Məhkəmə qərarları › İş №2(103)-10623/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10623/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10623/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə Bakı şəhər Nizami rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(007)-372/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh2 və Cavabdeh1 qаrşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona dəymiş maddi zərərə görə 9286 manat, maddi zərərin müəyyən edilməsi üçün ödənilmiş 100 manat rüsum, 30 manat dövlət rüsumu, cəmi 9416 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, AR DİN BDYP idarəsinin verdiyi AZ№860240 texniki pasporta əsasən, D4CBE572301 №-li mühərrik, KMFZCX7KAFU127365 №-li şassisi olan ** LR *** dövlət nömrə nişanlı “Hyundai H100” yük markalı avtomaşını etibarnamə əsasında sürücü X3 idarə edib. 14 may 2020-ci ildə təxminən saat 06:48 radələrində Bakı şəhəri Babək prospekti ilə saatda 60 km/saat sürətlə yuxarıda qeyd olunan avtomaşını sürücü X3 idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Babək prospekti ilə üzü şəhər istiqamətində hərəkət edərkən “AG OİL” yanacaq doldurma məntəqəsinin qarşısından geriyə dönmə yerində geriyə dönmə edən Cavabdeh1 məxsus “Fiat Doblo” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 olan avtomobil “yol ver” nişanının tələbini pozaraq sürücü X1 idarə etdiyi, ** LR *** dövlət nömrə nişanlı “Hyundai H100” yük markalı avtomobilə yol verməyərək idarə etdiyi avtomobillə həmin avtomobilin sol qabaq tərəfindən vurmuşdur. Nəticədə avtomobilə külli miqdarda maddi ziyan dəymişdir. Bundan sonra hadisə yerinə Bakı şəhər DYPİ-nin inspektoru gələrək hadisənin sxemini çəkmiş və yol nəqliyyat hadisəsini törətməkdə “Fiat Doblo” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilərək İXM-nin 327.1-ci maddəsinə əsasən onun 40 manat məbləğində cərimə olunması barədə 14.05.2020-ci il tarixli İXP3672406 nömrəli qərar vermişdir. Bundan sonra o, cavabdeh ilə dəfələrlə söhbət edərək dəymiş maddi zərəri ödəməsini bildirsə də, cavabdeh bundan boyun qaçırdaraq dəymiş ziyanı ödəməkdən yayınıb. Bundan sonra iddiaçıya məxsus ** LR *** dövlət nömrə nişanlı, “Hyundai H100” yük markalı avtomaşına dəymiş zərərin müəyyən olunması üçün “Hyundai Avto Azərbaycan” mərkəzinə müraciət etmiş və ona dəymiş maddi ziyanı dəqiq müəyyən olunmasını xahiş etmişdir. “Hyundai Avto Azərbaycan” şirkətinin AA040323 saylı aktla avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər nəticəsində dəyişilməli, düzəlməli olan ehtiyat hissələri və usta xərcini göstərilmişdir. Akta əsasən, ehtiyat hissələrinin ümumi qiyməti 7856,00 manat, usta xərclərinin qiyməti isə 1430 manat, cəmi 9286 manat təşkil etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(007)-372/2021saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7579 manat dəymiş maddi zərər, zərərin müəyyən edilməsi üçün ödənilmiş 100 manat rüsum və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbini real dəymiş ziyan həcmində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, işdən göründüyü kimi ** LR *** dövlət nömrə nişanlı "Hunday H100” yük avtomobilli 2014-cü il buraxılışı olmaqla 6 ildən çoxdur ki, istifadə olunur, avtomobilin buraxılış ilini nəzərə alsaq, ümumi bazar qiymətinin yarısı ziyan kimi hesablanmışdır. Belə ki, həmin avtomobilin bazar qiyməti cəmi heç vurulmuş ziyan məbləği qədər ola bilməz. Digər tərəfdən göründüyü kimi YNH-si zamanı zərbə böyük olmadığından, ancaq avtomobilin sol yan tərəfi əzildiyindən onun ehtiyyat hissələrinə çox ziyan dəyə bilməzdi. Bu eyni zamanda bu onunla da sübut olunur ki, hadisə zamanı xəsarət alan olmamışdır. İddiaçı görünür ki, təmir vaxtı çatmış ehtiyyat hissələrini dəyişmək üçün YNH-dən istifadə edərək dəyişdirmiş və ziyanı çoxaltmışdır. Ona görə də, hazırkı iş üzrə avtomobilə dəyən real zərərin həcmini müəyyən etmək üçün təkrar mütəxəssis rəyi alınmalı, tərəflərin iştikarı ilə avtomobilə baxış keçirilməli və həmin rəyə əsasən real zərərin məbləği müəyyən edilməlidir. Həmçinin onu da qeyd etmək lazımdır ki, cavabdehin birinci intansiya məhkəməsinin iclasından heç bir məlumatı olmayıb, məhkəmə bildirişi almamışdır, məhkəmədə iştirakı təmin olunmayıb. Ona görə də hazırki mərhələdə təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhər Nizami rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(007)- 372/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın zərərin real həcmində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiаçı İddiaçı və cаvаbdеh Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh2 lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14.05.2020-ci il Bakı şəhər DYPİ tərəfindən Cavabdeh2 İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. 26.05.2020-ci il tarixli AA040323 №-li aktdan görünür ki, “Hyundai H100” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyat hissələrinin dəyişdirilməsi üçün 9286,00 manata ehtiyac olmuşdur. 860240 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** LR *** dövlət qeydiyyat nişanlı “Hyundai H100 yük” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, ** LR *** dövlət qeydiyyat nişanlı “Hyundai H100” yük markalı nəqliyyat vasitəsi X2 etibar edilmişdir. Etibarlılıq müddəti 06.08.2026-cı ilə qədərdir. 53912 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** RB *** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” yük markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, ** RB *** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” yük markalı nəqliyyat vasitəsi Cavabdeh2 etibar edilmişdir. Etibarlılıq müddəti 18.01.2027-ci ilə qədərdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12.07.2021-ci il tarixli 9/3527 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Auto Azərbaycan” şirkətinin 26.05.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai H100” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7579,0 manat müəyyən edilmişdir. 22.05.2020-ci il tarixli servis iş əmrindən görünür ki, maddi zərərin müəyyən edilməsi üçün 100 manat “Hyundai Avto Azərbaycan” mərkəzinə ödənilib. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi avtomobillə iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurmuşdur. Cavabdehin yol-nəqliyyat hadisəsində təqsirli olması qüvvədə olan inzibati tənbeh vermə haqqında qərarla sübut olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert işdə olan məlumatlara, qüsur aktına istinad etməklə, köhnəlmə faizini nəzərə almaqla rəy vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən əsaslıdır. Buna görə də, ekspert rəyi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, Cavabdeh2 7579,0 manat maddi zərər tutulmalıdır. Həmçinin iddia tələbi maddi zərərin müəyyən edilməsi üçün ödənilmiş 100 manatın Cavabdeh2 tutulması hissəsində təmin edilməlidir. Kollegiya zərənin avtomobilin sahibi Cavabdeh1 tutulması ilə bağlı iddia tələbini əsassız hesab edərək, qeyd edir ki, avtomobil qanuni əsaslarla Cavabdeh2 sahibliyinə verildiyindən və bu iş materiallarında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Kollegiya apellyatora dəymiş zərərin az olması, yenidən ekspertiza keçirilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan sübutları şübhə altına ala biləcək heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddianın 81%-i məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 81 manatı Cavabdeh2, 19 manatı İddiaçı alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(007)- 372/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 7579 (yeddi min beş yüz yetmiş doqquz) manat dəymiş maddi zərər, zərərin müəyyən edilməsi üçün ödənilmiş 100 (yüz) manat rüsum və 24 (iyirmi dörd) manat dövlət rüsumu, cəmi 7703 (yeddi min yeddi yüz üç) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 81 (səksən bir) manatı Cavabdeh2, 19 (on doqquz) manatı İddiaçı alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar