Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10728/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli 2(010)-7004/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 15 yanvar 2013-cü il tarixli 17-690 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1837 manat məbləğində əsas borcun, 696 manat məbləğində faiz borcunun, 200 manat məbləğində cərimə borcunun, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 15 yanvar 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 30 faiz ödənilməsi şərtilə 2700 manat məbləğində kredit vermiş, digər Cavabdeh2 isə həmin tarixli zaminlik müqaviləsinə əsasən müvafiq öhdəliyin icrasına zamin durmuşdur. Lakin cavabdeh müqavilə şərtlərinə riayət etməmiş və dövri olaraq ödəmələri gecikdirmişdir. Nəticədə onun banka 1837 manat məbləğində əsas borcu, 696 manat məbləğində faiz borcu yaranmış, ona 200 manat məbləğində cərimə hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli 2(010)- 7004/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 15 yanvar 2013-cü ildə bağlanmış 17-690 nömrəli müqavilənin ləğv olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1837 manat məbləğində əsas borc, 696 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimənin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə prosesindən xəbəri olmamışdır. İş icraya göndərildikdən sonra onun iddia barədə məlumatı olmuşdur. Sonradan müraciət edərək qətnaməni əldə etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və qətnamə ləğv olunmalıdır. Belə ki, həmin krediti qohumu Cavabdeh1 götürmüş, uzun müddət bu məsələ ilə bağlı onu narahat etmədiklərinə görə belə zənn etmişdir ki, borc ödənilib. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli 2(010)- 7004/2014 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 15 yanvar 2013-cü ildə kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 30 faiz ödənilməsi şərtilə 2700 manat məbləğində kredit verilmiş, digər Cavabdeh2 isə öhdəliyin təminatı məqsədi ilə Cavabdeh1 zamin durmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu azaldıb iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin yeganə dəlili məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi ilə bağlıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən qətnamənin qəbul edildiyi vaxt Cavabdeh2 məhkəmə iclasında iştirak etmiş və iddia tələbi ilə bağlı izahat vermişdir. Kollegiya hesab edir ki, işə düzgün baxılmış, maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verilməmişdir. Apellyasiya şikayətinin dəlili əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbi üzrə məbləğ 2763 manat olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyasıı qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli 2(010)- 7004/2014 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10728/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10728/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver