Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10684/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2021 saylı, 15 fevral 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh X3 qarşı “pul tələbi və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 6100 (altı min yüz) manat borcun və 1000 (bir min) manat məbləğində əldə çıxmış faydanın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2021 saylı, 15 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 6.100 (altı min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o Gürcüstan Respublikasından avtomobil gətirilməsi üçün iddiaçıdan 6100 (altı min yüz) manat məbləğində pul almış, avtomobilin qiyməti 13500 (on üç min beş yüz) manat məbləği təşkil etmiş, iddiaçının həmin avtomobili almağa imkanı olmadığından özünün Hyundai markalı avtomobilini ona aylıq 1200 (bir min iki yüz) manata icarəyə vermiş, 3 ay müddətində cavabdeh avtomobildən istifadə etmiş, sonra iddiaçı icrarə haqınının ona verdiyi 6100 (altı min yüz) manatdan çıxılmasını və geri qalan pulun ona ödənilməsini xahiş etmiş, o isə geri qalan 2500 manat məbləğində pulu iddiaçının xahişi ilə onun yaxın dostuna qaytarmışdır. Hazırda iddiaçıya hər hansı borcu qalmamışdır. Bu səbəbdən, qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin İddiaçı ünvanlandığı məktuba əsasən 20 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş, tərəfə qərarla razı olmadığınız halda Azərbaycan Respublikasının CPM-nin 212.3-cü maddəsinə əsasən prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən izahatı alınmış İddiaçı bildirmişdir ki, 11.12.2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən ərazidə Cavabdeh və X1 1 otaqlı mənzil almış, bu zaman aralarında heç bir narazılıq olmamış və Asif şəxsi istifadəsi üçün özünə avtomobil almaq istəmişdir. X5 Respublikasından avtomobil gətirə biləcəyini bildirərək özünü dürüst və doğru adam kimi göstərmiş bu səbəbdən də sonuncu ona da Opel markalı avtomobili gətirməsini istəmişdir. İddiaçı Gürcüstandan ona Opel markalı avtomobil gətirilməsi üçün Cavabdeh 21.12.2019-cu il tarixdə ümumilkdə 6100 manat pul vermiş, həmin vaxtdan Cavabdeh avtomobil gətirməmiş və sonradan ona borcun olduğunu bildirmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı özünə məxsus evi satan zaman tanış olmuş, tanışlıq müddətində Asif ona avtomobil almaq istədiyini bildirmiş, ancaq onun 6100 manat pulunun olduğunu demiş, sonuncu bu məbləğə ancaq Jiquli markalı avtomobil ala biləcəyini bildirmiş, Asif ona Opel avtomobili alıb gətirməsini və avtomobili gətirdikdən sonra qalan pulu verəcəyini vəd etmişdir. Bundan sonra X5 Respublikasından Opel avtomobili gətirmiş və avtomobilin ümumi qiymətinin 13.500 manat təşkil etmişdir. Avtomobili gətirdikdən sonra Asif hələlik pulunun olmadığını bildirdikdə Əlixan öz Hyundai markalı avtomobilini idarə etmək üçün Asifə vermişdir. Əlixan Ağababyev sonradan həmin Opel markalı avtomobili satışı qoymuş, avtomobilin problemləri olduğundan satış zamanı 3500 manat ziyana düşmüş, buna baxmayaraq o, Asifə 4000 manat pul verə biləcəyini deyib qalan 2100 manat pulu qalan müddətə verəcəyini bildirmiş, lakin Asif onunla razılaşmamış və buna baxmayaraq sonradan Əlixan 1500 manat pulu Asifə qaytamışdır.Həmin vaxtdar tərəflər arasında mübahisə yaranmış Əlixan avtomobil satışından etdiyi ziyan ilə əlaqədar Asifə qalan borcunu qaytara bilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddianın təmin olunmuş hissəsinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası, tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o həmin pulu almış, lakin iddiaçı avtomobili satın alması üçün kifayət qədər pulu olmamış, öz avtomobilini iddiaçıya 3 aylıq icarəyə vermiş (3x1200=3600 manat), iddiaçının xahişi ilə icarə haqqı çıxıldıqdan sonra geri qalan 2500 manat məbləğində pulu ödəmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh rayon məhkəməsində iddia tələbini qismən qəbul edərək iddiaçıya 6100 (altı min yüz) manat borcunun olduğunu (i/v 38) bildirmişdir. Həmçinin, “cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərarda cavabdeh verdiyi izahatda və apellyasiya şikayətində iddiaçıdan 6100 (altı min yüz) manat pul aldığını, lakin həmin məbləği geri ödədiyini bildirmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh 6100 (altı min yüz) manat məbləğində pulu iddiaçıdan götürdüyünü qəbul edir, lakin pulu qaytarması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə kollegiyası mülki iş materiallarına əsasən qeyd edir ki, iddiaçı əsassız varlanmaya görə qanunla müəyyən olunmuş iki illik müddəti ötürmdən məhkəməyə müraciət etmişdir. Bununla da, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh ona avtomobil gətirməsi üçün ümumilikdə 6100 (altı min yüz) manat pul vermiş, lakin cavabdeh avtomobili gətirməmiş, həmin pulu özündə saxlamışdır. Belə olan halda aydın olur ki, iddiaçının tələbi Mülki Məcəllənin 1091-ci maddəsinin təsiri altına düşür, həmin maddənin dispozitiv şərtlərinə uyğun gəlir. Demək ki, rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-502/2021 saylı, 15 fevral 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10684/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10684/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver