Məhkəmə qərarları › İş №2(103)-10613/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10613/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10613/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq olunması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)-2901/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 23.11.2018-ci il tarixli FN-01454-16/18A saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(003)-2901/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)-2901/2020 saylı qərardadı ilə iddianı təmin tədbiri kimi Cavabdeh2 məxsus “Opel Vectra” markalı Az ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, cavabdehə avtomobildən istifadə edilməsi qadağan edilməklə avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilib iddianı təmin tədbiri barədə ərizənin qismən təmin edilməsini və “Opel Vectra” markalı Az ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 şikayətə əlavə verərək iddiaçı banka olan borc tam ödənildiyinə görə iddianı təmin tədbirinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iddianı təmin etmə tədbirinin tətbiq olunması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(003)-2901/2020 saylı qərardadı ləğv edilməli, iddianı təmin tədbiri ləğv edilməlidir. Belə ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı tərəfindən Cavabdeh2 verilmiş 12 oktyabr 2021-ci il tarixli HASF-01104 saylı arayışdan görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 23.11.2018-ci il tarixli FN-01454-16/18A saylı kredit müqaviləsinə əsasən götürülmüş 3000 AZN məbləğ 12.10.2021-ci il tarixində tam olaraq bağlanmış və onun bu müqavilə üzrə Bank "xxxx" ASC qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddianı təmin tədbirinin (müvəqqəti təminat tədbirinin) məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(003)-2901/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə cəmi 2792,35 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc tam ödənildiyindən, iddianı təmin tədbirinin qüvvədə saxlanılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır və təmin olunmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 162, 398-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 şikayəti təmin edilsin. İddianı təmin etmə tədbirinin tətbiq olunması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(003)-2901/2020 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 məxsus “Opel Vectra” markalı Az ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və cavabdehə avtomobildən istifadə edilməsinin qadağan edilməsi növündə iddianı təmin tədbiri ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar