Məhkəmə qərarları › İş №2(103)-1069/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1069/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1069/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 432 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 524,71 manat və 986,71 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 986,71 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 04/4364 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********00057 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktl tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 432 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmçinin, cavabdehin ödənilməmiş 2020-ci ilin noyabr-dekabr ayları üzrə 88,50 manat sərfiyyat borcu, 2021-ci il üzrə 363,70 manat sərfiyyat borcu və limitdən əlavə 10,35 manat sərfiyyat borcu, 2022-ci il üzrə 318,60 manat sərfiyyat borcu və limitdən əlavə 11,20 manat sərfiyyat borcu, 2023-cü il üzrə 6,36 manat sərfiyyat borcu, cəmi 798,71 manat sərfiyyat borcu qalmışdır. 2020 - 2023-cü illər ərzində cavabdeh 274 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 524,71 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum 956,71 manat təşkil etməkdədir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia qismən təmin edilmiş, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 524,71 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:

4. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə Birliyin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə çəkilmə tarixi öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdəki ünvan ona məxsus deyil, odur ki, şikayətin təmin edilməməsini xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

7. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2023-cü il tarixdə 04/4364 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır.

8. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur - PQ-3, QSQ, iran sobası.

9. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00057 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır.

10. İddiaçının əməkdaşları tərəfindən Cavabdeh barəsində aşağıdakı akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır - xx.xx.2020- ci il tarixli ******* №-li akt əsasında 4320 kub metr qaza görə 432 manat (sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir).

11. Abonentin saldosundan görünür ki, 524,71 manat məbləğində debitor borcu var. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu

14. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu

15. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

16. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

20. 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

21. 6.1.3. istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

22. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

23. 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;

24. 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

25. 6.1.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

26. 6.1.6. məhkəmənin qərarı ilə;

27. 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

28. 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

29. 6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir.

30. 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

31. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

32. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

33. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

43. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. İddia tələbini həmin hissədə təmin etməyən birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəklin cavabdehə aid olmasına dair sübut təqdim etmədiyindən və bununla da kənar xəttin mövcudluğunu sübut edilmədiyindən iddia 432 manat zərərin tutulması hissəsində rədd edilməlidir.

49. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəklin cavabdehə aid olmasına dair sübut təqdim etmədiyindən və bununla da kənar xəttin mövcudluğunu sübut edilmədiyindən rayon məhkəməsi iddia tələbini 432 manat zərərin tutulması hissədə təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar