Məhkəmə qərarları › İş №2(103)-1061/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1061/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1061/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X6 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7180/2023 nömrəli 02 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikahlarından 15 yanvar 2011-ci il təvəllüdlü X8 və 29 may 2012-ci il təvəllüdlü X7 doğulmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(011)-5691/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların anaları İddiaçı yanında qalması, onların saxlanılması üçün 28 sentyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat alimentin tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 15 yanvar 2011-ci il təvəllüdlü X8 və 29 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5691/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə arasında bağlanmış nikahın nozulması, birgə nikahdan anadan olmuş övladları – 15 yanvar 2011-ci il təvəllüdlü X5 və 29 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 340 manat aliment məbləği uşaqların get-gedə artan tələbatlarının ödənilməsinə çatmır. Maddi cəhətdən çox çətinliklə yaşayır. Uşaqlar böyüdükçə, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün aliment məbləği yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat aliment müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023 il tarixli 2(011)-7180/2023 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aliment uşağın saxlanılması ilə bağlı onu saxlayan şəxsə digər tərəfin maddi cəhətdən yardım göstərilməsini özündə ehtiva edir. Məhkəmə araşdırması zamanı həm iddiaçı, həm də cavabdehin verdiyi izahatlarla müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının məhkəmə qətnaməsi ilə iddiaçı olan analarının yanında saxlanılması qət edilsə də uşaqlar bugünki gün cavabdehin valideynlərinin yanındadırlar və uşaqların saxlanılması ilə bağlı xərcləri onlar çəkir. Hazırkı iddia tələbi üzrə iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 112.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə, “Uşаq hüquqlаrı hаqqındа” Аzərbаycаn Respublikаsının Qаnununa, “Uşаq hüquqlаrı hаqqındа” Kоnvensiyаya istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, ədalətli qətnamə qəbul edilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Kollegiya tərəfindən cavabdehin valideynləri X6 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

13. Üçüncü şəxs Bahadir Bayramov qeyd etdi ki, 1 ildən artıqdır nəvələri onun və arvadının himayəsində yaşayırlar və uşaqlara onlar baxırlar, düzdür, iddiaçı da arada uşaqları məktəbə aparır, nə isə alıb verir. Oğlu isə uşaqların saxlanılması üçün yardım etmir.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

26. İddiaçı müəyyən edilmiş alimentin uşaqların saxlanması üçün yetərli olmaması əsası ilə alimentin artırılmasına dair hazırki iddianı qaldırmışdır.

27. Birinci instansiya məhkəməsi zamanı tərəflərin verdikləri izahatlar əsasında müəyyən edilmişdir ki, uşaqlar hazırda cavabdehin valideynlərinin yanındadır. İddiaçı birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, həftənin 5 günü ata nənə və babasının yanında, həftəsonu isə onun yanında qalırlar. Lakin buna baxmayaraq həftə içi uşaqları dərsə o, aparır və bütün digər məşğuliyyətləri ilə o, məşğul olur.

28. Apellyasiya baxışı zamanı uşaqların ata nənə və babası, yəni X6 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

29. Beləliklə müəyyən olunur ki, uşaqlar keçən ildən cavabdehin valideynlərinin himayəsində olmaqla, onlara baba və nənə baxır. İddiaçı uşaqlarla mütamadi ünsiyyətdə olsa da, maddi cəhətdən onlara məhz baba və nənə baxır.

30. Göründüyü kimi uşaqlar faktiki olaraq cavabdehin valideynlərinin yanında yaşayırlar.

31. Məhkəmə haqlı olaraq göstərmişdir ki, aliment uşağın saxlanılması ilə bağlı onu saxlayan şəxsə digər tərəfin maddi cəhətdən yardım göstərilməsini özündə ehtiva edir.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7180/2023 nömrəli iş üzrə 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar