Məhkəmə qərarları › İş №2(103)-10660/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10660/2021

22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10660/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı “X4” MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(010)-3383/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “X4” MMC Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3041 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “X4” MMC ilə cavabdeh arasında 09.01.2017ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə bağlanmaqla sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. 11.09.2017-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, 14.06.2018-ci il tarixli 234-K saylı əmri ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 22.05.2018-ci il tarixdə Oba - Kürdəxanı 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 22.05.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği olaraq 3441 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olmuşdur ki, ümumi qalıq borc 3441 manat borcdan 400 manat ödəniş etmiş, qalıq borc 3041 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(010)- 3383/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3041 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “X4” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Hazırki iddia tələbi üzrə iddia müddəti keçmişdir, məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün bu barədə ərizə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsivəkili qeyd etdi ki, cavabdeh öz ərizəsi ilə işdən çıxarkən onun əmək haqqından 400 manat sonuncunun razılığı olmadan tutulmuşdur. İddiaçının iddia etdiyi vurulmuş ziyan 22 may 2018-ci il tarixdən məlum olduğundan, iddia müddətinin axımı həmin tarixdən hesablanmağa başlamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş 09.01.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, “X4” MMC-nin direktoru X1 ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz “satıcı kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 09.01.2017-ci il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 11.09.2017-ci il tarixli 399-K saylı əmrdən, vəzifə dəyişikliyi haqqında çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 11.09.2017-ci il tarixdən Administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 14.06.2018-ci il tarixli 234-K saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə 14.06.2018-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. “X4” MMC-nin 06.02.2020-ci il tarixli arayışından görünür ki, 22.05.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3441 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3441 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 400 manat Cəmiyyətin xəzinəsinə mədaxil etmiş, 3041 (3441-400) manat borcu qalmışdır. “X4” MMC-nin ilkin təqib mütəxəssisi R.B.Cəbrayılov tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, qalıq borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, 3041 manat məbləğində İddiaçı MMC-yə borclu olduğundan iddia tələbi təmin edilməlidir. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunvericiliyin tələbindən görünür ki, maddi ziyan vurulması ilə bağlı əmək mübahisələri üzrə 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işəgötürən ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. Baxılan iş üzrə göründüyü kimi, aparılmış invertarizasiya nəticəsində cavabdeh tərəfindən ziyan vurulduğu müəyyən edilmiş və bu barədə 22.05.2018-ci il tarixli İnvertizasiya aktı tərtib edilmidir. Cavabdehlə əmək müqaviləsinə xitam verilərkən əmək haqqından 400 manat tutulmuş, 3041 manat borc qalmışdır. Əmək müqaviləsinə 14.06.2018-ci il tarixdə xitam verildiyi nəzərə alındıqda, iddia müddətinin axımı da həmin tarixdən hesablanmalıdır. İddiaçı hazırki iddia ilə məhkəməyə 05.08.2020-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəni də həmin vaxt məhkəməyə təqdim edə bilməmiş, bu səbəbdən ərizə hazırki icraat mərhələsinin müzakirə predmeti olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3383/2020 saylı iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar