Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10729/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, iddiaçı Ləğv prosesində olan QSC ”Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakları ilə iddiaçı Ləğv prosesində olan QSC ”Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC ”Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, QSC “Bank Standard” KB (bundan sonra bank) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 30 aprel 2015ci il tarixli 120/13/15958/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 16 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6800 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5718.70 ABŞ dolları məbləğində əsas borc, 2491.93 ABŞ dolları məbləğində faiz borcu, 2358 ABŞ dolları məbləğində cərimə borcu, 781.31 ABŞ dolları məbləğində gecikdirilmiş günlər üçün hesablanmış faiz olmaqla, cəmi 11349.94 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MM-nin 425.1, 442, 448.1, 448.2 və 739.1-ci maddələri ilə əsaslandıraraq, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 5718.70 ABŞ dolları məbləğində əsas borc, 2491.93 ABŞ dolları məbləğində faiz borcu, 2358 ABŞ dolları məbləğində cərimə borcu, 781.31 ABŞ dolları məbləğində gecikdirilmiş günlər üçün hesablanmış faiz olmaqla, cəmi 11349.94 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5718.70 ABŞ dolları əsas borc, 2491.93 ABŞ dolları faiz borcu və 236 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8446.63 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, iddia tələbinin “cavabdehdən 781.31 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulması” hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 74 %, yəni 22 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qalan 26 %, yəni 8 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinin cərimə (dəbbə) hissəsində və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxışında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsinin cərimə (dəbbə) və gecikdirilmiş günlər üçün 5 faiz hissəsində dəyişdirilərək Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik 16%-lə 36 ay müddətinə 6800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 5718,70 ABŞ dolları məbləğində əsas, 2491,93 ABŞ dolları məbləğində faiz borcu, 2358 ABŞ dolları məbləğində cərimə borcu, 781, 31 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 11349,94 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi əsas borc və faiz məbləğinin tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 30 aprel 2015-ci il tarixli müqavilə üzrə 5718.70 ABŞ dolları əsas borc, 2491.93 ABŞ dolları faiz borcu tutulmalıdır. İddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləğin 10%-dək azaldılaraq, Cavabdeh 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 236 ABŞ dolları cərimə tutulmalıdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbi “cavabdehdən 781.31 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulması” hissəsində əsaslandırılmadığından təmin edilməməlidir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etmişdir. Apellyasiya şikayətində cərimə borcu ilə əlaqədar qeyd olunur ki, “Bankın tələb etdiyi cərimə hissəsi 2358 (iki min üç yüz əlli səkkiz) ABŞ dolları olduğu halda məhkəmə qətnaməsi ilə yalnız 236 (iki yüz otuz altı) ABŞ dolları təmin edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb etdiyi 203.30 (iki yüz üç manat 30 qəpik) manat hissəsini təmin etməmişdir” (iş vərəqə 57). Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı həmin dəlildə həm tətbiq olunan hüquq norması, həm azaldılan dəbbə pulunun məbləği, həm də onun növü ilə bağlı yanlışlığa yol vermişdir. Birinci instansiya məhkəməsi cərimə borcu ilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləğin 10%-dək azaldılaraq, Cavabdeh 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 236 ABŞ dolları cərimə tutulmalıdır”. Bu zaman birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə deyil, 467-ci maddəsinin müddəalarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəbbə pulunun azaldılması hissəində dəlilini yanlış və əsassız hesab edir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən 781,31 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz üzrə borcunun tutulması hissəsində iddia tələbini təmin etməməsini əsassız hesab edir və apellyasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur». Eyni mövqedən çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi qismən, 781,31 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunmaqla Cavabdeh iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə 781.31 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz kimi tutulmaqla, ondan tutulan pul məbləği ümumilikdə 9227,94 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi qismən, 781,31 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh tutulmasının rədd olunması hissəsində ləğv edilsin. Qətnamənin ləğv olunan hissəsində iddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə 781.31(yeddi yüz səksən bir dollar otuz bir sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz kimi tutulmaqla, ondan tutulan pul məbləği ümumilikdə 9227,94 (doqquz min iki yüz iyirmi yeddi dollar, doxsan yeddi sent) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10729/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10729/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver