Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10692/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı “Aqrarkredit" QSC Kredit Təşkilatinın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3977/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı " Aqrarkredit " Qapali Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 4047.74 (dörd min qırx yeddi manat, 74 qəpik) manat, faiz borcu üzrə 1780.44 (bir min yeddi yüz səksən manat, 44 qəpik) manat olmaqla, cəmi 5828.18 (beş min səkkiz yüz iyirmi səkkiz manat, 18 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatın-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-1103 saylı, 11 yanvar 2018-ci il tarixli təhvil-təslim aktma əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh2 arasında 04.07.2014- cü il tarixdə, № 1-04.07.2014-SM58 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 % tətbiq edilməklə, 36 ay müddətinə 5000 (beş min) manat məbləğində pul vəsaiti verilmişdir. 04.07.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh2 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zamin Cavabdeh1 ilə 04.07.2014-cü il tarixdə, № 1-04.07.2014-SM58 saylı Zaminlik müqaviləsi bağlanmışdır.
3. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3977/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Anar Qasımov).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3977/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. İddia ərizəsinin məzmununa uyğun verilmiş apellyasiya şikayəti həmçinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. Məhkəmə işin tam, hərtərəfli, obyektiv tədqiqinə şərait yaratmalı idi. Məhkəmə cavabdehin iddianı qəbul edib-etməməsini aydınlaşdırmamış, yalnız cavabdehin ərizəsi ilə kifayətlənmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan 04.07.2014-ci il tarixli 1-04.07.2014-SM58 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Xətai filialı – “Kreditor” və Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin Kredit müqaviləsinə əsasən Cavabdeh2 24 % tətbiq edilməklə, 36 ay müddətinə 5000 (beş min) məbləğində kredit vermişdir.
10. İş materiallarına əlavə edilmiş 04.07.2014-ci il tarixli 328 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Vasıyevna borcalan Cavabdeh2 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.
11. İş materiallarında olan cədvəldən görünür ki, Cavabdeh2 4.047,47 manat əsas borc, 2078,71 manat faiz borcu vardır. Hüquqi dəyərləndirmə:
12. İşin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. İşin hallarına və qanunvericilik aktı normalarına əsasən kollegiya qeyd edir ki, "xxxx" ASCnin Xətai filialı – “Kreditor” və Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 04.07.2014-ci il tarixli, kredit müqaviləsi üzrə 4047,47 manat əsas borc, 2078,71 manat faiz borcu yaranmışdır.
18. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 04.07.2014-ci il tarixli kredit müqavilələri üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan uzun müddət keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
21. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
22. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 04 iyul 2014-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 7 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bu isə yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən ona dəlalət edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə öhdəliklər iddia müddəti çərçivəsində ən geci 04.07.2020-ci il tarixədək icra edilməli idi.
24. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdıraraq, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsinin qəbul edilməsi və iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilməsinə dair birinci instransiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdehlər Cavabdeh1 Vasıyevnaya qarşı irəli sürülmüş iddia tələbləri ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 04.07.2014-ci il tarixli "xxxx" ASC-nin Xətai filialı – “Kreditor” və Cavabdeh2 – “Borcalan” arasında bağlanmış 1-04.07.2014-SM58 saylı kredit müqaviləsinin müddəti 04.07.2017-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh1 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da cavabdehlər Cavabdeh1ya qarşı irəli sürülmüş iddia tələbinin əsassız olmasına dəlalət edir.
26. İddiaçı apellyasiya şikayətində məhkəmənin yalnız cavabdehin ərizəsinə əsaslanmasını, cavabdehin iddianı qəbul edib-etməməsini araşdırmadığını bildirmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin məhkəməyə təqdim edilməsi onun iddia tələbini qəbul etməməsini göstərir. Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı müraciət iddianın müddətin keçməsi ilə əlaqədar olaraq rədd edilməsini özündə ehtiva edir.
27. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3977/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev