Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1067/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(008)-4867/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 17 mart 2018-ci il tarixdə rəsmi nikah bağlamışlar.
2. Birgə nikahdan 16 noyabr 2018-ci il təvəllüdlü X8, 26 may 2020-ci il təvəllüdlü X11 doğulmuşdur.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(008)- 5963/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv elilmiş, birgə nikahdan olan 16 noyabr 2018-ci il təvəllüdlü X8, 26 may 2020-ci il təvəllüdlü X4 analarının yanında qalması, hər bir uşağın saxlanması üçün hər ay 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(103)-2051/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2021ci il tarixli, 2(008)-5963/2021 nömrəli qətnaməsi mübahisiləndirilən – alimentin tutulma tarixinin müəyyən olunması hissəsində dəyişdirilmiş, digər hissələrdə dəyişdirimədən saxlanılmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(008)- 6623/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X9 arasında olan nikah ləğv elilmiş, birgə nikahdan olan 19 dekabr 2013-cü il təvəllüdlü X5 anasının yanında qalması, uşağın saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
6. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də tikintidə iş icraçısı vəzifəsində işləyir və aylıq əmək haqqı 700 manat təşkil edir.
7. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində kitabxanaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 538 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2023-cü il tarixdən başlayaraq, 16 noyabr 2018-ci il təvəllüdlü X3 və 26 may 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 17 mart 2018-ci il tarixdə bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində qalmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 14 iyul 2021-ci il tarixdən başlayaraq hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2051/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə alimentin 22 fevral 2021-ci il tarixdən hesablanması qət edilmişdir. 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası “Yaşayış Minimumu haqqında” Qanununa əsasən uşaqların aylıq yaşayış minimumu 220 manat müəyyən edilməsinə baxmayaraq, Bakı şəhərində hələ də cavabdeh tərəfindən 150 manat aliment ödənilməsi uşaq hüquqlarının aşkaranə şəkildə pozulmasıdır. Uşaqların saxlanmaları üçün bütün yük həm fiziki, həm də mənəvi cəhətdən ananın üzərindədir. Uşaqların minimum yaşayışı üçün nəzərdə tutulan alimentin ata tərəfindən ödənilməsi labüddür.
10. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə nəzərdə tutulan alimenti ödəyir, öz valideynlik vəzifəsini tam şəkildə yerinə yetirir. İddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır, bahalı nəqliyyat vasitəsi idarə edir. Cavabdehin isə, maddi vəziyyəti çətin olmaqla, başqa aliment öhdəliyi də mövcuddur. Bununla belə, iddiaçı uşaqların saxlanmalarında sıxıntı yaşayırsa, onları cavabdehin himayəsinə verə bilər.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(008)- 4867/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(008)-5963/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 190 manat olmaqla, cəmi 380 manat məbləğində müəyyən edilməsi, alimentin yeni qaydada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, cavabdehdən hər ay sabit pul məbləğində tutularaq, iddiaçıya ödənilməsi, qalan hissədə isə iddianın rədd olunması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, tərəflərin gəlirləri, əmlak vəziyyəti, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması barədə qanunvericiliyin tələbi, uşaqların mənafeyi və işin digər əhəmiyyətli halları nəzərə alınaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edib, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Şikayətinin dəlillərinə görə, cavabdeh uşaqların saxlanılmasında iştirak edir və bundan əvvəl təyin edilmiş alimenti də vaxtı vaxtında ödəyir. Lakin məhkəmə tərəfindən cavabdehin maddi vəziyyəti, bundan əlavədə aliment ödəməsi nəzərə alınmamışdır. Məhkəmə tərəfindən qanuni olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən xüsusi olaraq iddiaçının həyat şəraiti araşdırılmamış bundan əlavə cavabdehin isə bundan əlavədə aliment ödəyicisi olması nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunmayan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 150 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 190 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.
28. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin halları uyğun olduğu qənaətinə gəlir.
29. Yuxarıda qeyd olunan normaların məzmununa əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir ki, alimentin məbləği müəyyənləşdirilərkən hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Hazırkı iş üzrə isə cavabdehin rəsmi qazancının 700 manat, iddiaçının rəsmi əmək haqqının isə 538 manat olması müəyyən olunur. Qeyd olunan xüsusat cavabdehin daha artıq qazanca malik olması barədə dəlilini təkzib edir.
30. Apellyasiya şikayətinin digər dəlilinə - cavabdehin digər uşağının saxlanması üçün 137 manat aliment ödəməsi halına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusat alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Məhz bu halları, yəni, iddiaçının özünün də işləməsini, cavabdehin digər uşağın saxlanılması üçün də aliment ödədiyini nəzərə alaraq birinci instansiya məhkəməsi alimentin məbləğinin uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu həddində deyil, həmin məbləğdən aşağı – 190 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin məbləğdə alimentin tutulması həm cavabdehin maddi vəziyyətinə, həm də uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılması üçün uyğundur.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(008)- 4867/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(008)- 4867/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev