Məhkəmə qərarları › İş №2(103)-1064/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1064/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1064/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundanvə Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh oğlunun və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dövlət rüsumu ilə birgə 26210 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, 2(005)-345/21) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov, № 2(103)- 3864/21) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamayev, iş № 2(102)- 5345/21) İddiaçı kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə onun arasında 25 oktyabr 2014-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində «Zərifə Əliyeva» adına parkda yaxın 2-3 ay ərzində pulunu ödəyəcəyini vəd edib 50.000 manat məbləğində borc alması, həmin məbləğdən 10.000 manatını qaytararaq cəmi 40.000 manat borclu qalması barədə müqaviləni imzalamışdır. Müqaviləni «X4 MMC»-nin möhürü ilə təsdiq etmişdir. Cavabdeh almış olduğu pulu qaytarmağa söz versə də, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsilə eynilik təşkil edən apellyasiya şikayətinişikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquqnormalarının tələblərini pozduğunu, cavabdehin ona borcundan 13790 manat ödəyərək faktiki olaraq borclu olduğunu etiraf etməsini nəzərə almadığını irəli sürmüşdür. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasında 40000 manata dair 25 oktyabr 2014-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “İlqar-7T MMC”-nin direktoru X3 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin elan etdiyi LOT1 üzrə N saylı hərbi hissələrdə bədii tərtibat işlərinin görülməsi üçün “X5” MMC-nin direktoru İddiaçı 50000 (əlli min)manat məbləğində aldığı mal-materiala görə İddiaçı 50000 manat pul borclu olduğunu etiraf etmiş, həmin borcdan 10 000 (on min) manat qaytardığını və 40 000 (qırx min) manat borcu qaldığını göstərmişdir. Cavabdeh həmin borcu qaytarcağına söz vermişdir. İşdən həmçinin görünür ki, Cavabdeh oğlunun İddiaçı aldatması, etibardan suiistifadə etməklə ona ziyan vurması sübuta yetdiyinə görə Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və məhkum olunmuşdur. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır. İddiaçı cavabdeh tərəfindən ona vurulan ziyanın tam ödənilmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi cavabdehdən dövlət rüsumu ilə birlikdə cəmi 26210 manat məbləğində pulun alınıb ona verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 26210 manat məbləğində pulun alınıb ona verilməsi tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur və İddiaçı həmin cinayət işinə baxılarkən ona dəymiş zərərin ödənilməsini təsdiq edən ərizə vermişdir. Bu hallar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə belə olan halda cavabdehdən pulun tutulması barədə iddianın təmin olunması preyudisiya institutunun prinsiplərinə zidd olardı. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1-ci və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 14.04.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyinə görə iddiaçının cinayət işində verdiyi ərizəyə (i.v.78) istinad edən apellyasiya məhkəməsi həmin ərizənin məzmununa diqqət yetirməmiş, ərizədə İddiaçı iş üzrə ona dəymiş ziyanın Cavabdeh tərəfindən tam ödənilməsini deyil, hissə-hissə ödənilməsini qeyd etdiyini nəzərə almamışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi qeyd edilən ərizəni MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qanuni qüvvəyə minmiş məhkəmə hökmündə göstərilən ərizəyə istinad etsə də, həmin ərizənin məzmununa, eləcə də hökm çıxdıqdan sonra da Cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilməsinə diqqət yetirməmişdir. İş materiallarına əlavə olunmuş həmin ərizənin məzmunundan görünür ki, ərizədə İddiaçı hazırda Cavabdehlə barışdığını və Cavabdeh dəymiş ziyanı hissə-hissə ödədiyini, bu səbəbdən ona heç bir tələbi və şikayəti olmadığını göstərmiş və Cavabdeh cəza təyin olunarkən bunun nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, cinayət işində olan ərizədə borcun tam ödənildiyindən deyil, onun hissə-hissə ödənilməsinə başlanıldığından bəhs edilmişdir. Digər tərəfdən, cavabdeh özü əvvəlki apellyasiya baxışında iştirak edərkən verdiyi izahatda da hökm çıxarılan vaxt borcu tam ödəmədiyini, ödənilməmiş borcu qaldığını etiraf etmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, cavabdeh müvafiq hökm çıxarılandan sonra da ödənişlər həyata keçirmişdir. Bu isə hökm çıxarılarkən borcun tam ödənilmədiyini bir daha təsdiq edir. Belə ki, cinayət işi üzrə ərizə təqdim ediləndə borc tam ödənilmiş olsa idi, hökmdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş aparılmazdı. Göründüyü kimi, iddiaçı Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli hökmündən sonra cavabdehin ona pul ödəməsini bildirərək bu barədə qəbz (i.v.6) təqdim etsə də, birinci instansiya məhkəməsi nə həmin qəbzə, nə də cinayət işinin məhkəmə istintaqı zamanı iddiaçı tərəfindən təqdim olunmuş ziyanın hissə-hissə ödənilməsi barədə ərizəyə MPM-nin 88-ci maddəsinin tələbləri baxımından sübut kimi qiymət verməmiş, hökm çıxana qədər borcunu tam ödədiyini bildirdiyi halda, cavabdehin hökmdən sonra nəyə görə iddiaçıya pul ödəməsinə aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin iddiaçıya 50 000 manat borcu olduğu, bundan 10 000 manat qaytarıldığı və qalıq borcun 40 000 manat təşkil etdiyi sadə yazılı formada bağlanmış 25.10.2014-cü il tarixli borc müqaviləsi ilə təsdiq olunur və bu, işin mübahisələndirilməyən halıdır. İddiaçı iddia ərizəsində həmin 40 000 manat borcun hir hissəsinin, yəni 13 820 manatın qaytarıldığını etiraf etmiş və bununla da cavabdehi həmin hissədə borcu qaytardığını sübut etmək vəzifəsindən azad etmişdir. İddiaçının tələbi borcun qaytarılmayan hissəsi olan 26 210 manat məbləğində pulun cavabdehdən tutulması barədədir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə pulun ödənildiyini sübut etmək vəzifəsi birbaşa cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı cinayət iş üzrə hökmə istinad etsə də, məhkəmə araşdırması zamanı hökm çıxarılarkən borcun tam ödənilmədiyi təsdiq olunmuşdur. İddiaçı cinayət işi üzrə verdiyi ərizədə cavabdehin borcu hissə-hissə verməyə başladığını və bu səbəbdən ona qarşı tələbi və şikayəti olmadığını göstərərək cəza təyini zamanı həmin halın nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən 26180 manat məbləğində borcun ödənildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 26180 manat məbləğində borcu qaytarmamaqla iddiaçıya ziyan vurmuşdur və bu məbləğ ondan tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibəti olmuş və iddiaçı məhz müqavilədən irəli gələn öhdəliyin icrasını cavabdehdən tələb edir. Əslində birinci instansiya məhkəməsi özü də tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olduğu qənaətinə gəlmiş, lakin məhkəmə hökmünə əsasən bu borcun qaytarıldığına istinad edərək iddianı rədd etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. 26210 (iyirmi altı min iki yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar