Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1060/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-71/20 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində Cavabdeh3 İB cəlb olunmaqla cavabdehlər Hüseynli Cavad Xanhüseyn oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, 17 saylı evdə cavabdehlər Hüseynli Cavad Xanhüseyn oğlu və Cavabdeh2 təqsiri üzündən baş vermiş partlayış nəticəsində onların əmlakına dəymiş 11.663 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ünvanlayaraq, dəymiş maddi zərərə görə 3.637 manat və mənəvi zərərlə bağlı 5.000 manat, ümumilikdə 8.637 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını, eləcə də cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-71/20) iddia təmin edilməmişdir. İddiaçılar bundan narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar iddia ərizəsi və sonradan iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, əvvəllər tərəflər arasında başqa bir məhkəmə mübahisəsi də olmuşdur. Belə ki, hazırda cavabdehlər, lakin o zaman iddiaçılar olmuş Cavabdeh1 və Cavabdeh2 onlara qarşı iddia qaldırmış və həmin iş üzrə Ali Məhkəmənin məhkəmə kollegiyasi tərəfindən xx.xx.2019-cu il tarixdə yekun qərar qəbul edilmişdir. İlkin iddia ərizəsində dəymiş maddi zərərə cavabdehlərdən 11.663 manat pulun tutulması tələbi qoyulsa da, həmin zərərin miqdarının hansı mütəxəssis hesabatı və ya ekspert rəyi ilə təsdiq edilmələri barədə sübutları ərizəyə əlavə edə bilmədiklərindən, hazırda FHN-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2016-cı il tarixli qərarda müəyyən edilmiş ekspert rəyinə istinad edərək iddia tələbinin maddi zərərlə bağlı hissəsini azaltmaq məcburiyyətindədirlər. Belə ki, sözügüdən qərarda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2016-cı il tarixli, 7886 nömrəli əmtəəşünaslıq ekspertizası rəyinə əsasən, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsində yerləşən, vətəndaş Cavabdeh2 məxsus 17 nömrəli fərdi yaşayış evində partlayışla nəticələnən yanğın hadisəsi nəticəsində əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən İddiaçı1 37 adda malların nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 3.637 manat müəyyən edilir, 6 adda malın isə əmtəə keyfiyyət göstəriciləri və sairə məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. FHN-nin X1 Cavad Hüseyn oğlu izahat verərkən “Fərdi yaşayış evinin qaz cihazlarına və qaz xəttinə qaz idarəsinin nəzarətçisi tərəfindən həmişə baxış keçirilmiş, həmin hadisədən təxminən 3-4 il bundan əvvəl qazın nəzarətçisi evə texniki baxış keçirərkən, hamam otağında qənaətli su qızdırıcısının nəfəslik borusunun və hamamın qapısında dəlik olmadığını bildirmiş, bu barədə akt tərtib etdiyini və həmin günü nöqsanların aradan qaİdırdığını bildirmişdir” qeyd etsə də, nöqsanların aradan qaldırılması barədə o nəinki ibtidai araşdırma aparan orqana, habelə sonradan məhkəməyə heç bir sübutlar təqdim etməmişdir. Belə ki, FHN-nin Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi xx xxxx 2016-cı il tarixi qərarının “Müəyyən etdim” hissəsinin 3-cü səhifəsinin 7- abzasına nəzər yetirilsə “Beləliklə, araşdırma zamanı müəyyən ediİmişdir ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı xətlərin keçmədiyini, eləcə də evdə maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinə çöldən çəkilərək gətirilmiş, 15 mm-lik polad materialdan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava işığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir” şahidi olarıq. Amma ən əsası odur ki, iddiaçılar onlara kirayə verdikləri evin özbaşına tikili olması və heç bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul edilməsi haqqında sərəncam olmamasını əvvəldən bilməklə yanaşı, həmin evə dair heç bir dövlət reyestrindən onun qeydiyyata alınması barədə mülkiyyət hüququnu təssdiq edən sənəd olmadan onlara kirayə vermələri onların əməllərində cinayətin əlamətlərinin olmasına da dəlalət edir. Belə ki, Ali Məhkəmənin MK-nın qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli qərarının hüquqi məsələlər hissəsində qeyd edilmişdir ki, ƏMDK-sı yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Səbail rayon, 2-ci Səlyan döngəsi 17 nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Habelə, hazırda cavabdehlər qismində işə cəlb edilmiş, lakin əvvəllər iddiaçılar olmuş şəxslərin iddia tələbləri ilə bağlı məhkəmələrdə müəyyən edilmiş faktlarla bağlı hallar müəyyən edildiyindən hazırkı mülki işlə əlaqədar onlar MPM-nin 82.3-cü maddəsinə əsasən mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsi mümkünsüzdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh Hüseynli Cavad Xanhüseyn oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, baş verən hadisə zamanı ev iddiaçıların sahibliyində olub. Məlum zərər Cavabdeh1 dəymişdir. Həmçinin, tərəflər arasında sözü gedən halın baş verəcəyi halda öhdəliyin müəyyənləşdirilməsi ilə bağlı müqavilə də olmayıb. X5 tərəfindən verilmiş rəydə də bu barədə məlumat və qeyd göstərilməyib. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Rəvan Dəmirovun cinayət işinin başlanmasının rədd edilməsi haqıında xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 17 radələrində, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsində yerləşən, vətəndaş Cavabdeh2 məxsus 17 nömrəli fərdi yaşayış evində partlayışla nəticələnən yanğın hadisəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərarla müəyyən edilmişdir ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı qaz xətlərinin keçmədiyini, eləcə də, maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinə çöldən çəkilərək gətirilmiş, 15 mmlik polad metaldan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Hadisə zamanı heç kəs xəsarət almamış, hadisə ağır nəticələrə səbəb olmamışdır İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar Hüseynli Cavad Xanhüseyn oğlu və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiaları təmin olunmamışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Hüseynli Cavad Xanhüseyn oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli yanaşmış və onların ay yarım orada yaşadığı vaxt sənədlərinin olmamasını rəhbər tutaraq iddianı təmin etməmişdir. Əgər evin heç bir sənədi yoxdursa, necə müqavilə bağlamaq olar. Azərbaycan Respublikası FHN-nin X3 xx xxxx 2016-cı il tarixli qərarından şikayət vermədiyindən həmin qərar Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsində göstərilənlərlə bağlı preyusidial əhəmiyyətə malikdir. Habelə, hazırda cavabdehlər qismində işə cəlb edilmiş faktlarla bağlı hallar müəyyən edildiyindən hazırkı mülki işlə əlaqədar onlar Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsi ilə mübahisələndirilə bilməz və onların sübut edilməsi mümkünsüzdür. Cavabdehlərin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, Vəkil izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçılar rəsmi müqavilə bağlamadan şifahi razılaşma əsasında kirayə qaldıqları evdə xx.xx.2016-cı il tarixdə baş vermiş partlayış (yanğın) nəticəsində maddi və mənəvi zərərə məruz qaldıqlarını bildirir və bu zərərin əvəzinin ev sahibi olan cavabdehlərdən tutulmasını tələb edirlər. Tələb cavabdehlərdən maddi zərərə görə 3637 manat, mənəvi zərərə görə isə 5000 manat pulun tutulması barədədir. İddiaçıların fikrincə, cavabdehlər texniki cəhətdən təhlükəli və qəzalı vəziyyətdə olan evi heç bir müqavilə bağlamadan onların istifadəsinə verməklə onların zərərə məruz qalmalarına səbəb olmuşlar. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar cavabdehlərin delikt üzrə təqsirli hərəkətləri nəticəsində zərərə məruz qaldıqlarını göstərsələr də, məhkəməyə bununla bağlı, eləcə də tərəflər arasında müqavilə öhdəliklərinin olmasına dair hər hansı sübut təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv araşdırılmasının aparılması təmin olunmuş, tərəflərə prosessual hüquqlarının həyata keçirilməsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müvafiq köməkliklər göstərilmiş, sübutların təqdim olunması üçün real imkanlar yaradılmış, lakin iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişlər. Nəticə etibarilə, məhkəmə haqlı olaraq iddia tələbinin əsası kimi istinad edilən halların sübuta yetirilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə nəzərə almışdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1060/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1060/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver