Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1069/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 3500 manat pulun və əldən çıxmış faydanın, cəmi 5500 manat alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə o, iş əsnasında 2019-cu ilin oktyabr ayında tanış olmuşdur. 2020-ci ilin noyabr ayında ev–alqı satqısı ilə əlaqədar olaraq Gəncə şəhəri, Nəsrəddin Tusi küçəsi, 26 saylı evdə yaşayan cavabdehin bacısının eltisi X1 arasında narazılıq yaranmışdır. Həmin vaxtı İlhamə ondan xahiş etmişdir ki, Ağgüllə onun arasında olan narazılığı qaydasına salmaqda ona köməklik esin. O, İlhamə ilə birlikdə Ağgülü 1 saylı şəhər notariusunun yanına dəvət etmişlər. Danışıqdan belə məlum olmuşdur ki, Ağgülün oğluna Ü.Hacıbəyov küçəsi, 5 saylı binanın 9 saylı mənzilindən 5 min manat kompensasiya tələb edir. Danışıqlar əsnasında 3500 manat kompensasiya almasına razılıq vermişdir. 12.11.2020-ci il tarixdə üçlükdə görüşmüşlər. Həmin gün cavabdeh Ağgülə .3500 manat pulu verməlidi idi. İlhamə isə hazırkı vaxta o qədər pulunun olmadığını bildirmiş, ondan pulu ödəməsini ev satıldığı zaman həmin pulu qaytaracağını bildirmişdir. 2021-ci ilin yanvar ayından hazırki vaxta qədər o, iddiaçının pulunu ödəməmişdir. Dəfələrlə o, pulunu cavabdehdən tələb etsə də, o vəd etmişdir ki, ev satılan kimi pulunu ödəyəcəkdir. 2021-c ilin iyul ayında ona xəbər vermişlər ki, mənzil satılmışdır Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3500 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsin qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmə iclasında iştirakının təmin edilməməsi, məhkəmənin istinad etdiyi əlyazma müqavilənin onun tərəfindən imza edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, o, iddiaçıdan heç bir pul almamışdır. İş materiallarında olan yazılı müqavilədə olan imza ona məxsus deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci istansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiyası mübahisəyə Mülki Məcəllənin 385, 386, 390, 427, 442, 448, 449 və 739-cu maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, 2020-ci ilin noyabr ayında İddiaçı Cavabdeh 3500 manat borc pul vermişdir. Bu barədə cavabdeh əlyazma yazaraq həmin borc üzrə öhdəliyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi öz gəldiyi nəticəsinin əsası kimi iş materiallarında olan 12 noyabr 2020-ci il tarixli əlyazma müqaviləyə istinad etmişdir. Həmin müqavilənin məzmunundan görünür ki, Cavabdeh öhdəsinə götürmüşdür ki, 30.01.2021-ci il tarixə qədər, İddiaçı götürdüyü 3500 manat pulu geri qaytaracaq, əgər pulu həmin vaxta qədər qaytarmasa, məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiya məhkəməsində iddianın əsasında duran müqavilələrdəki imzanın Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 14.03.2022-ci il tarixli 4/59 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki işin 9-cu vərəqəsində Cavabdeh adından olan 12.11.2020ci il tarixli Müqavilədəki yazılar və “İmza:” sözündən sonrakı imza- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyindən də göründüyü kimi iddianın əsasını təsdiq edən 12.11.2020-ci il tarixdli Müqavilədəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmamışdır. İş materiallarında iddianı təsdiq edəcək digər hər hansı bir sübut mövcud deyildir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun cavabdehə verməsini, cavabdehin isə ona məxsus həmin pulu götürmüş olduğuna dair başqa heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, iş materialları əsasında cavabdehin iddiaçıdan hər hansı məbləğdə pulu borc alması barədə nəticəyə gəlmək mümkün deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Azərbaycan Republikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddiasının təmin edilməməli olduğu qənaətinə gəldiyi üçün kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri İddiaçı aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə İddiaçı tutularaq apelyatora ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5047/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Apellyasiya instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1069/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1069/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver