayaraq borclu Əliyev Azərxan Əmirxan oğlu kart kreditindən istifadə etmiş və kredit borcu üzrə mütamadi ardıcıl odənişlər (mədaxillər) həyata keçirmişdir. Məhkəmənin bu hissədə araşdırması tam dolğun və hərtərəfli olması, işin bütün hallarına obyektiv yanaşması olduğu təqdirdə cavabdehdən və habelə məhkəmə tapşırığı əsasında bankdan kredit kartının istifadəsi hissəsi araşdırılmalı idi. Belə ki, kart krediti barədə hesabdan çıxarışdan göründüyü kimi, müqavilə üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə, iddia müddəti isə xx.xx.2021- ci il tarixdə bitməsinə baxmayaraq borclu Əliyev Azərxan Əmirxan oğlu xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək kart krediti limitindən kifayət qədər aktiv istifadə etmişdir. Lakin məhkəmə cavabdehin ərizəsinə kartın istifadəsi ilə bağlı məqamları aydınlaşdırmamış və nəticədə yalnış nəticəyə qəlmişdir. Beləliklə də, borclunun kart hesabından çıxarışından da göründüyü kimi, Borclu kredit müddətinin bitməsinə baxmayaraq mütamadi ardıcıl odənişlərin həyata keçirilmişdir, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Belə olan təqdirdə iddia müddətinin axımı kəsilir. Lakin göründüyü kimi bu hissədə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmamışdır. əyə borcludurlar, məsuliyyət daşıyırlar və miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Belə olan halda məhkəmə qanunvericiliyin tələbinə əsasən vərəsə borcları barədə məlumatlı olmuş, lakin mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməmişdir. Cavabdehin borcla bağlı Banka müraciət etməsini, Bank əməkdaşının borcunun olmaması bağlı verdiyi izahı ilə bağlı sübut edən dəlil məhkəməyə təqdim edilməməsinə və məhkəmənində bu halla bağlı sübut təqdim etməsini cavabdehdən tələb etməməsinə baxmayaraq, məhkəmə bunun işin faktiki halı kimi qiymətləndirmişdir. Qanunvericiliyin tələblərinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Görundüyü kimi cavabdehin ərizəsinə baxan məhkəmə, ərizədə göstərilənləri sübut etmək vəzifəsindən cavabdehi azad etmişdir. halbu ki, yalnız hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bankaisə cavabdehin ərizəsində göstərilənləri təqzib etmək üçün şərait yaradılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunaraq bildirilmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin normalarının tələblərinə zidd olaraq apellyasiya şikayətinə əlavə edərək, məhkəmə kollegiyasına təqdim etdiyi tarixi, qeydiyyat nömrəsi, qeyd edilməmiş, 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə bank hesabına mədaxil cədvəli iş üzrə sübut olaraq qəbul edilərək araşdırıla bilməz. Ona görə ki, həmin sənəd hazırki iddia tələbi ilə tam uyğunsuzluq təşkil edir. Belə ki, həmin cədvəldə mərhum Azərxan Əliyevə 30 aprel 2013-cü il tarixdə 7500 manat kredit verilməsi və vəfat edən günə onun banka hər ay ödənişlər etməsi müəyyən edildiyi halda, onun vəfat edən günə 7184 manat borcun qalmasını təsdiq edən hallar öz əksini tapmamış, hətta 10 may 2022- ci il tarixdə vəfat etmiş Azərxan Əliyev tərəfindən bank hesabına 02 sentyabr 2022-ci il, 03 sentyabr 2022ci il, 04 sentyabr 2022-ci il, 05 sentyabr 2022-ci il və 01 oktyabr 2022-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər etməsinə dair məlumatlar əks etdirilməsi həmin sənədin həqiqətə uyğun olmaması, saxta olmasın dəlalət edir. Cavabdeh hesab edir ki, məhkəmənin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü əsas götürməklə iddianın təmin edilməməsinə dair gəldiyi nəticə əsaslı hesab edilməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
17. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 11 yanvar 2024-cü il tarixli, 2(103)-471/2024 nömrəli qərardadına əsasən iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə kompüter – texniki ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsinə "xxxx" MMC və "xxxx" MMC Prosessinq təşkilatlarından mütəxəssislər cəlb olunaraq rəy alınması qərara alınmışdır: - “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş, iş materiallarının 104-təşkilatının əməliyyat sistemində olan məlumatlara əsasən tərtib olunmuşdurmu? - “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Əliyev Azərxan Əmirxan oğluna təqdim olunmuş kartın istifadə müddəti bitdikdən, yəni, 30 aprel 2018-ci il tarixdən sonra həmin kart vasitəsilə hər hansı bir əməliyyat (məxaric və ya mədaxil) aparılmışdırmı? - Kartın müqaviləyə əsasən müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra həmin kartla hər hansı bir əməliyyatın aparılması mümkündürmü? - “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə kartın istifadə müddəti bitdiyi vaxta, yəni, 30 aprel 2018-ci il tarixə qədər əsas borc, faiz borcu və cərimənin məbləği nə qədər təşkil edir? - “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Əliyev Azərxan Əmirxan oğlunun vəfat etdiyi 10 may 2022-ci il tarixə qədər əsas borc, faiz borcu və cərimənin məbləği nə qədər təşkil edir? - “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış 30 aprel 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə bildirişin (pretenziya) göndərildiyi 19 may 2023cü il tarixə qədər əsas borc, faiz borcu və cərimənin məbləği nə qədər təşkil edir?
19. "xxxx" MMC-nin təhlükəsizlik departamentinin direktoru X9 tərəfindən verilmiş rəyin nəticə hissəsində qeyd olunmuşdur ki: - Əliyev Azərxanın istifadəsindəki “X13 Azərbaycan” QSC-nin məhsulu olan ödəniş kartı sonuncu dəfə əməliyyat 26 aprel 2022-ci il tarixdə olub; - 09 may 2022-ci il tarixdə MilliÖN ödəmə terminalı vasitəsilə kart hesabına 785 manat pul vəsaiti qoyulub; - Əliyev Azərxanın istifadəsindəki “X13 Azərbaycan” QSC-nin məhsulu olan ödəniş kartının istifadə müddəti bitdikdən sonra kartdan istifadə halı müəyyən olunmayıb.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı: ....İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: .... Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarı: ....İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. İddiaçı apellyasiya şikayətində ilkin olaraq onu mübahisələndirir ki, birinci instansiya məhkəməsinin hakimi çəkişmə prinsipinə əməl etməmiş, iddiaçı bankın cavabdehin ərizəsinə münasibətdə mövgeyini öyrənməmişdir. Cavabdeh ərizə ilə müraciət edib iddia müddətinin tədbiqini istəmişdir. Lakin məhkəmə bu ərizədə göstərilən halların həqiqiliyini araşdırmamış, ərizəyə münasibətdə İddiaçı Bankın mövgeyini aydınlaşdırmamışdır. Bununla yanaşı cavabdehin verdiyi ərizə belə elektron məhkəmə sistemində olmamışdır. Məhkəmənin mövgeyi ilə bağlı bıldırək ki, prsessual qanunvericiliyin tələbləri İddiaçı Banka münasibətdə gözlənilsəydi, o zaman məhkəməyə məlum olardı ki, kredit müddətinin və iddia müddətinin bitməsinə baxmayaraq borclu Əliyev Azərxan Əmirxan oğlu kart kreditindən istifadə etmiş və kredit borcu üzrə mütamadi ardıcıl odənişlər (mədaxillər) həyata keçirmişdir.
28. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, iddia müddətinin tətbiqi barədə 31 iyul 2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, 01 avqust 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası 15 avqust 2023-cü il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 01 avqust 2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsi ilə bağlı ərizəsini nəzərə almışdır. Bundan sonra iddiaçı yenidən ərizə ilə müraciət edərək 15 avqust 2023cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirməyə imkanı olduğu halda bu imkandan istifadə etməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir prosessual pozuntuya yol verilməmişdir.
29. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, məhkəmə cavabdehdən və habelə məhkəmə tapşırığı əsasında bankdan kredit kartının istifadəsi hissəsi araşdırılmalı idi. Belə ki, kart krediti barədə hesabdan çıxarışdan göründüyü kimi, müqavilə üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə, iddia müddəti isə xx.xx.2021- ci il tarixdə bitməsinə baxmayaraq borclu Əliyev Azərxan Əmirxan oğlu xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək kart krediti limitindən kifayət qədər aktiv istifadə etmişdir. Lakin məhkəmə cavabdehin ərizəsinə kartın istifadəsi ilə bağlı məqamları aydınlaşdırmamış və nəticədə yalnış nəticəyə qəlmişdir. Beləliklə də, borclunun kart hesabından çıxarışından da göründüyü kimi, Borclu kredit müddətinin bitməsinə baxmayaraq mütamadi ardıcıl odənişlərin həyata keçirilmişdir, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Belə olan təqdirdə iddia müddətinin axımı kəsilir. Lakin göründüyü kimi bu hissədə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmamışdır.
30. Bununla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə elektron kabinetə yerləşdirildiyi halda ərizəyə etiraz və etirazı əsaslandıran sübutları təqdim etmək iddiaçının hüququdur, bu, məhkəmənin vəzifəsi hesab edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi iddiaçı bü hüququndan istifadə etməmiş, həmin sübutları yalnız apellyasiya şikayətinə əlavə etmişdir.
31. İş üzrə obyektivliyin təmin olunması, işin hallarının hərtərəfli araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu xüsusatlar araşdırılmışdır.
32. Müqavilə üzrə öhdəliklərin icra müddəti 30 aprel 2018-ci il tarixdə başa çatdığından bu müqavilə üzrə iddia müddəti isə 30 aprel 2021-ci il tarixdə bitmişdir. Bu hal işdə işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir və məhkəmə kollegiyası bu xüsusatı işin mübahisələndirilməyən halı hesab edir.
33. Tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi üçün həmin müqaviləyə əlavə və ya dəyişiklik olunmalı və ya yeni müqavilə bağlanmalı idi. Tərəflər arasında bağlanmış müqavilə yazılı formada olduğu üçün əlavə və dəyişikliklərin də yazılı formada bağlanması qanunvericiliyin tələbidir. (MM - 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.) Lakin tərəflər arasında belə bir razılaşma mövcud deyildir.
34. İddiaçı tərəfindən mübahisələnidirilən hal borclu Əliyev Azərxan Əmirxan oğlu tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək kreditdən istifadə olunması, kart vasitəsilə ödənişlər aparılmasıdır.
35. "xxxx" MMC-nin təhlükəsizlik departamentinin direktoru X9 tərəfindən verilmiş rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, “xx.xx.2018-ci il tarixində Əliyev Azərxan bankın çağrı mərkəzinə zəng etmiş və onun istifadəsində olan ödəniş kartının müddətinin bitdiyini və hər hansı əməliyyat edə bilmədiyini bildirmişdir. Buna cavab olaraq bank çağrı mərkəzinin əməkdaşı tərəfindən Əliyev Azərxana ödəniş kartının yenilənməsi təklif olunmuş və Əliyev Azərxan bu təklifə müsbət cavab vermişdir. Qarşı tərəfin razılığı əsasında Əliyev Azərxana yeni kart hazırlanmış (öncəki kart ilə eyni nömrəli) və Azərxan Əliyevə “ARS” çatdırma şirkəti ilə 13 iyun 2018-ci il tarixində təhvil verilmişdir. Bu kartdan dəfələrlə ödənişin həyata keçirilməsi bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında təsdiq edilmişdir. Dinlədiyim digər səs yazısına əsasən 10 avqust 2021-ci il tarixində bankın çağrı mərkəzindən Əliyev Azərxana zəng edilmiş və mövcud kartının bankın yeni məhsullarından olan təmassız kart ilə əvəz olunması təklifi verilmiş və Əliyev Azərxan buna müsbət cavab vermişdir. Bank yeni, təmassız kart (öncəki kart ilə eyni nömrəli) hazırlamış və Əliyev Azərxana təhvil götürməsi üçün 28 may filialına göndərilmişdir. Bu kart Əliyev Azərxan tərəfindən götürülməmiş və 29 aprel 2022-ci il tarixində ləğv edilmişdir. Bank tərəfindən təqdim edilmiş əməliyyat tarixçəsinə əsasən Əliyev Azərxanın istifadəsində olan kartla ödənişin (alış - veriş) sonuncu dəfə 26 aprel 2022-ci il tarixində həyata keçirildiyi müəyyən olunmuşdur. Tədqiqat zamanı qeyd olunan kartın Əliyev Azərxana ARS” çatdırma xidməti tərəfindən təhvil verilməsi barədə sübut ancaq həmin şirkət tərəfindən təqdim edilən təhvil verilmə əməliyyatlarının siyahısı idi ki, həmin siyahıda da Əliyev Azərxanın kartı təhvil götürməsini təsdiqləyən imzası yox idi.”
36. Beləliklə mütəxəssis rəyinə əsasən belə nəticəyə gəlinir ki, 30 aprel 2013-cü il tarixli müqavilə əsasında Əliyev Azərxana təhvil verilmiş kartın istifadə müddəti 30 aprel 2018-ci il tarixdə başa çatmış və bu müddətdən sonra kartdan istifadə halı müəyyən olunmamışdır (rəyin nəticəvi hissəsinin 3-cü bəndi).
37. Müqavilə münasibətlərinin davam etdirilməsi qənaətinə gəlinməsi üçün yuxarıda qeyd olunduğu kimi hər hansı bir müqavilə (uzadılma, əlavə və s.) mövcud deyildir. Bank tərəfindən hazırlanmış yeni kart üzrə tərəflərin öhdəlik münasibətlərinin yaranması üçün ən azı həmin kartın Əliyev Azərxana təhvil verilməsini təsdiq edən sübut olmalı idi. Lakin rəylə sübut olunur ki, yeni kartın Azərxan Əliyevə “ARS” çatdırma şirkəti ilə 13 iyun 2018-ci il tarixində təhvil verilməsi sübuta yetirilmir, yenidən hazırlanmış təmassız kart (öncəki kart ilə eyni nömrəli) Əliyev Azərxana təhvil götürməsi üçün 28 may filialına göndərilsə də götürülmədiyindən 29 aprel 2022-ci il tarixində ləğv edilmişdir.
38. Bundan başqa iddaçı apellyasiya şikayətində kartdan mərhum tərəfindən istifadə olunmasına istinad etsə də, apellyasiya instansiyası məhkəməsində araşdırmanın davam etdirildiyi uzun müddət ərzində kartdan Azərxan Əliyev tərəfindən istifadə edilməsini təsdiq edən hər hansı bir sübut (videogörüntü) məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə tərəfindən kartdan müqavilə müddəti bitdikdən sonra istifadə olunmasının məhz son zamanlar məhkəmə təcrübəsində geniş istifadə olunan, Konstitusiya Məhkəməsinin bəzi qərarlarında vurğulanan mövqeyə uyğun olaraq “şəxsin sonrakı davranışları ilə müqavilə şərtlərini qəbul etməsi, əqdin bəyənilməsi” kimi qiymətləndiriliməsi də mümkün deyildir. Halbuki, MPM-nin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(011)- 5090/2023 nömrəli qətnaməsindən iddiaçı “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(011)- 5090/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Məhəmməd Rüstəmli
Xəyal Sarıyev