Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10670/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Rəşad oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2334/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh Rəşad oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 19000 (on doqquz min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2334/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, cavabdeh onu aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 383 kv m. torpaq sahəsinin satılmasında vasitəçilik etmiş, 2014-cü ildə həmin torpaq sahəsini ümumilikdə 25000 ABŞ dolları məbləğində Mövlamov Əliheydər adlı şəxsə satmışdır. Satışdan əldə olunmuş pulu Mövlamov Əliheydər və onun tanışı Əliyev Nizami adlı şəxsin yanında cavabdehə verilmişdir. Cavabdeh isə həmin pulu artıraraq yaxşı yerdən ona ev almağa köməklik edəcəyini bildirmişdir. Lakin həmin müddətdən neçə il keçməsinə baxmayaraq cavabdeh nə ev almış, nə də pulu geri qaytarmış və beləliklə də, onun 19000 manat məbləğində pulunu talamışdır. O, cavabdehin əməlləri ilə bağlı 2017-ci ildə AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılı şikayət ərizəsi vermiş, lakin həmin şikayət ərizəsinə baxılması aidiyyəti üzrə Suraxanı RPİ-yə göndərilssə də, nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Bu səbəbdən, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, 2021-ci ildə AR DİNin rəsmi internet saytından onlayn qaydada baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Bununla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılsa da ona nəticəsi barədə heç bir məlumat verilməmişdir. Cavabdehə pulu verdiyi zaman ona etibar etmiş və hər hansısa rəsmləşdirmə aparmamışdır. Cavabdehlə 2015-ci ildə pulun qaytarılması ilə bağlı danışığını telefonu vasitəsi ilə yazmış və həmin yazını məhkəməyə təqdim etmişdir. Həmin səs yazıları cavabdehlə çayxanada, eləcə də sonuncunun ofisində qeydə alınmış və yazıda cavabdeh açıq aşkar ona pul qaytaracağını etiraf edir, vaxt verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 25000 ABŞ dolları məbləğində pulu 2014-cü ildə cavabdehə vermişdir, cavabdeh də həmin pulu artırıb ona daha yaxşı ev almaqda köməklik edəcəyini bildirmişdir. Bu günə qədər o nə ev almış, nə də pulu qaytarmış, onun pulu ilə əsassız varlanmışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, tərəflər arasında münasibət yaxşı olub, pul maddi yardım kimi verilib. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən yeganə sübut kimi iki ədəd audio səs yazısı əks olunmuş CD ibarətdir. Həmin səs yazısında əks olunanlara qiymət verib məhkəmə ilk növbədə qeyd edir ki, yazının 17-ci dəqiqəsi ilə 18-ci dəqiqəsi arasında iddiaçı ilə söhbət zamanı onun oponenti “20 minə yaxın pul verəcəm” sözlərini bildirir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, hazırkı iş üzrə rayon məhkəməsi tərəflər arasında borc münasibəti olduğunun təsdiq edildiyini qeyd etmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə sübut kimi öz izahatı ilə yanaşı, iki ədəd audio səs yazısı əks olunmuş CD təqdim etmişdir. Rayon Məhkəməsi də haqlı olaraq həmin səs yazısını mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında “N.Əsədovanın şikayəti üzrə Ali Məhkəmənin 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Eyni zamanda, kollegiya iddiaçının həmin sübutuna qarşı cavabdehin etirazında bildirdiyi tərəflər arasında başqa münasibətlərin olmasına dair dəlilinə münasibətdə bildirir ki, cavabdeh tərəflər arasında digər münasibətlərin mövcudluğunu sübut edə bilmədiyinə görə təqdim olunmuş səs yazısı cavabdehin iddiaçı qarşısında öhdəliklərinin olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iş üzrə iddiaçı 2014-cü ildə cavabdehə ona ev alması məqədilə pul verdiyini bildirir. İddiaçı iddia tələbi ilə 02.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarına əsasən qeyd edir ki, iddiaçı əsassız varlanmaya görə qanunla müəyyən olunmuş iki illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, ümumiyyətlə, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş həmin iki illik müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin özü tərəfindən tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırmaları nəticəsində məlum olmuşdur ki, hazırkı tələblə bağlı MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik tələb etmə müddəti keçmişdir və müddətin keçməsinə görə həmin tələb qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı münasibətlər düzgün müəyyənləşdirilməmiş, müvafiq olaraq da maddi hüquq nomaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2334/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10670/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10670/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver