Məhkəmə qərarları › İş №2(103)-1065/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1065/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1065/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment miqdarının artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 2720/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı 220 manat artırılaraq, həmçinin 50 manat mediyasiya xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2013-ci ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X2 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da uşağı onun yanında qalmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)- 543/2015 saylı qətnaməsi ilə Cavabdehla olan nikahı pozulmuş, uşağın ananın himayəsində saxlanılması cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün onun xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Bundan bir müddət sonra o, yenidən Məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılmasını xahiş etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-2720/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı qaldırılaraq hər ay 160 manat müəyyən edilmişdir. Uşaq artıq böyüyüb və xərcləri artıb. Uşağın tələbatını ödəməyə çətinlik çəkir. O, bir ana kimi uşağın arzusunu həyata keçirə bilmir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. İndi həmin miqdarda olan pula uşaq saxlamaq və onun təlabatınə ödəmək çox çətindir. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia təmin edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, o, xəstə adamdır, xəstəlik kağızları da var. Qolunda vətərlər olduğuna görə işləyə bilmir. Atası vəfat etmiş, təkbaşına yaşlı anasına baxır, başqa nikaha daxil olmuş və həmin nikahdan da 2 övladı var, buna görə də məhkəmənin müəyyən etdiyi alimenti ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, alimenti ödəməyə maddi imkanı olmadığını bildirdi. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətə etiraz edərək uşağa təkbaşına baxdığını, uşağı gözündən müalicə etdiyini, indiki dövrdə xərclərin kifayət qədər artdığını bildirərək şikayətin rədd edilməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi. Sübutların tədqiqi:

8. Mülki işdə olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 307625 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır.

9. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2720/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli 2(008)-543/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh 14 fevral 2019-cu il tarixdən başlayaraq 05 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.

10. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 206133 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə A.Məmmədova arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Seyidova soyadı verilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 34. İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Maddə 34.3. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2. Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

15. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

17. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı dəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz.

23. Tərəflərin birgə nikahından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən uşağa görə əvvəlki qətnamə ilə 160 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə, həm uşağın tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

24. Bu xüsusda Kollegiya yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Birinci instaniya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində anasının və özünün xəstə olmasını, işsizliyini, başqa nikahdan 2 azyaşlı övladının olmasını, 220 manat alimenti ödəməyə gücü olmadığını bildirir.

25. Kollegiya bununla bağlı aşağıdakıları bildirir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

27. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallara münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar onu iddiaçı ilə nikahından olan uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

29. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin qazancının aşağı olması onu uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir”.

30. Beləliklə, Kollegiya uşağın üstün mənafeyini nəzərə alaraq bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, yəni özünün xəstə olması, yaşlı anasına baxması, rəsmi iş yerinin olmaması, başqa nikaha daxil olması və həmin nikahdan da uşaqlarının olması, onu iddiaçı ilə nikahından olan uşağı saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmədiyindən, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. «MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

34. Belə olan halda, alimentin artırılması nəticəsində cavabdehdən tutulan alimentin bir il ərzində miqdarı (220-160=60x12=1700) 1700 (min yeddi yüz) manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar