Məhkəmə qərarları › İş №2(103)-10630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10630/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10630/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “borcun restrukturizasiya olunması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı Camaludin Allahverdiyevin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış 09.07.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına uyğun həll olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış 09.07.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya 6.370 ABŞ dolları məbləğində kredit verib. Kredit 24 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin müəyyən edilməsi, kompensasiya məbləğinin hesablanması və həmin məbləğin müvafiq bank hesablarına köçürülməsi əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasının, daha sonra isə Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir, Cavabdeh ASC hazırkı iddia üzrə cavabdehlik daşımır. Bu, düzgün əsaslandırmadır, həmin Fərmanın tələblərinə uyğundur. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar