Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1060/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “borcun qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1782/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 105804- 593318/5 nömrəli kredit müqaviləsinə əsasən, bank şəxsi istehlak məqsədi üçün borcalana 38 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla 15.000 manat məbləğində pul vermiş, borcalan isə kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.
2. Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, ümumi borc məbləğinin gecikmədə olan 2.673,79 manat məbləğində vəsait xəbərdarq alındığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq ödənilməlidir. Qrafik üzrə aylıq ödəniş 522,02 manat təşkil edir. Gecikmədə olan borc ödənilmədiyi təqdirdə məhkəmə qaydasında qanunverciliyə uyğun daha ciddi tədbirlər görüləcəkdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, 105804- 593318/5 nömrəli kredit müqaviləsi üzrə cavabdehin 11.857,98 manat əsas, 875,31 manat faiz borcu olmaqla, ümumilikdə borc 12.733,29 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. xx.xx.2023-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 11.857,98 manat məbləğində əsas borc və 875,31 manat faiz borcu olmaqla, ümumilikdə 12.733,29 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı Cavabdeh 11.857,98 manat məbləğində əsas borc və 875,31 manat faiz borcu olmaqla, cəmi 12.733,79 manat borcun və 128,6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1782/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 105804-593318/5 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək yaranmış 11.857,98 manat əsas borc və 875,31 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,6 manat, cəmi 12.861,89 manat məbləğində pulun tutulması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,6 manat məbləğində pul tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, kredit müqaviləsi üzrə dəqiq borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və qətnamənin ləğv edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbi ilə razı deyil, kredit müqaviləsi xx.xx.2022-ci il tarixində 38 ay müddətinə bağlanılmışdır, tərəfindən gecikmələr olsa da, növbəti ayda bütün yaranmış borcları ödəmişdir. Bank ilə bağlanmış kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən ödəniş cədvəlində müəyyən edilmiş ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödənməməsi (gecikdirilməsi) halda bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin müqavilənin 7.2-ci bəndinə görə əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişlər müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə vaxtı keçmiş kredit hesab edilir. Tərəfindən 2 dəfə ardıcıl olaraq ödənməməsi və ya 30 təqvim günündən artıq gecikdirilmə halları iddia ərizəsində və iş materiallarında göstərilməmişdir və sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o icra gecikdirmiş sayılmır. Məhkəmə araşdırması zamanı prosessual normalar da kobud pozulmuşdur. xx.xx.2023-ci il tarixində cavabdeh iş üzrə məhkəməmühasibatlıq ekspertizasını keçirilməsinə dair vəsatət qaldırmış, lakin məhkəmə vəsatətə əhəmiyyət və hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin hüquqlarına aid halları araşdırmamış, bank ilə yaranmış mübahisədə tərəfindən kredit müqaviləsinin hansı şərtlərini pozulub-pozulmamasını tədqiq etməmişdir. İddiaçı iş üzrə tək maliyyə arayışı təqdim etməklə faktiki müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmişdir, öz tələbini lazımi qaydada sübut etməmişdir, məhkəmə isə tək bankın maliyyə arayışı əsasında mübahisəni həll etmişdir. Tərəfindən verdiyi vəsatətə hüquqi qiymət verilməmiş, müvafiq qərardad çıxarılmamışdır. Məhkəmə “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” nöqteyi nəzərdən araşdırma aparmışdır, faktiki işin halları odur ki, əslində kredit müqaviləsinin ləğvi və kredit vəsaitlərinin vaxtından əvvəl qaytarılmasından söhbət gedir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.
22. Apellyasiya şikayətində cavabdeh gecikmələr olsa da, növbəti ayda bütün yaranmış borcları ödədiyini bildirsə də, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında borcun ödənilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası təxirə salınmış, lakin sonradan cavabdeh borcun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir.
23. İşdə olan ödəniş cədvəlindən və maliyyə arayışından müəyyən edilir ki, cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 522,02 manat olduğu halda, xx.xx.2023-cü il tarixinə onun iddiaçı banka artıq gecikmədə olan 2.673,79 manat borcu yaranmışdır. İddiaçı həmin borcun ödənilməsini cavabdehdən tələb etmişdir. İşdən görünür ki, cavabdehin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, vəsatətə hər hansı sübut-ödəniş qəbzləri əlavə olunmadığından, bununla bağlı məhkəmə iclası dəfələrlə təxirə salındığından, vəsatət yalnız işə baxılmasını yubatmaq xarakteri daşıdığı səbəbindən təmin edilməmişdir.
24. Cavabdeh tərəfindən apellyasiya şikayətinə də gecikmədə olan borcun ödənildiyi barədə hər hansı sənəd əlavə edilməmiş, bu səbəbdən məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1782/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: