Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10633/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1858/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X4 (bundan sonra cavabdeh) qarşı «borcun etirafı müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 173.900 ABŞ dolları əsas borc və 51.522 ABŞ dolları isə dəymiş zərər olmaqla, cəmi 225.422 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. X1 Füzuli Hüsü oğluna qarşı «borcun etirafı müqaviləsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi”nin ləğv edilməsi, «borcun etirafı müqaviləsi üzrə pul» tələbinə dair ilkin iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1858/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi” ləğv edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən hərtərəfli araşdırma aparmadan və işin faktiki hallarına düzgün qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehlə qohumdur, 2008-ci ildə cavabdehə pul lazım olduğuna görə bankdan 250 min ABŞ dolları götürüb ona vermiş, aralarında olan razılığa əsasən pulu da cavabdeh qaytarmalı idi, sonra Beynəlxalq bankla bağlı məsələ başlayanda pulu gedib banka ödəmiş, sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırdlar, orda da cavabdeh ona 100.000 ABŞ doları borcu olduğunu etiraf etmiş, daha sonra onlara bildirmişlər ki, gedib öz arlarında olan münasibətləri sənədləşdirsinlər, onlar da gəlib notariusda 02.10.2015-ci il tarixli ərizəni tərtib edib imzalamış, həmin gün də cavabdeh ona 100.000 ABŞ dollarını ödəmişdi. Bununla belə, cavabdehin ona yenə borcu qalmışdır. Bu səbəbdən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirdi. Göstərilənlərə əsasən, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, qeyd etdi ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh bütün borcunu faizi ilə birlikdə artıqlaması ilə ödəmişdir. İddiaçı heç bir təsir altında olmadan şəxsən imza etdiyi notarial qaydada təsdiq edilmiş 02.10.2015-ci il tarixli ərizədə 100.000 ABŞ dolları cavabdehin ona borcu olması, həmin pulu da 02.10.2015-ci il tarixdə cavabdehdən aldığını, cavabdehin ona borcu olmadığını, cavabdehə qarşı gələcəkdə heç bir tələbinin olmayacağını bildirmişdir. Əgər cavabdehin həmin vaxt iddiaçıya borcu qalsaydı, o zaman iddiaçı 02.10.2015-ci il tarixli ərizədə bu barədə qeyd verə bilərdi. İddiaçı ali təhsilli olmaqla xeyli məlumatlı adamdır. Belə olan halda, cavabdehin borcu olsaydı, iddiaçı notariat qaydada təsdiq edilmiş cavabdehin borcunun olmamasına dair ərizəni də imzalamazdı. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işin materiallarında olan 02.10.2015-ci il tarixli Borcun etirafı müqaviləsindən görünür ki, X6 müqavilədə göstərilən cəmi 199.500 ABŞ dolları məbləğindən 26.250 ABŞ dollarını 01.12.2015-ci il tarixədək, 47.250 ABŞ dollarını 01.01.2016-cı il tarixədən başlayaraq - 30.12.2019-cu il tarixədək, hər ay 500 ABŞ dollarından az olmamaq şərti ilə, qalan 126.000 ABŞ dollarını isə 01.01.2020-ci il tarixdən başlayaraq - 30.12.2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə 02.10.2015-ci il tarixdə saat 10:39-da çap edilməklə təsdiq edilmişdir. Bakı şəhəri 50 saylı notariat kontorunun 02.06.2021-ci il tarixli, 1305 saylı məktubundan görünür ki, 02.10.2015-ci il tarixdə rəsmiləşdirilmiş 3M-588 reyestr saylı “Borcun etirafı müqaviləsi” üzrə tələbkara borcun qaytarılıb-qaytarılmaması və həmin müqavilə üzrə icra qeydinin aparılması barədə heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri 12 saylı notariat kontorunun 02.10.2015-ci il tarixli 7E-9365 reyestr nömrəsi ilə qeydə alınmış İddiaçı 02.10.2015-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı X2 borcunu geri aldığını, X3 ona heç bir borcu olmadığını, X4 qarşı heç bir şikayətinin və tələbinin olmadığını, eləcə də gələcəkdə də olmayacağını bildirmişdir. Ərizə 02.10.2015-ci il tarixdə saat 17:04-də çap edilməklə təsdiq edilmişdir. X3 İddiaçı borcu olmuş, bu barədə tərəflər arasında 02.10.2015-ci il tarixli Borcun etirafı müqaviləsi bağlanmış, X1 Füzuli Hüsü oğluna olan borcunu ödəmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası ilkin iddia tələbinə aid hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçıya olan borcunu ödəmiş, bu hal iddiaçı Bakı şəhəri 12 saylı notariat kontorunda 02.10.2015-ci il tarixli 7E-9365 reyestr nömrəsi ilə qeydə alınmış 02.10.2015-ci il tarixli ərizəsi ilə təsdiq etməklə X3 ona heç bir borcu olmadığını, X4 qarşı tələbinin olmadığını, eləcə də gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə kollegiyası 02.10.2015-ci il tarixli ərizəni verməsinə baxmayaraq, cavabdehin hələ də ona borcunun qalmasına dair iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, onun bu dəlilləri əsasızdır, çünki o, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, ilkin iddia tələbinə aid hissədə qətnamə əsaslıdır və apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Bununla belə, məhkəmə kollegiyası rayon məhkəməsinin qarşılıqlı iddia tələbini qismən təmin edərək, 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi”nin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, rayon məhkəməsi iddiaçının 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş müqavilə ilə bağlı borcun tutulmasına dair ilkin iddia tələbi, həmin müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi, yəni öhdəliyə onun icrası nəticəsində artıq xitam verilməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Kollegiya qeyd edir ki, 50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M- 588 saylı reyestrlə rəsmiləşdirilmiş müqavilə üzrə öhdəlik icra edilmiş, yəni həmin öhdəliyə xitam verilmişdir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və artıq mövcud olmayan müqavilənin ləğv edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. MPM-in 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yəni, “50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi” ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yəni, “50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi” ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1858/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yəni, “50 saylı Notariat Kontorunun 02 oktyabr 2015-ci il tarixli, 3M-588 saylı reyestrlə rəsmiləşdirilmiş “Borcun etirafı müqaviləsi” ləğv edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10633/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10633/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver