Məhkəmə qərarları › İş №2(103)-10733/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10733/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10733/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 999,87 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 213,59 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdeh illik 30 faiz dərəcəsi ilə, 60 ay müddətinə hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan 1.000 manat məbləğində borc almışdır. Cavabdeh, müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunun ödəməmişdir. Bunun nəticəsində cavabdehin, iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu yaranmışdır. Bank qeyd edilən borcun ödənilməsini məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq göndərsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 999,87 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 213,59 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi qətnamə qəbul edən zaman “COVİD-19” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilmiş karantin rejiminin (tədbirlərinin) mövcudluğunu, habelə iddiaçı Bankın cavabdehdən tutulmasını tələb etdiyi borc məbləğinin düzgün hesablanmamasını nəzərə almamışdır. Bundan başqa, Rayon Məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mövcud bu mülki mübahisənin mediasiya qaydasında həll olunmasında maraqlı olmamışdır. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı Bank işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, iş üzrə cavabdeh bu müqaviləyə əsasən illik 30 faiz dərəcəsi ilə, 60 ay müddətinə Bankdan 1.000 manat məbləğində borc almışdır. Müqavilədən görünür ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti hissə-hissə, aybaay qaytaracaq. İşin hallarından görünür və cavabdeh tərəfindən mübahisələndirilmir ki, cavabdeh, müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunun ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin iddiaçı Banka 999,87 manat məbləğində əsas kredit borcu və 213,59 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu mövcuddur. İşdə olan sənədlərdən görünür ki, Bank, borcun ödənilməsini cavabdehdən tələb etmiş, lakin borc ödənilməmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddianın məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə borcun olmadığını iddia etmir. Cavabdeh bildirir ki, o, “COVİD-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilmiş karantin tədbirləri ilə bağlı borcu ödəyə bilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsində” ölkədə hər hansı virusunun yayılmasının qarşısının alınması ilə bağlı karantin tədbirlərinin həyata keçirilməsi “fors major” halı kimi qiymətləndirilməsi və nəzərə alınması şərti nəzərdə tutulmamışdır. Belə olan halda bu kimi halın baş verməsi cavabdehin bir borclu kimi kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir və o, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətinin digər bir dəlili borcun məbləği ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, iddia ərizəsi ilə ondan Bankın xeyrinə tutulması tələb olunan borcun məbləği düzgün hesablanmamışdır. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənilməsinə dair sübutları (qəbzləri) təqdim etməmişdir. Bundan başqa, cavabdeh ümumiyyətlə borcun məbləğinin səhv hesablandığını bildirsə də, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi işin mediasiya yolu ilə həllini təklif etməmiş, mübahisənin barışıq yolu ilə həllinə maraq göstərməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir və qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən (ilkin mediasiya sessiyasında iştirak edilməməsi və ya ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) arayışı və ya (mediasiya prosesinə xitam verilməsi barədə) protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Göründüyü kimi, hazırki mülki işin icraatının başlanılmasına əsas olmuş bu iddia yuxarıda qeyd edilən kateqoriyadan olan işlərə aid deyil. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar