Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10711/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə dair maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5756/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və 25.12.2003-cü il təvəllüdlü X4, 20.07.2006-cı il təvəllüdlü X5 adlı uşaqlarının qeydiyyatda olduqları və uzun müddət yaşadıqları, məhkəmə qətnaməsi ilə köçürüldükləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyət qapısının açarının bir nüsxəsinin cavabdehlərdən alaraq ona verilməsi, ümumi giriş-çıxış yolundan, evdən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən göstərilən qanunsuz təsirlərin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ilin oktyabr ayında Cavabdeh3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, cavabdehin yaşadığı, iddia ərizəsində göstərilən evə gəlin köçmüş, uzun müddət orada yaşamışdır. Sözügedən ünvanda 2 ev vardır, evlərdən biri 3 mərtəbəli, digəri isə 2 mərtəbəlidir. 3 mərtəbəli evdə Cavabdeh3 qardaşı öz ailəsi ilə yaşayır, 2 mərtəbəli evin 1-ci mərtəbəsində keçmiş qaynatası Cavabdeh1 və qaynanası Cavabdeh2 yaşamış, həmin evin 2-ci mərtəbəsində isə o ailəsi, uşaqları ilə yaşamış, cehiz əşyalarını həmin mərtəbədə yerləşən 4 otağa yerləşdirmişdir. O, cavabdehlərin notarial qaydada razılıq ərizələri əsasında sözügedən mənzilə qeydiyyata alınmışdır. Cavabdeh3la nikahlarından 25 dekabr 2003-cü il təvəllüdlü X4 və 20 iyul 2006-cı il təvəllüdlü X5 adlı uşaqları vardır. Cavabdeh3 2014-cü ilin sonlarından evdən çıxıb getmiş, aralarındakı nikah 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra o, övladları ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Keçmiş qaynatasının və qaynanasının ona və uşaqlarına münasibətləri əvvəllər yaxşı olsa da, son dövrlərdə pisləşmişdir. Hazırda cavabdehlər ona və övladlarına evdən, həyətdən, evə giriş-çıxış yolundan istifadə etməyə maneçilik törədir, onlara qarşı təhqiramiz ifadələr işlədir, evin suyunu dayandıraraq rahat yaşamalarına imkan vermirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, onun uşaqları ilə birlikdə həmin evə köçürülməyi qərara alınmışdır. Cavabdehlər son vaxtlar həyətə giriş qapısının açarlarını dəyişiblər və onu övladları ilə birlikdə yaşadığı evə buraxmırlar, bu səbəbdən bir müddətdir ki, övladları ilə birlikdə başqa yerlərdə qalmağa məcbur qalıblar. Binəqədi rayon icra şöbəsinə müraciət etsə də, onu evə köçürdüklərindən və qətnamədə açarların ona verilməsi və yaradılan maneələrin aradan qaldırılması barədə göstəriş olmadığından yenidən məhkəməyə müraciət etməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5756/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən övladları 25.12.2003-cü il təvəllüdlü X4, 20.07.2006-cı il təvəllüdlü X5 ilə birlikdə istifadə edə bilməsi üçün evin giriş qapısının açarının bir nüsxəsinin ona verilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həvalə olunması, iddianın qalan hissədə rədd edilməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 5 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev). Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili V.Hacıyev apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən İddiaçı və B.Əliyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırki iddia tələbi evdən istifadəyə dair maneələrin aradan qaldırılması ilə bağlıdır. İddiaçı iddia tələbində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-858/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsi ilə, onun övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsinə baxmayaraq, cavabdehlər tərəfindən həmin evdən iştifadə ilə bağlı ona cavabdehlər tərəfindən maneələr yaradımasını bildirmişdir. İş materiallarından, iddia ərizəsindən, apellyasiya şikayətindən və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında iddiaçının onun övladları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülməsinə dair qanuni qüvvəyə minmiş 10.02.2020-ci il tarixli məhkəmə qətnaməsi mövcuddur. İddiaçının hazırki iddia tələbi əslində həmin qətnamənin icrası zamanı yaranan maneələrlə bağlıdır və iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməklə əslində eyni tərəflər arasında mövcud olmuş, eyni predmet barəsində eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan mübahisəni yenidən açmış olur. “İcra haqqında” Qanunun 73.3-cü maddəsinə görə, tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73.4-cü maddəsinə görə, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Həmin qanunun 73.5-ci maddəsinə görə, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. “İcra haqqında” Qanunun qeyd edilən normalarına əsasən kollegiya vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-858/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsi icra olunmuş, iddiaçı övladları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülmüşdür. Lakin, sonradan cavabdehlər (borclular) tərəfindən iddiaçıya köçürüldüyü yaşayış sahəsindən istifadə etməsinə maneələr yaradıldığından iddiaçı (tələbkar) icra sənədi üzrə icraatın təzələnməsi barədə ərizə ilə icra qurumuna müraciət etməli idi. “İcra haqqında” Qanunun 73.6-cı maddəsinə görə, tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. İş materiallarından görünür ki, iddiaçı onun mənzildən istifadəsinə mane olan şəxslərin kənar şəxslər deyil, eyni cavabdehlər olduğundan, məsələnin həlli məhkəmə qaydasında deyil, icra üzrə icraatın təzələnməsi qaydasında həyata keçirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5756/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair işə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməli, iddiaçıya “İcra haqqında” Qanunun 73.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5756/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya “İcra haqqında” Qanunun 73.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10711/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10711/2021
26.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver