Məhkəmə qərarları › İş №2(103)-10647/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10647/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10647/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(004)-1428/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(004)- 1428/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2021-ci il tarixli məhkəmə iclası barədə bildiriş onun ünvanına 27 sentyabr 2021-ci il tarixdə çatdırılmışdır. Ona görə də o, məhkəmə iclası barədə məlumatsız olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(004)-1428/2021 saylı qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işə baxılması 24.09.2021-ci il tarixə təyin edilmiş, lakin iddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iş üzrə dəfələrlə məhkəmə iclasları keçirilmiş, həmin məhkəmə iclaslarında iddiaçı iştirak etmiş, məhkəmənin 17 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 20 sentyabr 2021-ci il tarixdə ekspert rəyi məhkəməyə daxil olmuş, həmin tarixdə də iş üzrə icraat təzələnərək, məhkəmə iclası 24 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, şikayətə əlavə edilmiş məhkəmə iclasının vaxtı barədə bildirişin göndərildiyi konvertin surətindən görünür ki, həmin konvert iddiaçıya 27 sentyabr 2021-ci il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(004)-1428/2021 saylı qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(004)- 1428/2021 saylı qərardadı ləğv edilsin, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar