Məhkəmə qərarları › İş №2(103)-1073/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1073/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1073/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülkiş iş üzrə Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 2(008)- 5102/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun şəxsi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 24 nömrəli binanın 42-ci mənzilindən təxirə salınmadan çıxarılması, cavabdehin qanunsuz olaraq mənzilindən istifadə etməsi nəticəsində ödədiyi 23400 manat məbləğində kirayə haqqının, 50000 manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 mənzil 42 ünvanında yerləşən mənzili 2013-cü ildə alqı-satqı müqaviləsinə əsasən almışdır. Daha sonra həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış ******* nömrəli çıxarışla adına rəsmiləşdirilmişdir. Lakin o həmin mənzili aldığı gündən bugünkü günə kimi orada yaşaya bilməmişdir. Çünki Cavabdeh onun mülkiyyətində olan mənzili qanunsuz olaraq zəbt etmişdir. Hər dəfə o ondan evdən çıxmağı tələb etdikdə o, şəhid ailəsi olmasını və həmin mənzilin ona rayonun rəhbərliyi tərəfindən verildiyini yalan və əsassız olaraq iddia etmişdir. Qeyd edir ki, cavabdeh özü rəsmi olaraq ünvan 2 mənzil 88 ünvanında qeydiyyatdadır. Dəfələrlə o ona evindən çıxmalı olmasını və qanunun tələbini izah etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu müddət ərzində o məcbur qalıb ailəsi ilə birlikdə kirayələrdə yaşamışdır. Cavadehin qanunsuz olaraq mülkiyyətində olan evindən istifadə etməsi nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, kirayədə qalmağı ilə əlaqədar olaraq ona 23.400 manat maddi, keçirdiyi stres və gərginliklərlə əlaqədar isə 50.000 manat mənəvi ziyan dəymişdir. Ona görə də hesab edir ki, cavabdeh onun mənzilindən çıxarılmalı və vurulmuş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Sabunçu Rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 24 saylı evin 42 saylı mənzildən çıxarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Qətnamədən həmçinin Cavabdeh da apellyasiya şikayəti verərək onun dəyişdirilməsi, İddiaçı oglundan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 24 nömrəli binanın 42-ci mənzilinin təmirinə xərclədiyi 20.000 manat maddi ziyanın və 100.000 manat mənəvi ziyanın alınıb ona verildikdən sonra onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinə lazımi münasibət bildirməmiş, məhkəmə tikinti-texniki eskpertizası təyin edərək onun mənzilin təmirinə xərclədiyi vəsaitini müəyyənləşdirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddiaçının apelyasiya şikayətinin təmin olunmaması, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 24 saylı evin 42 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XT-Mənzil-Kommunal Təsərrüfatı Birliyi 147 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən vəkil Ceyhun Yusifovun verdiyi sorğuya xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki 24 saylı evin 42 saylı mənzilində hal-hazırda Cavabdeh yaşayır. İşdə olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1 müavini tərəfindən vəkilin verdiyi sorğuya xx.xx.2019-cu il tarixli, 1/1073 saylı cavab məktubunda göstərilir ki, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki 24 saylı evin 42 saylı mənzilinə şəhid ailəsi, məcburi köçkün və ya dövlət qayğısına möhtac hər hansı şəxs yerləşdirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin mübahisəsi gedən mənzil üzərində hər hansı hüquqa sahib olduğu müəyyən edilməmişdir; belə olan halda isə onun, iddiaçıyamülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq qismən təmin etmişdir. İddiaçının “maddi və mənəvi zərər tələbi”nə dair kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyüiddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəydiyini sübuta yetirə bilməmişdir. Belə ki, bir neçə il kirayə mənzildə yaşadığını bildirsə də, məhkəməyə kirayə müqaviləsini və ya onun kirayədə qalmasını, həmçinin hansı məbləğdə ziyana dəydiyini sübut edə biləcək heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mənəvi ziyan tələbi üzrə gəlmiş olduğu nəticə ilə də razılaşır və bununla bağlı hər hansı əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin iddianın araşdırılmasını zəruri edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından Cavabdeh qarşılıqlı iddia ərizəsi məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə icraata götürülməmiş və həmin qərardad cavabdeh tərəfindən mübahisələndirməmişdir. Kollegiya, həmçinin, qeyd edir ki, Cavabdeh İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, 1 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin ləğvi və reysterdən çıxarışın ləğv edilməsi” tələbi dair iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1958/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə mabahisələndirilmədiyindən qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi, hazırda yoxlanılan qətnamənin aid olduğu iş baxımından preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 2(008)-5102/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar