Məhkəmə qərarları › İş №2(103)-10720/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10720/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10720/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(011)-401/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1.601,99 ABŞ dolları əsas, 2.014,19 ABŞ dolları faiz, 3.060,32 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 13 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 238.04 ABŞ dolları borc, ümumilikdə 6.914,54 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən illik 24 faizlə 24 ay müddətinə 3.100 ABŞ dolları məbləğində kredit götürmüşdür. 29 may 2016-cı il tarixli kredit müqaviləsinə Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2.714,29 ABŞ dolları təşkil edir. Kreditin müddəti 29 iyul 2017-ci il tarixədək təyin olunmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(011)-401/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1.601,99 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, güzəştli kredit müqaviləsinin bağlanılması üçün müəyyən olunmuş müddət sona çatsa da cavabdeh bununla bağlı banka müraciət etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə cari müqavilənin restrukturizasiya edilməsinin həmin müqavilə üzrə borc məbləğindən kompensasiya məbləğinin çıxılmaması ilə eyniləşdirmişdir. Fərmanın müddəaları tətbiq edilərkən dövlətin maliyyə dəstəyi ilə nəzərdə tutulan kompensasiyalar Fərmanın təsir dairəsinə düşən hər bir kredit müqaviləsinə tətbiq edilmişdir. Restrukturizasiya edilmiş kredit müqavilələri isə yalnız Fərmanda və Qaydada nəzərdə tutulmuş şərtlər çərçivəsində müraciət edən vətəndaşlarla bağlanmışdır. Cavabdeh bank qarşısında olan borc öhdəliklərindən Fərmana əsasən 1091,85 ABŞ dolları (1856,15 manat) 19.04.2019-cu il tarixdə silinmiş və yalnız bundan sonra həmin borc məbləği üzrə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən 13 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə görə Cavabdeh İddiaçı ASC-dən illik 24 faizlə 24 ay müddətinə 3.100 ABŞ dolları məbləğində kredit götürmüşdür. 29 may 2016-cı il tarixli kredit müqaviləsinə Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2.714,29 ABŞ dolları təşkil edir. Kreditin müddəti 29 iyul 2017-ci il tarixədək təyin olunmuşdur. 13 iyul 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 1.601,99 ABŞ dolları əsas, 2014,19 ABŞ dolları faiz, 3060,32 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 13 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 238.04 ABŞ dolları borc, ümumilikdə 6.914,54 ABŞ dolları məbləğində borcu vardır. Yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin müəyyən edilmiş hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, iddiaçının cavabdehdən əsas borca görə 1.601,99 ABŞ dolları tələbini əsaslı hesab edərək, həmin məbləğdə əsas borcun tutulması qənaətinə gəlmişdir. İddia tələbinin faiz, cərimə və illik beş faiz tələbinə aid hissəsinə münasibətdə iddianı rədd edən məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixinə, həm tələb olunan əsas məbləğə, həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi və həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, Fərmanın əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. İddiaçının apellyasiya şikayətində göstərdiklərindən və işdə olan hesabdan çıxarışdan aydın olur ki, cavabdehin kredit borcu Fərmanın təsir dairəsinə düşdüyü üçün ona 1856,15 manat kompensasiya hesablanmış və həmin vəsait konvertasiya edilərək (1091,85 ABŞ dolları) 19.04.2019-cu il tarixdə onun kredit borcundan silinmişdir. Həmçinin işdən müəyyən olunur ki, cavabdehin özü kredit borcundan sonuncu dəfə 29.05.2015-ci il tarixdə ödəniş etmişdir. Yəni, kredit borcu həm verilmə tarixinə, həm məbləğinə, həm də gecikdirməyə görə restrukturizasiya olunmalı olan borc kimi Fərmanda göstərilən şərtlərə cavab versə də, iddiaçı qalıq borcun restrukturizasiya olunması üçün hər hansı cəhd göstərməmiş və bunu cavabdehin banka müraciət etməməsi ilə əsaslandırmışdır. Kollegiya göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(011)-401/2021 saylı iş üzrə qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar