Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1061/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-251/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan xx xxxx 2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 895 Avro əsas, 138 Avro kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 1033 Avro məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 25% ödənilmək şərtilə 30000 Avro məbləğində kredit vəsaiti verilmiş, lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-251/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddia tələbini təsdiq edən sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydasında cavabdehə bildiriş göndərilmiş, xəbərdarlıq edilmiş, bundan sonra cavabdeh banka müqavilənin onun tərəfindən imzalanmadığını bildirməmiş, bu məsələnin araşdırılması üçün banka və ya digər quruma məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh xx xxxx 2019-cu il tarixinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 895 Avro əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 138 Avro faiz borcu olmaqla, cəmi 1033 Avro borcu vardır. Eyni zamanda maliyyə arayışında müqavilə müddəti üçün hesablanmış faiz “0” Avro qeyd edilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin icra etmədiyi öhdəliklər nəticəsində yaranmış borcunun ödənilməsini tələb edir. Birinci intansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsaslanaraq iddia qaldırsa da, həmin müqaviləni, eyni zamanda müqavilədə nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsini təsdiq edən məxaric orderini məhkəməyə təqdim etmədiyindən, iddiaçı tərəf cavabdehlə müqavilənin bağlanmasını və həmin müqavilə əsasında cavabdehə 30000 Avro kreditin verilməsini sübut edə bilmədiyindən iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının iddia tələbində tələb etdiyi borc məbləği cavabdehlə arasında bağlandığını istinad etdiyi xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmışdır, hansıki həmin kredit müqaviləsi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edilməmişdir. Eləcə də həmin müqavilə üzrə cavabdehə 30000 Avro məbləğində kreditin verilməsini təsdiq edən kassa məxaric sənədi də təqdim olunmamışdır. İddianın əsasılığına dair yalnız cavabdehin adına tərtib olunmuş maliyyə arayışı əlavə olunmuşdur. Apellyasiya şikayətində iddiaçı iddia tələbini təsdiq edən sənədlərin iddia ərizəsinə qoşma kimi əlavə edildiyini qeyd etmişdir. Halbuki, iddia ərizəsinin qoşmasından görünən odur ki, borc tələbinin əsasını təşkil edən müqavilə, həmçinin kreditin verilməsini təsdiq edən kassa məxaric sənədi əlavə edilməmişdir. "Banklar haqqında'' Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X2 tərəfindən 2013-cü il 30 iyul tarixli 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında" Təlimatın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. Göründüyü kimi, banklar tərəfindən müvafiq sənədlərin saxlanması üçün müddət müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. İddiaçı tələb etdiyi borc öhdəliyini təsdiq edən müqaviləni və kassa məxaric sənədini təqdim edə bilmir, maliyyə arayışının olması isə kredit müqaviləsinin mövcudluğuna əsas vermir və ona əsaslanaraq iddia tələbinin təmin edilməsi yolverilməzdir. Kredit müqaviləsinin və müvafiq əməliyyatları əks etdirən digər sənədlərin saxlanılması Bankın öhdəliyi olduğundan hazırda həmin sənədlərin olmamasına görə də məsuliyyət Bankın üzərindədir. İddiaçı hazırda tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-251/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1061/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1061/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver