Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1074/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" KB ASC) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" KB ASC ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə xx.xx.2022-ci il tarixli 5274Sstb2b/22 saylı “kredit xətti müqaviləsi” bağlanılmış və illik 26 faiz hesablanması şərti ilə 35 ay müddətinə 1400 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Bankın təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə qeyd edilən müqavilə üzrə 1400 manat məbləğində əsas, 234,78 manat faiz, cəmi 1699,68 manat məbləğində kredit borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1400 manat əsas, 234.78 manat faiz, 64.9 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1699.68 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 37 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğlərdə borcu yaranmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin olunmuş, cavabdehdən kredit borcuna görə 1400 manat əsas, 179.70 manat faiz, 36.95 manat cərimə borcu olmaqla, cəmi 1616.65 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 37 manat dövlət rüsumunun 36.16 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə əsas, 179.70 manat faiz və 36.95 manat cərimə borcunun cavabdehdən tutulması qənaətinə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 465-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmayaraq maddi və prosesual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə işin faktiki hallarını ətraflı araşdırmamış və sübutları düzgün qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı.
16. AR Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Eyni zamanda Qərarın 3-cü bəndinə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə əsasında müəyyən olunmuş ödənişi ödəmək öhdəliyini üzərinə götürmüş, lakin bunu etməmişdir. Bu hal iş materialları ilə sübut olunur. Beləliklə, iddiaçı haqlı olaraq müqavilə üzrə yaranmış borcu pretenziyanın göndərildiyi tarixə cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi də mülki işə dair sübutlara düzgün qiymət verərək iddia tələbini qismən təmin etmişdir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh işə baxan məhkəməyə iddiaçıya müqavilə üzrə daha az borcu olmasına dair hər hansı sübut təqdim etməmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
23. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.